Türkiyəli dünya və 3 qat Avropa çempionu: “I Avropa Oyunları çox böyük yarışdır, çünki...”
Bizi izləyin

İdman

Türkiyəli dünya və 3 qat Avropa çempionu: “I Avropa Oyunları çox böyük yarışdır, çünki...”

I Avropa Oyunlarını bütün Avropa ölkələri səbirsizliklə gözləyir. Qardaş Türkiyə ilk qitə oyunlarına 184 idmançı ilə qatılacaq. Bu idmançılardan 106-sı kişi, 78-i isə qadın idmançılardır. Bu qadın idmançılar arasında dünya və 3 qat Avropa çempionu taekvondoçu Asena Aydın da var. +67 kq çəki dərəcəsində çıxış edən xanım idmançı bundan əlavə bir çox beynəlxalq turnirlərin qalibi və mükafatçısı olub.

İndi onun hədəfi İlk Avropa Oyunlarında medal qazanmaqdır. Asena Aydın Publika.az-ın əməkdaşı ilə söhbətə özünü tanıtmaqla başladı. Daha sonra I Avropa Oyunları haqda ağızdolusu danışdı:

“İki böyük Mərmərə zəlzələsindən sonra...”

“1992-ci il fevralın 12-də Türkiyənin Düzce bölgəsində anadan olmuşam. İki böyük Mərmərə zəlzələsindən sonra Samsun şəhərinə köçdük. Elə idmana da 2002-ci ildə Samsunda başladım. 2005-ci ildə yenidən məkan dəyişdirib, Ankaraya köçdük. Hələ də burada yaşayıram. İdmanıma da qaldığım yerdən davam edirəm”.

- Taekvondoda diqqətinizi çəkən nə oldu ki, bu idmana gəldiniz?

- Uşaq vaxtı çox dəcəl idim. Bir yerdə dayanmırdım. Həmişə döyüş filmləri izləyərdim, oradakıların etdiklərini təkrarlamağa çalışardım. Atam da məni dəstəklədi və bu idmanı dərindən öyrənməyim üçün kluba yazdırdı.

- Ananız da sizi dəstəklədi?

- O, ilk əvvəllər narahat idi. Çünki ailəmizin taekvondo haqqında heç bir məlumatı yox idi. Amma bir müddət sonra bu idmanı sevdikcə ikisinin də ürəkdən dəstəyini hiss etdim.

“4 dəfə əməliyyat keçirmişəm”

- 3 dəfə Avropa, 1 dəfə də dünya çempionu olmusuz. Amma olimpiya zirvəsinə çatmamısız...

- İki il əvvəl ön çarpaz bağlarda yırtıq oldu və əməliyyat olundum. Sonra yenə eyni dizimdə problem yarandı, daha bir əməliyyat keçirməli oldum. Ümumilikdə eyni dizdən 4 dəfə əməliyyat keçirmişəm, hələ də davam edirəm.

- İndi vəziyyətiniz necədir?

- Yaxşıyam. Təbii ki, ağrılarım var. Amma idmana hələ də davam edirəm.

- Bilirsiz ki, Bakıda I Avropa Oyunları keçiriləcək. Siz də bu turnirə Türkiyədən qatılacaq idmançılar siyahısındasız. Bu turnir haqqında nə düşünürsüz?

- İlk dəfə təşkil edilir. Çox böyük yarışdır. Avropanın ən yaxşı idmançıları bu yarışa gələcək. Buna görə də çətin və rəqabətli turnir olacaq. Belə böyük turnirdə yarışmağı düşünmək belə həyəcanvericidir.

- Bəs siz bu mötəbər turnirdə mübarizə aparmağa hazırsızmı? Ya da tam olaraq nə vaxt hazır olarsız?

- Hazırda fiziki durumum yaxşıdır. Amma I Avropa Oyunlarında iştirak etməyim yeni dəqiqləşib. Həm psixoloji, həm də fiziki cəhətdən hazır olmalıyam. Düşünürəm ki, qalan 49 gün bunun üçün kifayət edəcək.

- Vaxt yaxınlaşdıqca həyəcan artır...

- Qarşıda dünya çempionatı var. Mayın 16-da döyüşəcəyəm. İndi fikirlərimi cəmləşdirməyə çalışıram. Bunu keçdikdən sonra təbii ki, hər addımımda ağlımda I Avropa Oyunları olacaq.

“Rəqiblərim arasında azərbaycanlı da var”

- I Avropa Oyunlarındakı rəqibləriniz barədə məlumatın var?

- Təbii ki. İllərdir tanıdığım idmançılardır. Bəziləri də dostlarımdır. Əlbəttə ki, aralarında əvvəlcə döyüşdüklərim də var. I Avropa Oyunları çəkisi olimpiya proqramında olduğu üçün bəzi idmançılar mənim çəkimdə, bəziləri isə məndən ağır çəkidə yarışacaq. Mənim çəkimdə bir azərbaycanlı idmançı da var - Marina Tedeeva.

- Marina Tadeevayla döyüşmüsən, ya da onun döyüşlərini izləmisən? Sizcə necə rəqibdir?

- Onunla heç qarşılaşmadıq. Bir neçə matçını izləmişəm. Təbii ki, yaxşı idmançıdır. Amma I Avropa Oyunlarında ondan başqa daha güclü rəqiblərim olacaq.

- Son olaraq belə bir sual verim. 2016-cı ildə Rio de Janeyrodakı Yay Olimpiya oyunlarına qatılmağı düşünürsüz?

- Təbii ki, çox istəyirəm. Amma hələ dəqiq deyil. Bizim komandamızda yaxşı idmançılar var. Hamımız bunu istəyirik. Bu ilin sonuna qədər qətiləşəcək. Ümid edirəm ki, mən də olimpiadaya qatılacaq idmançıların siyahısında olaram.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm