Yarımfinal başlayır – “Yuventus” “Real”la üz-üzə
Bizi izləyin

İdman

Yarımfinal başlayır – “Yuventus” “Real”la üz-üzə

Çempionlar Liqasında yarımfinal həyəcanı başlayır. Turində baş tutacaq ilk qarşılaşmada 12 ildən sonra ilk dəfə qitənin ən nüfuzlu klub turnirində bu qədər uzağa gedən “Qoca sinyora” titulun hazırki sahibi “Real”ı qəbul edəcək.

23:45 Yuventus (İtaliya) – Real (İspaniya)

Stadion: “Yuventus Stedium”

Baş hakim: Martin Atkinson

TV: İdman Azərbaycan, NTV (Türkiyə), NTV+futbol

Aralarındakı oyun: +8=1-8, top fərqi – 20:17.

Zədəlilər: Kaseres, Marrone (şübhəli), Poqba (şübhəli) - Modriç, Benzema.

İstər razılaşın, istər razılaşmayın, bu il ÇL-in yarımfinalçıları arasında seçim etmək olduqca çətindir. Başdan-başa heyəti ulduzlarla dolu olan dörd komandadan hansının kuboku qazanacağını təxmin etmək olmur. “Barselona”nın hazırda formada olduğunu, Messi-Neymar-Suares triosunun qarşısıalınmaz olduğunu deyənləri başa düşmək olar. Amma unutmayın, bir tərəfdə 12 illik həsrətdən sonra Avropanın baş mükafatına yaxın olan və bir də nə vaxt bu şansı qazanacağını bilməyən “Yuventus”, bir tərəfdə kuboku özündə saxlayıb ÇL-in tarixinə düşməyə bu qədər yaxınlaşan “Real”, bir tərəfdə isə özünü sübut etməyə çalışan “Bavariya” və baş məşqçisi Pep Qvardiola var. Hələlik “Yuventus” – “Real” matçından danışaq.

Yarımfinal mərhələsinin püşkü atılarkən futbol ictimaiyyəti turinliləri hər üç komanda üçün ən asan rəqib hesab edirdi. Yekunda bu “xoşbəxtlik” (bunun nə dərəcədə uyğun ifadə olduğunu bu axşam görə bilərik) “Real”a nəsib oldu. Bəs “Qoca sinyora” həqiqətənmi “Bavariya” və ya “Barselona”dan daha asan rəqibdir? Biz buna inanmırıq.

Əvvəla düşərgələrdəki vəziyyətə nəzər salaq. “Yuve” ötən həftəsonu İtaliyada ardıcıl 4-cü çempionluğunu rəsmiləşdirdi. Əslində A seriyasının ilk turlarından sonra buna çoxları şübhə etmirdi. Hərçənd yayda baş məşqçi postunda baş verən dəyişiklik turinli azarkeşləri xeyli həyəcanlandırmışdı. Antonio Kontenin yerinə Massimiliano Alleqrinin gətirilməsini fiasko kimi qələmə verənlər də vardı. Amma qısa müddətdən sonra məlum oldu ki, vəziyyət o qədər də faciəvi deyil. Alleqrinin rəhbərliyi altında “Qoca sinyora” nəinki A seriyasında, hətta ÇL-də də gördüyümüz kimi uğurlu çıxış etdi və yarımfinala qaldı. Sizcə bu qədər təsadüf ola bilər?

“Yuve”dən fərqli olaraq, “Real”ın işi bir az çətin olacaq. Madridlilər hazırda iki cəbhədə mübarizənin həlledici mərhələsinə qədəm qoyur. Ani səhv mövsüm ərzindəki bütün əziyyəti yerə vura bilər. La Liqanın son turunda “Sevilya” üzərində qələbə (3:2) razılaşın ki, asan başa gəlmədi. Turində də “Kral klubu”nun xoşbəxtliyi hücumda axtaracağını düşünmək olar. Müdafiədən oynamağı yaxşı bacaran “Yuventus” isə əks hücumlara bel bağlayacaq.

Bu rəqiblər ötən mövsüm də Çempionlar Liqasının qrup mərhələsində üz-üzə gəlmişdi. Turindəki ilk matç 2:2 hesabıyla nəticələndiyi halda, “Real” səfərdə 2:1 hesablı qələbə sayəsində pley-offa yüksəlmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm