Futbol tarixində iz qoyan əkizlər
Bizi izləyin

İdman

Futbol tarixində iz qoyan əkizlər

Arveladze – bu soyad futbolsevərlərə yaxşı tanışdır. Bu soyad iki qardaşın sayəsində məşhurlaşıb – Şota və Arçil Arveladze əkiz qardaşları. Onlar Türkiyəyə gəldikləri gündən türklər tərəfindən çox sevildi. Ən çox da Şota...

Publika.az “II taym” layihəsi çərçivəsində bu dəfə Arveladze qardaşları haqqında məlumat verəcək.

Futbol karyeraları ərzində hər iki qardaş hücumçu mövqeyində çıxış edib. Arçil milli komandada 32 oyun keçirib və sadəcə 6 qol vurub. Şota isə millidə keçirdiyi 61 oyunda 26 dəfə rəqib qapısına yol tapıb. Şota Arveladze klub karyerası ərzində 456 dəfə yaşıl meydanlarda olub və 291 qola imza atıb. Arçil Şotaya nisbətən karyerasını tez başa vurub və çıxdığı 202 qarşılaşmada 98 qolla kifayətlənib. Türkiyədə oynadıqları müddətdə onlara “möhtəşəm əkizlər” ləqəbi verilmişdi. Hətta Türkiyə mətbuatı “Trabzonspor” azarkeşlərinin dili ilə əkizlər haqda “bitməyən sevda” başlıqlı yazı da hazırlayıb.

Böyük qardaşın əkizlərə təsiri

1973-cü ildə fevralın 22-də Tiflis şəhərində anadan olan Arveladzelər futbolda ilk addımlarını öz ölkələrində atıblar. Onların futbola gəlişində böyük qardaş Revazın təsiri olub. Çünki ailənin böyük övladı da futbolçu idi.

Şota peşəkar futbola 17 yaşındaykən “Martve” klubuna transfer olunmaqla başlayır. 1990-cı ildə müqavilə imzaladığı klubda 30 oyuna çıxır və 33 qol vurur. Daha sonra Tiflisin digər bir klubu – “İberiya” Şota ilə müqavilə bağlayır (1990-1991). O, “İberiya”da 37 oyun keçirir və 27 dəfə rəqib qapılarına yol tapır.

Arçil də futbola “Avaza”, “Martve”, “İberiya” klubları ilə başlayır. Hər iki qardaşın bacarığına heyran qalan Gürcüstanın tanınmış klubu “Dinamo”(Tiflis) onlarla müqavilə bağlamaq qərarına gəlir. Şota bu klubda 23 oyunda 18 qol, Arçil isə 38 matçda 32 qol vurur. Hər iki qardaş göstərdiyi oyunla həm azarkeşləri coşdurur, həm də digər klubların diqqətini çəkir.

Əkizlərin Türkiyədəki populyarlığı...

Ölkədən kənarda futbol oynamağı qarşılarına məqsəd qoyan qardaşlar icarə qaydasında olsa belə, “Trabzonspor” klubundan gələn təklifi qəbul edirlər. Çünki qardaşların “Dinamo” klubu ilə müqaviləsi hələ bitməmişdi.

1993-1994-cü ildə Sadri Şenerin sayəsində Türkiyə klubunda icarə əsasında oynayan qardaşlar adlarından söz etdirməyi bacarır. Arveladze soyadı hər kəs tərəfindən tanınır və sevilməyə başlayır. Bunu görən rəhbərlik əkizlərlə yeni müqavilə bağlamaq qərarına gəlir. “Trabzonspor” klubu qardaşlarla 1994-1997-cü illər üçün müqavilə bağlayır. Şota 78 oyunda 46 qolla yadda qalır. "Trabzonspor" tərəfdarları Şotanı komandanın tarixində ən yaxşı əcnəbi futbolçu kimi göstərirlər. Arçil isə bu klubda Şotadan az oynayır – 31 oyun və sadəcə 9 qol...

Qardaşların yolları ayrılır

Trabzon macərasından sonra qardaşlara - ən çox da Şotaya gələn təkliflər artır. “Trabzonspor”dan sonra Hollandiya karyerası başlayır. Şota 1997-ci ildə "Ayaks"a, Arçil isə “Breda”ya transfer olunur. Bu dəfə onlar komanda yoldaşı yox, bir-birinə rəqib olur. "Ayaks"da da özünü sübut edən Şota 4 mövsüm ərzində 96 matçda meydana çıxır və 55 qol vurur. Daha sonra 2001-ci ildə Şotlandiya nəhəngi "Reyncers"ə transfer olunur. Burada da "Ayaks"da olduğu kimi 4 mövsüm forma geyir. Şotlandiya klubunda 95 matçda 44 qola imza atır.

Şota 2005-ci ildə karyerasının son parlaq dövrünü "Alkmaar"da keçirir. O, bu klubda 2005/06 mövsümündə aktivinə 22 qol, növbəti mövsüm isə 14 qol yazdırır. Ümumilikdə 60 oyunda 36 qola imza atır. Bundan sonra isə “Levante”yə keçir. 2006-2007-ci illərdə bu klubda sadəcə 4 oyun keçirir, amma qolsuz...

Şota 2008-ci il iyunun 3-də Tiflisdə “Boris Payçadze” stadionunda Gürcüstan milli komandası və onunla birlikdə çiyin-çiyinə mübarizə apardığı futbolçu yoldaşlarından ibarət qarışıq komanda ilə etdiyi yubiley matçına çıxır. Bundan sonra yaşıl meydanlara vida edir.

Arçil qardaşı Şotadan 3 il öncə futbolu tərk edir. Arçil “Breda”dan sonra 2000-2003-cü illər ərzində Almaniyada - “Köln” klubunda oynayır. Burada 29 matçda 7 qol vura bilir. Yenidən ölkəsinə qayıdan Arçil keçmiş komandası Tiflis “Dinamo”su ilə 2003-2004-cü illər üçün müqavilə bağlayır. Lakin bəzi səbəblər üzündən Arçil yaşıl meydanlara həsrət qalır. 2004-2005-ci ildə “Lokomotiv” (Tiflis) klubuna keçir. Lakin burada da meydanlardan uzaq qalır. Bundan sonra o, karyerasını bitirmək qərarına gəlir.

Hər kəsi şoka salan məşqçi – Şota Arveladze...

Qardaşlar futbolçu kimi karyeralarını başa vurduqdan sonra məşqçi fəaliyyətinə başladılar. Şotanın klubda ilk və son məşqçiliyi Türkiyənin “Kasımpaşa” klubu olub. (2012-ci il oktyabr-2015-ci il mart)

Onun göstərdiyi oyunlarla yanaşı, futbol mədəniyyəti də həmişə diqqət çəkib. O, hər zaman “Heç kimin meydanda haqsızlıq, tərbiyəsizlik etmək haqqı yoxdur” sözlərini işlədib. Bu mədəniyyətini məşqçi olduğu zaman da sübut edib. Belə ki, cari mövsümün birinci dövrəsində Superliqada "Konyaspor"un qonağı olan "Kasımpaşa" Donkun vurduğu haqsız qolla hesabda önə keçir. Konyalı futbolçuların zədələnən kasımpaşalı futbolçuya görə oyunu dayandırdıqları halda Donk oyuna davam edib və topu irəli çıxmış qapıçının başı üzərindən tora göndərib. "Konyaspor" oyunçuları "ədalətli oyun" prinsipinin pozulması səbəbindən buna etiraz ediblər. Şota Arveladze isə yetirmələrinə bilə-bilə qol buraxmağı tapşırıb. Onlar belə də ediblər. Meydanın mərkəzindən topu götürən "Konyaspor" hücumçusu heç bir müqavimətlə üzləşmədən "Kasımpaşa"nın qapısına doğru irəliləyib və topu qapı xəttindən keçirdikdən sonra özüylə mərkəzə gətirib və beləliklə, hesab 1:1 olub. Həmin oyun “Konyaspor”un 2:1-lik qələbəsi ilə başa çatıb.

Oyundan sonra Şota Arveladze istefa verib. Türkiyənin idman yazarları, eləcə də Uğur Dündar kimi məşhur siyasət yazarı Şota Arveladzenin bu hərəkətini nümunəvi jest kimi qiymətləndiriblər. Şota da bununla yetinməyib, hər kəsdən üzr də istəyib.

Bundan əlavə qardaşlar yardımsevərliyi ilə də tanınır. Onların Arveladze adlı yardım fondu da var. Şota hazırda Türkiyədə yaşayır. O, hər zaman “Türkiyə yaşamaq üçün ən gözəl ölkədir” ifadəsini işlədib və buna da əməl edib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm