• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Fələk də onlara mane ola bilməyəcək - Qalib gəlsələr

  • İdman
  • 24 Aprel 2015 13:23
  • 396 Baxış
Fələk də onlara mane ola bilməyəcək - Qalib gəlsələr

Azərbaycan Premyer Liqasında 31-ci turun oyunları da eyni gündə - aprelin 25-də keçiriləcək. Əslində kubokun yarımfinal görüşlərindən sonra Azərbaycan futbolunda əsas suala aydınlıq gəldi. Bu mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək bütün klublar de-fakto bəllidir. Təbii ki, bu amil çempionata olan-qalan marağı da azaltdı.

Publika.az 31-ci turun afişasını təqdim edir.

“Qarabağ” nəyə görə qalib gəlməlidir?

“Qarabağ”ın çempionluğu demək olar ki, təmin etdiyini nəzərə alsaq, bundan sonra yalnız gümüş və bürünc uğrunda mübarizə müəyyən maraq kəsb edə bilər. Ancaq “İnter”in durumu nə qədər qeyri-müəyyən olsa da, “Bankirlər”in gümüşü əldən verəcəyi inandırıcı deyil. Qalır bürünc uğrunda mübarizə ki, bunun üçün də “Qəbələ” və “Neftçi” “vuruşur”. Ötən tur elə bürünc mübarizəsində əsas rəqibdən - “Qəbələ”dən sarsıdıcı zərbə alan “Neftçi” bu dəfə “Qarabağ”ın şapalağına tuş gələ bilər.

Sözsüz ki, turun ən prinsipial qarşılaşması “Qarabağ” - “Neftçi” oyunudur. Bu qarşılaşma turnir cədvəli baxımından əhəmiyyətsiz olanda belə, prinsipiallığını qorumalıdır. “Neftçi” rəhbərliyi zaman-zaman “Qarabağ”ın uğurlarına kölgə salan açıqlamalar verib, “Köhlən atlar”ın qalibiyyətini həzm edə bilməyib. Elə buna görə də, “Qarabağ” bu oyunda mütləq qalib gəlməlidir. Qalib gəlməlidir ki, oyun planında “Neftçi”nin onunla rəqabət apara biləcək gücdə olmadığını sübut etsin. Üstəlik, bu oyunda qələbə qazanılsa, “Qarabağ”ın çempionluğuna fələk də mane ola bilməyəcək. “Neftçi” kubokun finalına adlasa da, “İnter”lə yarımfinalın cavab qarşılaşması komandada ciddi problemlərin olduğunu göstərdi. Xüsusən də “Neftçi”nin müdafiə xətti olduqca bərbad təsir bağışladı. “Qarabağ”ın hücum potensialı bu müdafiəni yarmaqda çətinlik çəkməməlidir.

Azərbaycan çempionatlarında ən çox qarşılaşan komandalar 60-cı dəfə görüşəcək. Yubiley oyunu öncəsi üstünlüyə malik “Qarabağ” qalib gəlsə, 20-ci qələbəsini qazanacaq. “Neftçi” son 7 qarşılaşmada rəqibini məğlub edə bilməyib.

Qarabağ – Neftçi: 59 oyun, 19 qələbə, 23 heç-heçə, 17 məğlubiyyət, top fərqi – 56:55.

Roman Qriqorçuk bunu unudubsa...

“Qəbələ” isə məhz bu qarşılaşmadan yararlanmalıdır. Roman Qriqorçukun yetirmələrini “Xəzər Lənkəran”la oyun gözləyir. İlk baxışdan “Qəbələ”nin işinin asan olacağını düşünmək olar. Amma yalnız ilk baxışdan...

Unutmayaq ki, qarşılaşma “Fırtınalar meydanı”nda baş tutacaq. Cənublu gənclərin Lənkəranda “Neftçi”nin başına hansı oyunu açdığını unutmusuz? Roman Qriqorçuk bunu unudubsa, “Qəbələ”ni yaxşı aqibət gözləmir. Ardıcıl 7 oyunda qazanılan qələbə futbolçuları arxayınlaşdırsa, “Xəzər Lənkəran”ın gəncləri “Qəbələ”yə də dərs keçəcək. Roman Qriqorçukun yetirmələri cənubdan xalla qayıtmaq istəyirsə, “Fırtınalar meydanı”nda bütün qüvvəsini qoymalıdır.

Əyalət klublarının son 5 oyununda “Xəzər Lənkəran” meydanı qolsuz tərk etməyib. “Qəbələ” ardıcıl 3 səfər oyununda qol vura bilməyib.

Xəzər Lənkəran – Qəbələ: 25 oyun, 13 qələbə, 6 heç-heçə, 6 məğlubiyyət, top fərqi – 36:23.

Onları oynamağa məcbur etmək üçün...

Kubokun yarımfinalında mübarizəni dayandıran “İnter” acığını AZAL-dan çıxa bilər. “Təyyarəçilər” çoxdan qəza vəziyyətinə düşərək, bütün iddialarını itirib. Amma “İnter”də də durum sabit deyil. Qeyri-sabit mühitdə isə futbolçuları oyuna kökləmək çox çətindir. Məşqçi yol üstündə, rəhbərlikdə qeyri-müəyyənlik, maliyyə problemi də bir tərəfdən. Belə durumda “İnter”in futbolçularını meydanda mübarizəyə sövq etmək ağırdır. Bir sözlə, eyni durumda olan iki komandanın qarşılaşması gözlənilir. “İnter”in də, AZAL-ın da futbolçularını oynamağa məcbur etmək üçün meydanın kənarında əli şallaqlı şəxslər də yerləşdirmək lazımdır. Bəlkə şallaq qorxusu onları hərəkətə gətirə bildi.

Ardıcıl 6 oyunda “İnter” məğlub olmayıb. AZAL son 7 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməyib.

İnter – AZAL: 25 oyun, 8 qələbə, 12 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 22:20.

Kimin motivasiya tapması daha asandır?

Turun ən mənasız oyunu Sumqayıtda keçiriləcək. Kubokun yarımfinalında mübarizəni dayandıran “Simurq”un Sumqayıta nəyə görə gəldiyini yəqin ki, heç klub rəhbərliyi də bilmir. Bəs nə vaxt qələbə qazandığı AFFA-nın baş katibi Elxan Məmmədovun da yadından çıxan “Sumqayıt” meydana hansı məqsədlə çıxacaq? Bəlkə autsayderin futbolçuları özlərini millinin baş məqşqçisi Prosineçkiyə göstərmək istəyirlər? Yox, Prosineçki milliyə futbolçuları meydanda sərgilənən oyuna görə dəvət etmir axı... Bütün hallarda, qələbə qazanmaq üçün “Sumqayıt”ın motivasiya tapması daha asandır, nəinki “Simurq”un. Baş katibin komandası psixoloji cəhətdən sınmış “Simurq”a qalib gəlməklə, uzunmüddətli lənətdən qurtula bilər. Qələbəsizlik lənətindən.

Son 4 matçda hər iki komanda qol sevinci yaşayıb. Zaqatala təmsilçisi bütün qarşılaşmalarda rəqib qapısına yol tapıb.

Sumqayıt – Simurq: 13 oyun, 1 qələbə, 2 heç-heçə, 10 məğlubiyyət, top fərqi – 9:22.

Azərbaycan Premyer Liqası, 31-ci tur

25 aprel

17:00 Xəzər Lənkəran - Qəbələ

Hakimlər: Rəhim Həsənov, Rahil Ramazanov, Nahid Əliyev, Munis Abdullayev.

Lənkəran. Şəhər stadionu.

17:00 Sumqayıt - Simurq

Hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə, Azər Əsgərov, Cavanşir Yusifov.

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov.

Bakı. "Kapital Bank Arena".

18:00 İnter - AZAL

Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Coşqun Həsənov, Etibar Həsənov.

Bakı. "İnter Arena".

19:00 Qarabağ - Neftçi

Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Elman Musayev.

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev.

Bakı. "Bakcell Arena".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR