Boks tarixində ən gəlirli 10 döyüş – SİYAHI/FOTOLAR
Bizi izləyin

İdman

Boks tarixində ən gəlirli 10 döyüş – SİYAHI/FOTOLAR

Amerikalı Floyd Meyvezer və filippinli Manni Pakyao arasındakı qarşılaşma dünya boks tarixinə düşüb. Belə ki, bu döyüş üçün ayrılmış mükafat fondu bu günə qədər olan ən yüksək məbləğ olub. Meyvezerin qələbəsiylə yekunlaşan döyüşün ümumi mükafat fondu 300 milyon dollar olub.

Publika.az dünya boks tarixinin ən çox mükafat fonduna malik 10 döyüşünü təqdim edir.

10. Manni Pakyao - Şeyn Mosli

Amerikalı Mosliylə filippinli Pakyao arasındakı 2011-ci ilin 8 may tarixində baş tutmuş bu döyüşün mükafat fondu 23 milyon 950 min dollar olub. Döyüşdən xal hesabıyla qalib ayrılan Pakyao 20 milyon, məğlub Şeyn isə 3 milyon 950 min dollar qabağa düşüb.

9. Mayk Tayson - Peter Makneli

Amerikalılar Tayson və Makneli arasındakı qarşılaşmada boksçulara 26 milyon dollar ayrılıb. 1995-ci il avqustun 20-də baş tutmuş döyüşdə 4 illik həbs cəzasından sonra ilk dəfə rinqə çıxan Tayson birinci raunddaca qələbə qazanıb. Bu döyüşdən Tayson 25 milyon dollar qazandı. Maknelinin qazancı isə cəmi 540 min dollar oldu.

8. Evander Holifild - Corc Formen

1991-ci ilin 20 aprelində keçirilmiş bu döyüş üçün 32,5 milyon dollar mükafat ayrılmışdı. Rəqibini xal hesabıyla məğlub edən Holifild 20 milyon dollar, Formen isə 12,5 milyon dollar qazandı.

7. Lennoks Luis - Mayk Tayson

2002-ci ilin 9 iyununda keçirilən qarşılaşmada tərəflərin ikisinə bir yerdə 35 milyon dollar ayrılmışdı. Luisin 8-ci raundda nokautla qalib gəldiyi döyüşdən sonra hər boksçuya 17,5 milyon dollar çatdı.

6. Mayk Tayson - Evander Holifild

Siyahının bu pilləsində də "Dəmir Mayk" var. 1996-cı ilin 10 noyabrında baş tutmuş döyüşdə Holifild 11-ci raundda texniki nokautla qalib gəlmişdi. Mükafat fondu 42 milyon dollar olan döyüşdə Holifild 12 milyon, Tayson isə 30 milyon dollar qabağa düşdü.

5. Floyd Meyvezer - Migel Kotto

2012-ci il mayın 6-da keçirilən döyüşdə 53 milyon dollar verildi. Xal fərqiylə qalib gələn Meyvezer 45, Kotto isə 8 milyon dollar qazandı.

4. Mayk Tayson - Evander Holifild

Siyahıda ikinci dəfə Tayson - Holifild döyüşüylə qarşılaşırıq. Budəfəki döyüş 1997-ci il iyunun 29-da baş tutub. Bu qarşılaşma boks tarixində Taysonun Holifildin qulağını dişləməsiylə yadda qaldı. Taysonun qarşılaşmanın 3-cü raundunda Evanderin qulağını dişləməsiylə döyüş yarımçıq dayandırıldı. Taysonun diskvalifikasiya olunduğu döyüşün ümumi mükafat fondu 63 milyon dollar idi. Tayson 30, Holifild isə 33 milyon dollar qazandı.

3. Oskar De la Xeya - Floyd Meyvezer

2007-ci il mayın 6-da keçirilən döyüşün mükafat fondu 77 milyon dollar idi. Meyvezer bu döyüşdən xal fərqiylə qalib ayrıldı. Ancaq pulun bölüşdürülməsində rəqibinə uduzdu. Belə ki, əvvəlcədən planlaşdırılan bölüşdürülməyə əsasən, məğlub Oskar 52, qalib Meyvezer isə 25 milyon dollar qazandı.

2. Floyd Meyvezer - Saul Alvares

2013-cü ilin 14 sentyabr tarixində keçirilən döyüşün mükafat fondu 92,5 milyon dollar idi. Meyvezerin xal fərqiylə qazandığı döyüşdən sonra özü 80 milyon, rəqibi Saul isə 12,5 milyon dollar qazandı.

1. Floyd Meyvezer - Manni Pakyao

Siyahının birinci pilləsində yazının əvvəlində bəhs etdyimiz Floyd Meyvezer - Manni Pakyao qarşılaşması var. Meyvezer bu döyüşdən də xal fərqiylə qalib ayrıldı. Onun qazandığı məbləğ isə hamını heyrətləndirdi. Meyvezer filippinli boksçu ilə döyüşə görə 180 milyon dollar qazandı. Onun Filippindən olan həmkarı isə ümumi məbləğdən 120 milyon dollar əldə etdi. Boks tarixində ilk dəfə məğlub olmuş boksçu döyüşdən sonra 120 milyon dollar irəli düşdü.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm