“Əsas yük bizim çiynimizdə...” – FOTOLAR
Bizi izləyin

İdman

“Əsas yük bizim çiynimizdə...” – FOTOLAR

Prorektor Yusif Babanlı: “I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi idmanımızın inkişafına nümunədir”

"Bakı-2015" Birinci Avropa Oyunlarında dəstək məqsədi ilə ölkəmizdən 18 min volontyorun könüllü dəstəyi nəzərdə tutulub. Onlardan 12 mininin əsas heyətdə, 6 mininin isə ehtiyat heyətdə xidməti gözlənilir. Könüllülərin əsas tərkibi gənclərdən ibarətdir, əksəriyyətini isə tələbələr təşkil edir.

İlk Avropa Oyunlarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrinin xüsusi rolu var. Onlar həm könüllü, həm də bu oyunlarda birbaşa iştirakçı kimi fəaliyyət göstərəcəklər.

Dünən Bədən Tərbiyəsi və İdman Akademiyasında olduq. Akademiyanın rektoru, Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Əbiyev bildirdi ki, Birinci Avropa Oyunları ilə əlaqədar rəhbərlik etdiyi ali məktəbdə bir sıra mühüm işlər görülüb, bu işlərə nəzarət isə prorektor Yusif Babanlıya həvalə edilib.

Daha sonra Yusif Babanlı ilə görüşüb akademiyada görülən işlərlə maraqlandıq.

“Bu tədbir idmanımızım inkişafına nümunədir”

Prorektor vəzifəsi ilə yanaşı, həm də Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü və Nərimanov rayonu Gənclər Birliyinin sədri olan Yusif Babanlı öncə İlk Avropa Oyunlarının əhəmiyyətini vurğuladı: “Ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan idmanında nəinki ölkə səviyyəsində, dünya miqyasında canlanma və inkişaf başladı. İdman, təhsil, səhiyyə və digər mühüm sahələrdə inkişaf məhz Heydər Əliyevin hakimiyyətə dönüşündən sonrakı dövrə aiddir. Bu inkişaf sahələrinin dayanıqlığı və daha da irəliyə gedişinin təmin olunması isə Prezident İlham Əliyevin sayəsində gerçəkləşir. Dövlət rəhbərimiz həm də Milli Olimpiya Komitəsinin prezidentidir. Azərbaycan idmançıları istər Avropa, istər dünya çempionatlarında qələbələrini qazanır və Azərbaycanı ölkəmizin hüdudlarından kənarda şərəflə təmsil edirlər.

Avropa Oyunlarının Azərbaycanda keçirilməsini bəzi qüvvələrin gözü götürmür. Buna rəğmən bu beynəlxalq tədbir uğurla başa çatacaq. Birinci Avropa Oyunlarına qısa müddət ərzində, 2 il yarıma, möhtərəm prezidentimizin təbirincə desək, yalnız Azərbaycan hazır ola bilərdi.

Azərbaycanın beynəlxalq nüfuzu onsuz da bütün sahələrdə göz önündədir. İdmanımız dünya səviyyəsində günü-gündən inkişaf edir, Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi də bu inkişafın nümunəsidir”.

“Dünya idmanında qələbə qazananların hamısı bizim məzunlardır”

Prorektor dedi ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri , gəncləri yalnız Birinci Avropa Oyunlarında deyil, dünya, Avropa çempionatlarında həmişə yaxından iştirak edir: “İdmanın bütün növləri üzrə yığma komandaların 60 faizi bizim akademiyanın tələbələri, peşəkar idmançılarıdır. Bu gün ümumiyyətlə dünya, Avropa çempionatlarında qələbə qazananlar hamısı bizim məzunlardır.

Yəqin akademiyaya daxil olanda divarda asılan tablolarda, şəkillərdə gördünüz ki, bizim nə qədər Avropa, dünya çempionatlarında qalib gəlmiş idmançılarımız var. Akademiyanın onlarla fəxri doktorlarının divardan asılan şəkilləri bizim təhsil ocağının beynəlxalq aləmdə necə nüfuza malik olması haqda aydın təsəvvür yaradır”.

Tələbələrlə bağlı 200-ə yaxın təşəkkür məktubu gəlib

Yusif Babanlının sözlərinə görə, Bədən Tərbiyəsi və İdman Akademiyasının peşəkar olmayan idmançıları isə bu tədbirə könüllü kimi qatılıblar: “Akademiyadan 1200 nəfəri könüllü kimi Avropa Oyunları Komitəsində fəaldır. Bizim qeydiyyatdan keçən tələbələrimizin demək olar ki, hamısı fəal işlərə cəlb olunub. Bu tədbir birbaşa idman sahəsinə aid olduğuna görə tələbələrimiz üçün bu fəaliyyət sahəsi doğmadır. Boks, atıcılıq, voleybol və digər idman növləri üzrə ixtisasçılarımız var. Hər idman növünə uyğun ixtisasçılarımızı da bu yarışlarda iştiraka göndəririk.

Həm də tələbələrimizin tək Birinci Avropa Oyunlarında deyil, indiyədək Azərbaycanda keçirilən bütün yarışlarda yaxından iştirak etdiklərinə görə təcrübələri var və bu təcrübə hər iştirakda bir az da artır. Avropa Oyunları üzrə Təşkilat Komitəsində Gənclər və İdman Nazirliyi, Olimpiya Komitəsinin nümayəndələri ilə yanaşı, Beynəlxalq Olimpiya Komitəsinin təmsilçiləri də var. Tələbələrimiz orada öz ixtisaslarına uyğun fəaliyyət göstərdiklərinə görə həmin tələbələrlə bağlı bizə 200-ə yaxın təşəkkür məktubu gəlib. Volontyorluqdan əlavə tələbələrimizin bir qismi hazırlıq mərhələlərində iştirak edirlər”.

Avropa Oyunları idmançı tələbələr üçün praktikadır

Yusif Babanlı dedi ki, akademiya rəhbərliyi Gənclər və İdman Nazirliyi ilə birgə iştirakçı idmançılarla yanaşı, könüllü dəstək verənlərə də lazımi qayğı göstərir: “Akademiya rəhbərliyi bu oyunlar ərəfəsində hər bir tələbənin probleminə xüsusi qayğıyla yanaşır ki, onların da bu işlərə dəstəyi lazımı səviyyədə olsun”.

Prorektorun fikrincə, beynəlxalq olimpiadada akademiyanın tələbələrinin iştirakı onlar üçün həm də təcrübə sahəsi, praktiki iş kimi mühüm əhəmiyyət kəsb edir: “Hər bir ali məktəb öz tələbələrinə nəzəri biliklə yanaşı, praktiki vərdişlər də öyrətməyə maraqlıdır. Birinci Avropa Oyunlarının bizim tələbələrimiz üçün ona görə müstəsna rolu var ki, bu oyunlar tələbələrimizə nəzəriyyədə öyrəndiklərini praktikada əyani görməyə ideal imkan yaradır. Mən hesab edirəm ki, Avropa oyunlarına hazırlıq mərhələsi nəinki bizim tələbələrimiz, bütün gənclər üçün dünyagörüşünün artırılmasında mühüm əhəmiyyət daşıyır.

Onu da deyim ki, akademiyanın müəllimlərinin çoxu idman federasiyalarında məşqçi kimi fəaliyyət göstərdiklərinə görə müəllimlərimiz də bu tədbirlərdə yaxından köməklik edirlər”.

Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm