• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İdmançı, aşpaz, yoxsa xanəndə? – “Atam dedi ki, bir müğənnimiz çatmır” – TAYM-AUT

  • İdman
  • 13 May 2015 17:37
  • 2 900 Baxış
İdmançı, aşpaz, yoxsa xanəndə? – “Atam dedi ki, bir müğənnimiz çatmır” – TAYM-AUT

Niyazi Əliyev karate-do üzrə ümumilikdə 3 qat dünya, 6 qat Avropa çempionudur. O da I Avropa Oyunlarında iştirak edəcək idmançılarımızdandır. Hətta I Avropa Oyunlarında Niyazi Əliyevin qələbəsinə ümid böyükdür.

"Qəbələ" idman klubunun idmançısı uğurlarında məşqçilərinin əziyyətinin böyük olduğunu bildirir.

Bu dəfə Niyazini bir az idmandan kənar tanıtmağa çalışacağıq. Bu məqsədlə Publika.az-ın "Taym-aut" layihəsinin növbəti qonağı dünya çempionu Niyazi Əliyev oldu.

- Müsahibəmizə ənənəvi sualla başlayaq. İdmansız bir gününüzü xarakterizə edin...

- Həmin gün bacardığım qədər çox istirahət etməyə çalışıram. Çünki buna ehtiyacımız var, hər gün idmandayıq. Kəndə gedirəm, qardaşlarımla, dostlarla yığılırıq. Bəzən samovar çayı dəmləyirik, bəzən bir yerdə otururuq. Karaokeyə də gedirik. Yəni idmandan kənar günləri belə keçirirəm. Amma hər zaman belə fürsətlər ələ düşmür.

- Hansı kəndə gedirsiz?

- Mən Maştağa kəndində anadan olmuşam. Amma indi şəhərdə yaşayıram. Cənab prezident 2010-cu ildə Avropa çempionu olduğum zaman məni evlə mükafatlandırmışdı.

- Sosial şəbəkələrdə şəkillərinizə baxdığımız zaman da görürük ki, yaman at sürmək həvəskarısız...

- Hə, çox. Şəkillərdəki öz atımdır. Kəndə gedəndə dəniz kənarında Maştağadan Nardarana qədər at sürürəm.

- Nə vaxtdan atlara meyil göstərməyə başlamısız?

- Uşaqlıqdan yaxşı at çapıram. Bu məşğuliyyət xoşuma gəlir. At çapmaq həm sağlamlıqdır, həm də "at muraddır" deyirlər. Bir sözlə, müsbət enerji alıram. Sözlərim pis başa düşülməsin, məsələn, 15-20 qoyunum olsa, həvəslə onları saxlayaram, baxaram, apararam çöldə otarmağa. Heyvan saxlamağı çox xoşlayıram.

- Dostlar, tanışlar arasında at çapmaqda yarışmısız?

- Olub. Düzdür, dostlarım çox da at həvəskarı deyillər, işləri elədir ki, gecə çıxırlar. Amma kənddə atlar var ki, yarışdırırıq. Hər bir insana da at çapmağı məsləhət görürəm.

- Yəqin ki, at yarışlarını da izləyirsən?

- Bəli, bacardığım qədər izləyirəm. Çox vaxt cıdıra da gedirəm.

- Daha çox at, yoxsa maşın?

- Mənim maşına heç həvəsim yoxdur. Məcbur olmasam, maşın sürmərəm. Bu kompleks məndə 2-3 il olar yaranıb. Maşın sürmək istəmirəm. Daha çox at sürürəm, piyada gəzirəm.

- Bu kompleks nədən yarandı?

- Yollar, tıxaclar... Mənim üçün daha xoşdur ki, kimsə gəlib məni aparsın. Rayona heç maşın sürmərəm. Axırıncı dəfə 4-5 il əvvəl sükan arxasında rayona getmişəm. Bir dəfə məşqə gedim-gəlim, məni ikinci dəfə sükan arxasına oturtmaq mümkün deyil. Sükan arxasında tez əsəbiləşənəm, emosiyalarımı cilovlaya bilmirəm.

- Xanımların maşın sürməyini necə qarşılayırsız?

- Səmimi deyim, mən xanımın hicab bağlamasına çox önəm verirəm. Uşaqlıqdan da həmişə arzulayırdım ki, mənim gələcək həyat yoldaşım hicablı biri olsun. O ki qaldı maşın sürməyə, normal, ağlı başında maşın sürdükdən sonra bunda bir qəbahət görmürəm. Pis də baxmıram. Bir xanımın ruhu yüngüldürsə, onun maşın sürüb-sürməməyinə aidiyyatı yoxdur.

- Maşın sürməklə aram yoxdur dediz. Bəs ictimai nəqliyyat vasitələrindənavtobus, metro – necə, istifadə edirsiz?

- Maşın almamışdan əvvəl məşqlərə elə avtobus və metro ilə gedirdim. Hərdənbir maşın sürməyə həvəsim olmur, maraq üçün metroyla da gedirəm. Maraqlı gəlir, həm də insanlarla ünsiyyətdə oluram.

- Sonuncu dəfə nə vaxt metrodan və ya avtobusdan istifadə etmisiz?

- Avtobusa 2 il olar minmirəm. Amma metrodan istifadə edirəm, dediyim kimi, marağa. Belə baxanda metro gözəl nəqliyyat vasitəsidir, havanı da çirkləndirmir, həm də getdiyin yerə tez və rahat çatırsan. Amma hər dəqiqə metrodan istifadə etmək alınmır. Özünüz bilirsiz, çantamız böyükdür, içində məşq paltarlarımız, əlcəklər, geyimlərimiz olur. Çantamız da çox ağır olur.

- Maraqlıdır, 6 qat Avropa, 3 qat dünya çempionu metroya minəndə ona münasibət necə olur? Yəqin ki, o dəqiqə sizi tanıyırlar...

- Bir insan heç idmançı olmasa da, bir-iki dəfə televizorda görsələr, yadda qalır. İnsanın göz yaddaşı var, insanı görür və gözü ona öyrəşir. Ona görə, yaxınlaşan da olub, ünsiyyət saxlayan da. İnsan özü bir az sadə olsa, ətraf onu çox istəyəcək. Nə olsun ki nəticələrimiz var və ya idmançıyıq. Bacardığımız qədər təvazökar olmalıyıq. Bu da qanımızda var ki, edirik. Biz artistlik etmirik.

- Olubmu ki, bir insanı düz yola, idmana gətirəsiz?

- Olub. O qədər... Özüm karate zalında dərs deyirəm. İndi Avropa Oyunları ilə bağlı məşqlər sıxdır deyə heç yana çıxa bilmirik. Çox insanlar olub ki, gətirmişəm məşqə, məşq etdirmişik, işi olmayıb, uşaqlarla işə düzəltmişik.

- Maşından başqa əsəbinizi nə poza bilər?

- İçkili insan. Dəfələrlə olub ki, oturduğumuz yerdə içkili insanlar yaxınlaşıb. Düzdür, səbrimizi cilovlamağa, başa salmağa çalışmışıq. Amma bıçaq sümüyə dirənəndə səbirli ola bilməmişəm. Ümumilikdə, çox səbirli insanam. Biri gəlib desə burda oturma, dur get orda otur, durub yerimi verərəm. Təbii ki, baxır demək tərzinə...

- Yollarda at sürməyə icazə versələr, işə və ya məşqə atla gedərdiz?

- Niyə getmirəm. Gedərəm. Vaxtilə bizim qoçularımız elə at çapıblar. Hər yerə atla gediblər. Utanmaram. Daha da sevinərəm.

- Bəs atınızın adı var?

- Düldül adı qoymuşam. Düzdür, Zülcahan da deyirəm. İndi hər iki adla çağırıram.

- Atın sayını artırmaq istəyərsiz?

- Bəli, arzumdur, istərdim dümağ atım olsun. Mənim öz atım da ağdır. Amma alnında nişanəsi var. Nişanəli heyvan da həmişə sayılıb-seçilən olur.

- 1 həftə tam tətil imkanınız olsa, xaricə gəzməyə gedərdiz, ya kəndlərə, bölgələrə?

- Səmimi deyim ki, kəndlərə gedərəm. Özünüz də deyirsiz, xaric xaricdir, mən daxildə dincələrəm. Düzdür, xaricdə də gəzmək yaxşıdır. Dünyanın bir çox ölkəsində olmuşam. Misirdə olmamışam, ora getmək istəyərdim. Amma sırf istirahət üçün kəndlərə gedərəm.

- Bir oğlunuz var...

- Bəli, bir oğlum var. Yeni ailə qurmuşam. Adı da Əbülfəzdir. Onun adını da qardaşım oğlu var, atamın adını qoymuşuq, o demişdi. Subay vaxtlarım idi, qardaşım oğlunun da yaşı az idi, mənə dedi ki, əmi, oğlun olsa, bu adı qoyarsan. Mən də dedim baş üstə, Allah oğul bəxş etsə, mütləq Əbülfəz qoyaram. Oğlum mənim yaşamaq həvəsimdir. Axırıncı yarışıma da aparmışdım onu. İmkan olan kimi yarışlara aparıram. Bir yarışa da köynəyini aparmışdım oğlumun. Ata olmaq gözəl hisdir, şirin bir duyğudur.

- Oğlunuz hansı xüsusiyyətinə görə sizə oxşayır?

- O, çox dəcəldir. Mən də dəcəl olmuşam. Ona görə məni idmana qoymuşdular ki, bəlkə, idmanda yorulub evdə sakit duraram (gülür)...

- İdmançısız, buna görə özünü reklam etmək üçün biri sizə söz atmağa, sataşmağa çalışıbmı?

- Olub, düzdür. Bu reklam xarakterlidir, yəni mən Niyaziyə filan söz dedim, o, mənə heç nə demədi. Amma eləsi olub ki, 10 nəfərin içində söz atıb, sonra səhvini anlayıb təklikdə gəlib məndən üzr istəyib...

- Bəs onun üzr istədiyini digər 10 nəfər bilib?

- Bunun əhəmiyyəti yoxdur. Məni tanıyan tanıyır. Həm də Allah görür hər şeyi.

- At çapmaqdan başqa hansı məşğuliyyətiniz var?

- Əlimin duzu da var, aşpazlığı da bacarıram. Bəlkə idmançı olmasam, aşpaz olardım. Evdə olanda da özüm yemək bişirdiyim vaxt olur. Dostlarla istirahətə gedəndə kabab bişirirəm. Demək olar ki, bütün yeməkləri bişirə bilərəm. Yemək bişirərkən öz ideyalarımı əlavə edirəm. Hansı ədəvaların hansı ilə uyğunlaşdığını, nəyin ziyanlı olmayacağını bilirəm. Dostlarım da bişirdiyim yeməklərdən yeyib, bəyəniblər.

- Xanımınızın işi olarkən - məsələn, övladınızla məşğulkən mətbəxə girib yemək bişirmisiz? Yoxsa evdə ancaq xanım yemək bişirməlidir deyirsiz?

- Yox, nə var ki, heç bir problem yoxdur. İslamda belə bir şey var ki, bir kişi öz xanımına kömək edirsə, onun böyük günahları bağışlanır. Mən də ən azından bu yolla günahlarımın bağışlanmasını seçirəm (gülür)... Kişi qadına kömək etməlidir. Nə yalan deyim, uşağa da baxmışam. Elə vaxt olub, xəstə vaxtlarında yatmamışam, balacaya qulluq etmişəm. Geyimini geydirməkdə, gəzdirməkdə... Ailə həyatına qədəm qoymuşuqsa, borcumuzdur.

- Yoldaşınız bişirdiklərinizi bəyənibmi?

- Bəli, niyə bəyənməsin?! Hamı bəyənir.

- Bəs ananız hansınızın bişirdiyini bəyənib?

- ...(gülür) mənim bişirdiyimə "yaxşı" deyib.

- Yemək bişirərkən mahnıya qulaq asırsız, ya özünüz yüngülvari zümzümə edirsiz?

- Sizə bir sirr açım. Yaxınlar, dost-tanış bilsə də, bunu mətbuatda ilk dəfə sizə deyirəm. Məktəb vaxtı 8-9-cu sinifdə oxuyardım. Evimizə gəlib dedilər ki, "istəyirsiz Niyazini musiqi məktəbinə yazdıraq". Çox yaxşı səsim var, həmçinin çox yaxşı rəqs edirəm. Atam dedi ki, bir müğənnimiz çatmır, lazım deyil (gülür). Bir sözlə, yemək bişirəndə muğam da olur, başqa sanballı mahnılar da olur. Gərək hər işi gülə-gülə, xoş üzlə edəsən.

- Rəqsə getmisiz?

- Yox, heç vaxt getməmişəm. Həmişə soruşurlar, amma sadəcə baxıb öyrənmişəm. Toylarda bir rəqs qrupu var, onlarla maraq üçün oynamışam. Hətta məni rəqqas bilib soruşublar ki, toya neçəyə gələrsiz (gülür).

- Müqəddəs ziyarətlərdə olubsuz?

- Həccdə də olmuşam, digər müqəddəs yerlərdə də. Həcc ziyarətinə 2012-ci ildə getmişəm.

- Adətən, idmançılarımız danışarkən bir az çətinlik çəkirlər. Bir o qədər ünsiyyətçil deyillər. Amma siz, maşallah, sözünüzü deməyi bacarırsız? Təhsillisiz?

- Bəli, ali təhsilliyəm. Amma bundan əlavə ünsiyyət qurmağı xoşlayan biriyəm. Bunu mənə çox adam deyir. Xoşuma gəlir. Nəyə görə sıxılmalıyam?! Mənə sual verilir, ürəyimdə olan cavabı verirəm.

- Nədənsə qorxunuz varmı?

- Yox, əsla, şükürlər olsun ki, yoxdur. İnsan var təyyarədən qorxur, iynədən qorxur. Məndə elə bir şey yoxdur.

- İdmançı kimi çox yerləri gəzmisiz, çox yerlərdə istirahət etmisiz. Özünü ən çox harda rahat hiss etmisiz?

- Düz deyirsiz, çox yerləri gəzmişəm. Hətta elə yer olub ki, iki dəfə olmuşam orda. Amma tam səmimi deyim ki, özümü rahat hiss etdiyim, darıxmadığım yer Məkkə olub. Özümü evdəki kimi hiss edirdim. Orda tərki-dünya olur insan. Tamam başqa aləmdir ora. Allah hər kəsə nəsib etsin.

- Bəs Bakıda xoşunuza gələn yer haradır?

- Bilgəhdəki sanatoriya çox xoşuma gəlir. Ora adama rahatlıq gətirir. Mənzərəsi gözəldir. Dəniz sanki ayağının altındadır. Orada oturub çay içmək ürəyimcədir.

- Çimərliklə aran necədir? Tez-tez özünü suya vurursan?

- Bəli, çimərliyə gedənəm. Amma sıxlıqdan qaçıram. Ümumiyyətlə, tək gəzməyi daha çox xoşlayıram.

- İdmançıların çoxu döymə həvəskarı olur. Bız sizin buna münasibətiniz necədir?

- İslamda bəyənilmir. Hərbi xidmətdə olan vaxtı istəmişəm vurdurum. Amma yaxşı ki, vurdurmamışam. Allah insan bədənini təmiz yaradıbsa, deməli, belə məsləhət bilib. Bədəndəki xal elə "tatu"dur da... Amma nə yalan danışım, xoşum gəlir, "döymə"lilərə də pis baxmıram.

- Bəs istədiyiniz vaxtlarda hansı döyməni fikrinizdə tutmuşduz?

- Canavar rəsmi istəyirdim. Ümumiyyətlə, heyvanlar aləmində ən çox xoşladığım heyvan canavardır.

- "Quran"ı oxumusuz?

- Tam oxumamışam. Amma oxuya bilirəm. Qardaşım ərəbşünasdır. Bəzən o da kömək edir. Uşaqlıqda Vüqar müəllim vardı, o, bütün tələbələrinə "Quran" dərsi keçirdi.

- İdman karyeranızı bitirdikdən sonra hansı işin qulpundan yapışacağınız barədə düşünmüsüz?

- Bu sual hər dəfə mənə veriləndə birtəhər oluram. Çox fikirləşir adam, amma heç nə tapmır deməyə. Bu gün özümü idmansız təsəvvür edə bilmirəm. Dövlətimiz bizə etimad göstərsə, əlbəttə, dövlət işində çalışmaq istərdim. Ya da öz sahəm üzrə müəllimlik edərəm, yəqin ki. Uşaqlarla işləməyi çox xoşlayıram. Elə indi də tələbələrim var. Hal-hazırda iki-üçü millidədir.

- Dünyada bir çox idmançılar var ki, xeyriyyəçilik məqsədilə ya yaşadıqları şəhərdə və yaxud kənddə, idman kompleksi, xəstəxana və ya başqa obyektlər tikdirir və əhalinin istifadəsinə verir. Gələcəkdə siz də belə bir xeyriyyə addımı atmağı düşünürsüzmü?

- Sözün düzü, məktəb tikmək və ya hansısa bir yeri təmir etmək haqda düşünməmişəm. Amma bəzi uşaqlar var ki, əlildir, gəzə bilmir, ehtiyacı olan bir-iki nəfərə yardım edirəm. Bunu reklam xatirinə demirəm. İmkanım çatdıqca ehtiyacı olan tanıdığım ailələr var ki, Allahın izniylə onlara kömək edəcəm.

- Dəblə ayaqlaşmağa çalışırsız?

- Dəbə görə məcburi geyim seçmirəm. Hansı paltardan xoşum gəlirsə, elə o, mənim üçün dəbdir. Daha çox qırmızı və ağ rəngləri bəyənirəm.

- Sonda nə demək istərdiz?

- Bizim bu günə çatmağımızda, bəzi insanlar var ki, onlara təşəkkür etmək istərdim. Baş məşqçimiz Rəhman Hətəmov bizim yetişməyimizə çox əziyyət çəkib. Ona çox sag ol deyirəm, haqqını halal etsin. Onun köməkçiləri Rəşad və Seymur müəllim də həmçinin. Karatenin kötüyünü qoyanlar olmasaydı, mən indi burada sizə müsahibə verə bilməzdim. Allah Ülvi müəllimə, Füzuli müəllimə, Yaşar Bəşirova can sağlığı versin. Onların hər birinin üstümüzdə əziyyəti var. Siz də sağ olun ki, məni dəvət etmisiz. Gözəl ünsiyyət qurduq, səmimi söhbət alındı.

- Təşəkkür edirik, sag olun ki, dəvətimizi qəbul edib gəldiniz!

Aygün İlqarqızı, Pərviz Hikmət

FOTO: Elçin Murad

Əvvəlki müsahibələr:

Ruslan Abışov

Eduard Məmmədov

Səbirə Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR