• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Qəbələ” bəyanat yaydı

  • İdman
  • 22 Aprel 2015 12:40
  • 295 Baxış
“Qəbələ” bəyanat yaydı

"Qəbələ" klubu Premyer Liqanın 30-cu turunda "Neftçi" (1:3) ilə keçirdikləri matç haqda bəyanat yayıb. Bəyanatda Denis Silva Kruzun Ürfan Abbasova bilərəkdən ayaq zərbəsi endirməsi vurğulanıb.

Publika.az həmin bəyanatı təqdim edir:

“Ölkə çempionatının 30-cu turunda keçirilən “Neftçi” – “Qəbələ” qarşılaşmasının 61-ci dəqiqəsində “Neftçi” klubunun 3 nömrəli futbolçusu Denis Silva Kruz komandamızın oyunçusu Ürfan Abbasova bilərəkdən ayaq zərbəsi endirdi. Oyunun yan xətt hakimi Vaqif Musayevin gözü qarşısında (!) baş vermiş hadisəyə AFFA İntizam Komitəsi də eyni reaksiyanı verdi. İkili standartlarla çalışmağa alışmış komitənin hadisəyə eyni şəkildə yanaşacağı əslində gözlənilən idi. Klublar Komitəsinin sonuncu iclasında iştirak etmiş İntizam Komitəsinin nümayəndəsi əksər klubların fikrinə qarşı çıxaraq, təmsil etdiyi komitənin şəffaf və ədalətli qərarlar çıxardığını, bütün klublara eyni yanaşdığını bildirsə də, nə həmin toplantı zamanı, nə toplantı sonrası iştirakçıların komitənin işi haqda fikirləri dəyişmədi. Toplantıdan sonrakı dönəmdə Karlos Kardozo məsələsinə münasibət bildirməyən, eyni zamanda yuxarıda qeyd olunan epizodu iclasın gündəliyinə daxil etməyən, tam heyəti futbol ictimaiyyətinə hələ də bəlli olmayan İntizam Komitəsinin çıxardığı qərarların ədalətli olmasına inanmırıq, ikili standartlarla çalışdığını iddia edirik. 21 dekabr 2014-cü il tarixində ölkə çempionatı çərçivəsində keçirilən “Qəbələ” – “İnter” qarşılaşmasından sonra həmin dönəmdə klubumuzda çıxış edən Kamran Ağayevin oyundan sonra məhz İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılması klubumuz tərəfindən heç bir etiraz olmadan qarşılandı. Lakin, baş verən son hadisələr İntizam Komitəsinin sağlam rəqabət prinsiplərinə əməl etmədiyini bir daha nümayiş etdirir. Təbii ki, İntizam Komitəsi öyrəşdiyimiz şəkildə günahı epizodla bağlı heç bir qeyd aparmayan hakim-inspektorun üzərinə atacaqsa, bu, heç də İntizam Komitəsinin günahsızlığını deyil, hakim-inspektorun da işinə məsuliyyətsiz yanaşdığını göstərir.

“Qəbələ” İK olaraq, bəyan edirik ki, müraciətimizlə heç bir kluba və ya futbolçuya qarşı çıxış etmirik, bununla belə, ölkə futbolunda sağlam rəqabətin qarşısını alan hər hansı komitə və ya komitələrə, onların çıxardığı ədalətsiz qərarlara etirazımızı bildirəcəyik, onlara qarşı sona qədər mübarizə aparacağıq. Mövsüm ərzində komandamızın həm lehinə, həm əleyhinə verilən səhv hakim qərarları olmuşdur ki, bu məsələləri heç vaxt ictimaiyyətin gündəminə çıxarmırıq və ümid edirik ki, bu, davranışımız sona qədər davam edəcək. Anlayışla qarşılayırıq ki, hakim oyun ərzində səhvə yol verə bilər və təbii ki, hakimlə bağlı tədbir aiddiyati qurum tərəfindən görüləcək. Lakin hadisəyə bir və ya bir neçə gün sonra videotəkrarlarla münasibət bildirən və oxşar epizodlara fərqli qərarlar çıxaran komitənin üzvləri şübhəsiz futbolumuzda neqativ halların yaşanmasına şərait yaradırlar. Denis Silva Kruzun qeyd etdiyimiz hərəkəti mütləq şəkildə İntizam Komitəsinin gündəliyinə salınmalı olsa da, bu baş vermədi. Bundan sonra hər hansı klubun futbolçusu eyni hərəkəti təkrarlayarsa, İntizam Komitəsinin məsələyə münasibət bildirməsi artıq imkansızdır, yersizdir, çünki, komitənin üzvləri üçün “meydançada rəqibə bilərəkdən zərbə endirmək” iclasın gündəliyinə salınması üçün yetərli deyil.

Çıxardığı qərarlarla futbolumuzun inkişafının qarşısını alan, sağlam rəqabəti pozan insanları, komitələri ədalətli olmağa çağırır, bu kimi məsələlərlə bir daha ölkə futbolunda gündəmdə olmayacağımıza ümid edirik”.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR