Bakı Su İdmanı Sarayı Avropa Oyunlarını gözləyir
Bizi izləyin

İdman

Bakı Su İdmanı Sarayı Avropa Oyunlarını gözləyir

Azərbaycan KİV-lərinin nümayəndələri aprelin 27-də Avropa Oyunları Parkının bir hissəsi olan Bakı Su İdmanı Sarayında olublar.

Publika.az xəbər verir ki, Avropa Oyunları Parkının Azərbaycanın “DDLar Group” tikinti şirkətindən olan top-meneceri Tom Butçer açılışı bu yaxınlarda olan idman qurğusunun Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verdiyini bildirib. Onun sahəsi 72 min kvadratmetr, uzunluğu 220, eni 150 və hündürlüyü 35 metrdir. Binanın istismar müddəti azı 50 ildir.

Dənizkənarı Milli Parkın yeni hissəsində yerləşən Bakı Su İdmanı Sarayında üç hovuz tikilib. Yerli və beynəlxalq səviyyəli müxtəlif su idmanı növləri üzrə yarışlar üçün nəzərdə tutulan əsas hovuzun uzunluğu 50, eni 25, dərinliyi 2,5 metrdir. Hovuz 3.200.000 litr su tutur. İkinci hovuz suya tullananlar üçündür. Burada 1, 3, 5, 7,5 və 10 metrdən tullanmalar üçün beşpilləli platforma qurulub. Bu hovuzun uzunluğu 20, eni 25, dərinliyi 5 metrdir. Sarayda məşqlər üçün üzgüçülük hovuzu da inşa edilib. Lazım gəldikdə bu hovuzu iki hissəyə ayırmaq mümkündür. Hovuzun hissələrindən birinin dibi dəyişə bilir ki, bu da istər böyüklərə, istərsə də uşaqlara məşq etmək imkanı verir. Həmin hovuzun uzunluğu 51,5, eni 25, dərinliyi 2 metrdir.

Burada yarışların gedişatını 6 mindən çox adam müşahidə edə bilər. Sarayda VİP və jurnalistlər üçün otaqlar, trenajor zalı, restoran var. Qeyd edək ki, əlillərin rahatlığını təmin etmək üçün xüsusi tamaşaçı yerləri nəzərdə tutulub.

T.Butçer onu da bildirib ki, yarışların televiziya ilə keyfiyyətli yayımını təmin etmək üçün sarayda müvafiq işıqlandırma sistemi yaradılıb.

Xatırladaq ki, Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayı Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, bu sahədə yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən inşa olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm