• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Əl Cəzirə”: “Hamımızın "Qarabağ"ı - FOTOLAR

  • İdman
  • 28 Aprel 2015 19:27
  • 532 Baxış
“Əl Cəzirə”: “Hamımızın "Qarabağ"ı - FOTOLAR

Qətərin məşhur "Əl Cəzirə" telekanalının türkcə internet portalında "Qarabağ" klubu haqda yazı dərc olunub. "Əl Cəzirə Türkiyə"nin idman redaktoru Barış Kuyucu Qarabağ və "Qarabağ" klubu haqqında yazı hazırlayıb.

Publika.az türk dilində olan yazının tərcüməsini təqdim edir:

“Bir çox futbolsevərlər onları ötən il Avropa Liqasının qrup mərhələsində İtaliya "İnter"inə qarşı oyundan sonra tanımağa başladı. Hansı ki, "Qarabağ"ın həmin matçda qaydalar çərçivəsində vurduğu qol hakim tərəfindən qeydə alınmadı və komanda ədalətsiz şəkildə Avroliqada mübarizəni dayandırdı. Ancaq "Qarabağ"ın hekayəsi daha əvvəllərə gedib çıxır. Bu, acılarla dolu, həm də uğurları ilə ilhamverici bir hekayədir.

"Qarabağ" təmsil etdiyi Ağdam şəhərinin işğal olunduğu 1993-cü ildə həm ölkə çempionluğunu, həm də kuboku qazandı. "Qaçqınlar" ləqəbli "Qarabağ" Azərbaycan çempionluğunu qazanan ilk bölgə klubu oldu. Ancaq Ağdam camaatı bunun sevincini belə yaşaya bilmədi. Çünki müharibə bütün xoşbəxtliyi onların əlindən almışdı.

Müharibə nəticəsində "Qarabağ"ın ev oyunlarını keçirdiyi “İmarət” stadionu tamamilə dağıldı. 55 illik klub şəhərsiz və stadionsuz qaldı. Yaşanan bütün çətinliklərə baxmayaraq, klub ölkə çempionatında bir dəfə də olsun çıxışını dayandırmadı.

2001-ci ildə "Azərsun Holdinq" "Qarabağ"ı himayəsinə götürdü. Bu sponsorluq "Qarabağ"ın taleyini dəyişdirdi. Klubun aşağı yaş qrupları yaradıldı və bu işlərə xeyli vəsait sərf olundu. "Qarabağ"a Azərbaycan cəmiyyətinin hissiyatını anlaya bilən insanlar dəvət olundu. Bu addımlardan ən önəmlisi Serpil Hamdi Tüzün kimi futbol adamının kluba gətirilməsi oldu. "Beşiktaş"ın aşağı yaş qruplarına rəhbərlik edərkən Mətin Təkin, Fəyyaz Uçar, Əli Gültikən və Sərgən Yalçın kimi saysız istedadları türk futboluna qazandıran Serpil Hamdi 2004-cü ildən etibarən "Qarabağ" üçün yeni futbolçular yetişdirməyə başladı.

Komandanın şansı onda gətirdi ki, kluba 1990-cı illərdə Azərbaycanda yaşayan ankaralı bir iş adamı Tahir Gözəl rəhbərlik etməyə başladı.

"Məqsədimiz çempionluqdan daha çox hər kəsin sevdiyi və azarkeşlik etdiyi bir klub olmaqdır" deyən T.Gözəl azərbaycanlıların Qarabağ acısını bu komandanın uğurları ilə qismən də olsa, unutdurmağa çalışdıqlarını hər zaman bəyan edir.

2008-ci ildə Azərbaycan millisinin bombardiri Qurban Qurbanov "Qarabağ"a baş məşqçi təyin olundu. Qurbanov ötən mövsüm komandaya 21 illik fasilədən sonra ikinci çempionluğu yaşatdı. Cari mövsüm isə komanda üçüncü çempionluğa çox yaxındır.

Ötən həftə Azərbaycan derbisində əzəli rəqibi "Neftçi"ni 3:2 hesabı ilə məğlub edən Ağdam klubu liderliyini möhkəmləndirdi. Həmin matçı Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə birgə izləmək şansı qazandım. Xorvatiyalı mütəxəssis də dedi ki, "Qarabağ" Azərbaycan çempionatı səviyyəsindən daha üstün futbol oynayır. Bir vaxtlar "Real" və "Barselona"nın şərəfini qorumuş Prosineçki bildirdi: "Qarabağ"dakı kollektiv oyun Azərbaycanda heç bir komandada yoxdur. Ölkə futbolunun səviyyəsini yüksəldirlər, milli komandaya oyunçular yetişdirirlər. Bu uğurları qiymətləndirməmək olmaz".

Artıq 22 ildir bütün oyunlarını yad stadionlarda oynayan köklü klubun bu çətinliklərinə yaxın vaxtlarda son qoyulacaq. "Azərsun Holdinq"in "Qarabağ" üçün inşa etdirdiyi yeni stadion iyun ayında hazır olacaq. Artıq Avropa standartlarına cavab verən baza komandanın xidmətindədir.

Bu komanda yaşadıqlarıyla, uğurlarıyla, prezidentiylə özünü sevdirir. Türkiyə Superliqasındakı gərginlikdən bezən futbolsevərlər artıq "Qarabağ"a da diqqət yetirə bilərlər. Mənim, sizin, hamımızın komandası olmağa layiq deyilmi, "Qarabağ"?

Xəbər lenti

DAHA ÇOX XƏBƏR