• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Hərəkət edən hovuzlar, 50 il istismar müddəti – Su İdman Sarayından FOTOREPORTAJ

  • İdman
  • 6 May 2015 14:00
  • 2 453 Baxış
Hərəkət edən hovuzlar, 50 il istismar müddəti – Su İdman Sarayından FOTOREPORTAJ

Avropa Oyunları üçün hazırlanan idman obyektlərindən biri də Bakı Su İdmanı Sarayıdır. Diqqətinizə çatdıraq ki, Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, bu sahədə yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə Prezident İlham Əliyev 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb. 2013-cü il aprelin 19-da isə dövlət başçısının iştirakı ilə bu möhtəşəm idman sarayının təməli qoyulub.

Qurğunun dizayn və arxitekturası Koreya və İspaniya şirkətləri tərəfindən işlənilib. Uzunluğu 220 metr, eni isə 150 metr olan binanın hündürlüyü 35 metrdir.

Qurğunun 2-ci və 3-cü mərtəbəsində tribunalar quraşdırılıb. Sarayda VİP və jurnalistlər üçün otaqlar, trenajor zalı, restoran var. Əlillərin rahatlığını təmin etmək üçün xüsusi tamaşaçı yerləri nəzərdə tutulub.

Avropa Oyunları üçün daha bir saray

Bakı Su İdmanı Sarayı Avropa oyunlarına tam hazırdır. Həm İlk Avropa Oyunları təşkilatçılığı, həm də idman obyektlərinin möhtəşəmliyi ilə Azərbaycan digər ölkələrin də yaddaşında iz buraxacaq.

Sarayda görülən işlərlə yaxından tanış olmaq üçün həmin kompleksə yollandıq. Sözün əsl mənasında orada görülən işlər və müasir tələblərə cavab verən avadanlıqlar diqqətləri cəlb edirdi. Hərəkətli hovuz da Saraydakı özəlliklərdən biri idi.

Bakı Su idmanı Sarayında məşqlər üçün tikilmiş üzgüçülük hovuzunu iki hissəyə ayırmaq mümkündür. Hətta hovuzun dibi də hərəkət etdirilir. Yəni dərinlik səviyyəsi dəyişə bilir. Bundan başqa atletlərə yarışa çıxmağa bir az qalmış isinmə hərəkətlərini etmək üçün də zal yaradılıb. Bu zalda kameralar da quraşdırılıb. Məşqçilər yetirmələrini kamera vasitəsilə izləyə və nədə səhv etdiyini, qüsurlu hərəkətlərini aydınlaşdıra bilərlər.

“I Avropa Oyunları ilə fəxr edilməlidir”

Bizi bütün proseslərlə Avropa Oyunları Parkının Azərbaycanın “DDLar Group” tikinti şirkətindən olan baş-meneceri Tom Butçer tanış etdi. O, Su İdman Sarayını gəzib məlumat almağımızda yardımçı oldu. Sarayı gəzərkən bizimlə həmsöhbət olan T.Butçer Bakı Su İdmanı Sarayının Azərbaycan xalqı üçün tikildiyini də vurğuladı:

“Bakı Su İdmanı Sarayı dövlətin Azərbaycan xalqı üçün tikdiyi mərkəzdir. Bu cür arenaların tikilməsinə görə azərbaycanlılar I Avropa Oyunları ilə fəxr etməlidir. Konstruksiya işlərində xarici şirkətlərin potensialından və materiallarından istifadə olunsa da, yerli mütəxəssislərin gücünə arxalanmışıq və bundan sonra istənilən tikintilərdə yerli mütəxəssislərə güvənmək olar”.

T.Butçer qeyd etdi ki, artıq kifayət qədər təcrübə toplanıb, Oyunlardan sonrakı istənilən tikintidə başqalarına ehtiyac olmayacaq.

Saraydakı üç hovuz

Tom Butçer sözlərinə sarayda tikilmiş hovuzlarla bağlı geniş məlumat verməklə davam etdi:

“Bakı Su İdmanı Sarayında üç hovuz tikilib. Birinci mərtəbədəki hovuz məşq, ikinci mərtəbədəki üzgüçülük, üçüncü mərtəbədə yerləşən hovuz isə sinxron üzgüçülük üçün nəzərdə tutulub. İdman qurğusu Olimpiya standartlarına və Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir”.

“Dünyadakı ən yaxşı komplekslərdən biri”

“Ümumilikdə bu Saray dünyada ən yaxşı tikilmiş mərkəzlərdən biridir. Tikinti 3 ilə başa çatıb. Binanın istismar müddəti isə azı 50 ildir. Yerli və beynəlxalq səviyyəli müxtəlif su idmanı növləri üzrə yarışlar üçün nəzərdə tutulan əsas hovuzun uzunluğu 50, eni 25, dərinliyi 2,5 metrdir. Hovuz 3.200.000 litr su tutur. İkinci hovuz suya tullananlar üçündür. Burada 1, 3, 5, 7,5 və 10 metrdən tullanmalar üçün beşpilləli platforma qurulub. Bu hovuzun uzunluğu 20, eni 25, dərinliyi 5 metrdir. Bakı Su İdmanı Sarayında baş tutacaq yarışları 6 mindən çox adam müşahidə edə bilər. Bu da dünyadakı çox sayda insanın izləyə biləcəyi idman yarışlarından biri olacaq. Yarışların televiziya ilə keyfiyyətli yayımını təmin etmək üçün sarayda müvafiq işıqlandırma sistemi də quraşdırılıb”.

“Bura mənim doğma evim kimidir”

Sarayla bağlı məlumat verməkdən yorulmayan baş menecerə “Gördüyünüz işlərdən, deyəsən, çox zövq almısız?” sualı ilə müraciət etdim. O, cavabında sarayı doğma evi kimi gördüyünü dedi:

“Təbii ki, gördüyüm işdən zövq alıram. Bu kompleksə yeni doğulan övlad kimi baxıram desəm, yanılmaram. 3 ilə yaxındır kompleksin inşası ilə məşğulam, artıq bu məkan mənim üçün doğma evə çevrilib”.

Enerjiyə qənaət sistemi qurulub

T.Butçer hətta binada günəş enerjisini elektrik enerjisinə çevirən funksiyalı qurğuların da olduğunu dedi: “Bu Saray müasir texnologiyalar əsasında inşa olunub. Bu müasirlik isitmə və havalandırma sisteminə aiddir ki, burada enerjiyə qənaət sistemindən istifadə olunub. Binanın dam örtüyünün bir hissəsində “SKY LİGHT” xüsusi panorama şüşə panellərindən istifadə edilib. Bu şüşə panelləri eyni zamanda günəş enerjisini elektrik enerjisinə çevirmək funksiyasına malikdir. Əldə edilən elektrik enerjisi Sarayın bəzi sahələrinin enerji təminatına yönəldiləcək”.

Qeyd edək ki, Azərbaycan üçün simvolik idman arenası olacağı nəzərdə tutulur. Bu kompleks su idmanı növlərindən üçü - üzgüçülük, suya tullanma və sinxron üzgüçülük üzrə yarışlara ev sahibliyi edəcək.

Aygün İlqarqızı

FOTOLAR: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR