• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Respublika Stadionunda bahalı yarış – “Aristokratların oyunu” – FOTOREPORTAJ

  • İdman
  • 9 May 2015 15:00
  • 1 885 Baxış
Respublika Stadionunda bahalı yarış – “Aristokratların oyunu” – FOTOREPORTAJ

Avropa ölkələrində ən çox diqqət çəkən idman növlərindən biri də kamandan oxatmadır. Yarandığı gündən maraq doğuran bu idman növü üzrə 1931-ci ildə Lvov şəhərində Beynəlxalq Oxçuluq Federasiyasının əsası qoyuldu. Hazırda qurumun 156 üzvü var.

Kamandan oxatmaya maraq o qədər böyük idi ki, Olimpiya Oyunları tarixinin ilk illərində - 1900-cü ildə Parisdə və 1920-ci ildə Antverpendə bir neçə dəfə oxatmaya proqramda yer ayırıldı. Sonra bu idman növü 1972-ci il Münhen Olimpiya Oyunlarında yenidən təqdim olundu. Bundan sonra bu idman növünə olimpiadada daim xüsusi yer ayrılır.

Kamandan oxatma ölkəmizdə təzə-təzə məşhurlaşsa da, bu növə maraq az deyil. Avropa Oyunları proqramına daxil edilməklə ölkəmizdə daha da məşhurlaşa bilər. Bu fikirləri mütəxəssislər də dəstəkləyirlər.

Bu dəfə futbol yox kamandan oxatma... – dəyişikliklər var

Kamandan oxatmanın I Avropa Oyunları üçün seçildiyi məkan da maraqlıdır. Tofiq Bəhramov adına Respublika stadionunun meydanı bu dəfə futbol yox, kamandan oxatma yarışına ev sahibliyi edəcək. Belə ki, I Avropa Oyunları zamanı kamandan oxatma idman növü üzrə yarışlar məhz bu stadionda baş tutacaq.

“Aristokratların oyunu” sayılan kamandan oxatma növü üzrə seçilmiş idmançılar iyunun 16-dan 22-dək mübarizə aparacaqlar. I Avropa Oyunlarına görə, Respublika stadionundakı hazırlıqlar davam edir. Bunu stadionda reportajda olduğumuz zaman görülən işlərlə bağlı bizi məlumatlandıran obyektlərin idarə edilməsi üzrə mütəxəssis Rüstəm Zeynalov dedi.

64-ü kişi və 64-ü qadın olmaqla ümumilikdə 128 atletin 5 dəst medal uğrunda yarışacağı məkanda dəyişiklərlə bağlı Zeynalovdan ətraflı məlumat aldıq:

“Futbol yarışlarında otaqlar başqadır, oxatma zamanı isə tamam başqa cür olacaq. Otaqlara olan tələblər üzərində işlənilir. Atletlər üçün isə ayrıca yerlər müəyyənləşib. Stadionda çadırlar da qurulub ki, bu da idmançıların son məşqi və isinməsi üçün nəzərdə tutulub. Həmçinin stadionun arxasında Oyunları yayımlayacaq media şirkətlərinin avadanlıqlarının qurulması üçün şərait yaradılıb. Stadion ərazisində Oyunlara hazırlıq prosesi davam edir”.

Mütəxəssis onu da bildirdi ki, mərkəzi stadionda mayın 17-də test yarışları baş tutacaq.

Sadəcə 2 sektor... – 1000 tamaşaçı

Tofiq Bəhramov adına Respublika stadionu böyük tamaşaçı tutumuna malik olsa da, cəmi 3 sektor yarış izləyicilərinin ixtiyarına veriləcək. 1 sektor yarışmayan atletlər, digər iki sektor - min nəfərlik yer isə tamaşaçılar üçündür. Digər sektorlar isə boş olacaq.

Yarışlara VİP məkandan “Bakı 2015” ailəsinin üzvləri, yəni Oyunlarda iştirakçı dövlətlərin idman sahəsindəki rəsmi şəxsləri, nazirliklər, olimpiya komitələri, beynəlxalq federasiya üzvləri baxacaqlar.

10 gün ərzində təhvil veriləcək – “zərər dəymədən”

Bizimlə söhbət zamanı Zeynalov Oyunlar başa çatdıqdan sonra 10 gün ərzində stadionun təmizlənərək rəhbərliyə təhvil veriləcəyini də qeyd etdi. O, Kamandan Oxatma üçün quraşdırılacaq qurğuların stadiona zərər verməyəcəyini də vurğuladı.

Olimpiya qaydası ilə...

Avropa Oyunlarında atış lövhələri atıcıdan 70 metr uzaqlıqda quraşdırılacaq. Bu da Yay Olimpiya Oyunlarının proqramına uyğundur. Yarış 2 məsafə üzrə ümumilikdə 72 atışı ehtiva edir. Sonra final keçirilir. Olimpiya setkası müəyyən olunur və istər şəxsi, istərsə də komanda və qarışıq hesabda finala çıxmaq uğrunda mübarizə gedir. Oxatanlar oxu hədəfə 70 metr məsafədən atırlar və hədəflərin diametri cəmi 122 santimetrdir. Bu, heç də sadə iş deyil. İdmançılardan diqqəti və fikri cəmləşdirmək, hədəfi düzgün nişan almaq hədsiz bacarıq və təmkin tələb edir. Nəzərə almaq lazımdır ki, hədəfin mərkəzindəki qızılı halqanın diametri cəmi 12,2 santimetrdir.

Məqsədə çatmalı – medal üçün

Bu idmanda məqsəd oxu kaman vasitəsi ilə hədəfə atmaqdır. İdmanın inkişaf etdiyi bir ölkədə elə bizim idmançılarımız Avropa Oyunlarında qələbə qazanmaq üçün bu məqsədə çatmalıdırlar. Həmvətənlərimiz üçün yeni-yeni məşhurlaşmış idman növü olmasına baxmayaraq, komandan oxatanlarımız bu mötəbər turnirdə Azərbaycanın medal “muzeyinə” öz əlavələrini etməyə çalışmalıdırlar.

“Medallar uğrunda mübarizə aparacağıq”

Kamandan oxatma üzrə Azərbaycan yığmasının baş məşqçisi Sergey Qospodinovun da fikrlərini çatdırmaq yerinə düşər:

“İndi onlar məşq keçirlər. Komandanın yekun tərkibi mayın sonunda Türkiyədə keçiriləcək Dünya Kuboku yarışlarında müəyyən olunacaq. Bakıya Avropanın ən yaxşı oxatanları gələcək, lakin biz də medallar uğrunda mübarizə aparacağıq. Kamandan Oxatma Azərbaycanda yeni idman növü deyil. Bu idman növü Azərbaycanda 1969-cu ildən inkişaf etməyə başlayıb. Gözəl ənənələriniz var. Azərbaycan idmançıları uzun illər SSRİ çempionatları və birinciliklərində yaxşı nəticələr göstəriblər. Məsələn, 2009-cu ildə ölkə çempionatında 18 nəfər iştirak edirdisə, 2015-ci ildə onların sayı 50-ni ötdü. Təkcə bu faktın özü oxatma idmanının inkişafından xəbər verir. Məhz bu yarışlar nəticəsində yığma komandanın heyətini müəyyənləşdirdik. Perspektivli gənc idmançılarınız çoxdur.

Qeyd edim ki, hələ keçmiş SSRİ dövründə Azərbaycan idmançılarına məxsus olan 8-9 rekord son bir neçə ildə yenilənib”.

Aygün İlqarqızı

FOTOLAR: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR