Bu gecə uzun olacaq...
Bizi izləyin

İdman

Bu gecə uzun olacaq...

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, ilk oyunda Kiyevdə 1:1 bərabərə qalan "Fiorentina" və "Dinamo" (Kiyev) bu dəfə "Artemio Franki"də münasibətlərinə aydınlıq gətirəcəklər. Birinci matçın son dəqiqələrində bərabərlik qolunu vuran "Bənövşəyilər" yarımfinala daha yaxın görünür.

Ukraynalıların yerli çempionatda işləri qaydasında gedir. Belə ki, Kiyev təmsilçisi çempionatın finişinə 6 tur qalmış əzəli rəqibi "Şaxtyor"u 5 xal qabaqlayaraq birinci pillədə qərarlaşıb. "Fiorentina" isə A seriyasında Çempionlar Liqasına vəsiqə verən ilk 3 pillədən bir xeyli geri qalır. Çempionatda son iki oyunu uduzan Florensiya təmsilçisi gələn mövsüm Avropa Liqasından da kənarda qala bilər.

İlk oyunda evdə "Napoli"yə uduzan "Volfsburq" Avropa Liqasında qapını bərk çırpmağa çalışacaq. Belə ki, "Canavarlar"ın Neapolda ilk oyundakı 1:4-lük məğlubiyyətin əvəzini çıxacağı inandırıcı görünmür. Avropa Liqasında yarımfinaldakı rəqibini gözləyən "Napoli"nin baş məşqçisi Rafael Benites isə bir müddət rahat nəfəs ala bilər. Belə ki, İtaliya A seriyasında ilk üçlükdən aralı düşərək rəhbərliyi qəzəbləndirən Benites, postunu qorumaq üçün Avropa Liqasının kubokunu Neapola aparmalı olduğunu yaxşı başa düşür.

Son illərdə sözügedən kuboku öz muzeylərinə aparmağı bacaran "Sevilya" və "Zenit" eyni uğuru cari mövsümdə də təkrarlamağa çalışır. İlk oyunda evdə 2:1-lik qələbə qazanan ispanların cüzi üstünlüyü olsa da, səfər qolu və doğma meydan amili piterliləri ümidləndirir. Rusiya Premyer Liqasında 8 xallıq fərqlə birinci pillədə qərarlaşan "Zenit" rahat olduğundan, Avropa Liqasında ispanlara qarşı bütün gücünü sərf edə biləcək. "Sevilya" isə La Liqada bitimə 6 tur qalmış Çempionlar Liqasına vəsiqə verən 4-cü yer uğrunda "Valensiya" ilə gərgin mübarizə aparır. Hazırda "Ağ-qırmızılar" "Yarasalar"dan 2 xal geri qalır. "Sevilya" Sankt-Peterburqdakı oyuna itkisiz çıxacaq. "Zenit" isə Qaray və Ryazantsevin xidmətindən cəzaya, Fayzulinin xidmətindən isə zədəyə görə istifadə edə bilməyəcək.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "Dnepr" çoxunun gözləmədiyi halda 1/4 finala qədər irəliləməyi bacarıb. Ancaq ukraynalıların bundan da irəli getmək şansları var. Belə ki, "Göy-ağlar" ilk oyunda "Brügge" ilə səfərdə qolsuz bərabərliyə imza atdığından, yarımfinal şansları heç də az deyil. Bununla belə, "Dnepr"in evdə buraxacağı bir qol onların işini xeyli çətinləşdirəcək. Cari mövsümdə Avropa Liqasında məğlubiyyət üzü görməyən "Brügge" isə müsbət statistikanı davam etdirməklə yarımfinala vəsiqə qazanmağa çalışacaq. "Dnepr" ölkə çempionatında lider "Dinamo"dan 8 xal geri qalır. "Brügge" isə finişə 4 tur qalmış ən yaxın izləyiciləri - "Gent" və "Anderlext"i 4 xal qabaqlayır.

Avropa Liqası, 1/4 final, cavab oyunları

00:05 Fiorentina - Dinamo (Kiyev) (ilk oyun 1:1)

Stadion: "Artemio Franki".

Baş hakim: Yonas Eriksson (İsveç).

TV: İdman Azərbaycan, NTV+Sport plyus (Rusiya).

00:05 Napoli - Volfsburq (ilk oyun 4:1)

Stadion: "San Paolo".

Baş hakim: Cüneyt Çakır (Türkiyə).

TV: Az.TV, NTV+futbol 2 (Rusiya).

00:05 Dnepr - Brügge (ilk oyun 0:0)

Stadion: "Olimpiya".

Baş hakim: Alberto Malyenko (İspaniya).

TV: NTV+futbol 3 (Rusiya).

00:05 Zenit - Sevilya (ilk oyun 1:2)

Stadion: Sankt-Peterburq. "Petrovski" stadionu.

Baş hakim: Nikola Ritsoli (İtaliya).

TV: NTV (Rusiya), NTV (Türkiyə), NTV+futbol 1 (Rusiya).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm