“Nou Kamp”da “B” əməliyyatı
Bizi izləyin

İdman

“Nou Kamp”da “B” əməliyyatı

Yarımfinal mərhələsinin püşkü atılandan sonra azarkeşlər arasında baş tutan, keçirilən sorğulara əsasən, “Barselona” – “Bavariya” cütlüyü “Yuventus” – “Real” cütlüyündən daha maraqlı hesab edilirdi. Hərçənd dünən Turində izlədiyimiz ilk yarımfinal qarşılaşmasından sonra bu düşüncələr fiaskoya uğradı. “Yuve” ÇL-in son qalibini məğlub etməklə “Real”ı vaxtından əvvəl finala yüksəldənləri yanıltdı. Ümid edək ki, bu gün “Barsa” və “Bavariya”nın qarşılaşmasından da zövq alacağıq.

23:45 Barselona (İspaniya) – Bavariya (Almaniya)

Stadion: “Nou Kamp”

Baş hakim: Nikola Ritsoli (İtaliya)

TV: İdman Azərbaycan, NTV+futbol 1, NTV (Türkiyə)

Aralarındakı oyun: +1=2-5, top fərqi – 9:15.

Zədəli: Matye - Badştuber, Alaba, Robben, Riberi, Rode, Levandovski (şübhəli).

“Nou Kamp”da baş tutacaq ilk qarşılaşmanın favoriti “Barselona” göstərilir. Bunun xeyli səbəbi var. Birincisi, Luis Enrikenin komandası hazırda əla formadadır. Təxminən 1 ay əvvəl “Sevilya” ilə La Liqadakı heç-heçəni nəzərə almasaq, kataloniyalılar qarşısıalınmazdır. O oyundan sonra “Barsa” 6 matç keçirib və hamısında qələbəyə sevinib. PSJ-lə ÇL-dəki iki oyundan başqa, La Liqada qalib gəldiyi 4 oyunda ümumilikdə 18:0 hesabı qeydə alınıb.

İkinci səbəb odur ki, “Bavariya”nın ciddi problemləri var. Ən başda isə zədələr gəlir. Amma bu haqda bir qədər sonra...

Bundesliqanın 30-cu turunda “Herta” üzərində minimal hesablı (1:0) qələbədən sonra Almaniya çempionluğunu rəsmiləşdirən “Rekordmayster” növbəti iki oyunda məğlub olub. Əvvəlcə Almaniya kubokunun yarımfinalında Dortmund “Borussiya”sına oyunsonrası penaltilərlə uduzan münhenlilər Bundesliqada “Bayer”ə də boyun əydi. Onu da qeyd etməliyik ki, bu oyuna Qvardiola əsas heyəti buraxmamışdı.

Hər şey bir tərəfə, Qvardiolanın Barselonaya qayıtması özlüyündə böyük hadisədir. Rəqib kimi olsa belə, kataloniyalılar üçün Pep canlı əfsanədir. Amma maraqlıdır ki, statistika almanların lehinədir. “Bavariya” “Nou Kamp”a son 4 səfərin üçündən başıuca dönüb. 2012/13 mövsümündə baş verənləri isə “Barsa”nın tarixinə qara hərflərlə yazmaq olar. Yarımfinal mərhələsində iki oyunun nəticəsinə görə 7 top buraxan kataloniyalılar (0:3, 0:4) təsəlli qolu da vura bilməmişdi.

Meydan sahiblərinin heyətində yalnız Jeremi Matyenin oynamayacağı dəqiqdir. Onun mərkəzdəki yerini yəqin ki, Xavyer Maskerano və ya Mark Bartra tutacaq. Amma “Bavariya”nın heyətlə bağlı problemləri yetərincədir. Təzəcə zədəsini sağaldan Aryen Robben “Borussiya”yla kubok matçında yenidən zədələnərək mövsümü vaxtından əvvəl başa vurdu. Komandanın digər aparıcı üzvləri – David Alaba, Frank Riberi, Holqer Badştuber də meydana çıxa bilməyəcək. Robert Levandovskinin “Barsa”ya qarşı oynayacağı isə sual altındadır. Çox güman ki, oynayası olsa, polyak forvard meydana qoruyucu maska ilə çıxacaq.

Biz isə inanmaq istərdik ki, kadr problemləri bizim gözəl futbol izləmək arzumuzu ürəyimizdə qoymayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm