Çempionluq və yubileylərlə zəngin tur
Bizi izləyin

İdman

Çempionluq və yubileylərlə zəngin tur

Azərbaycan Premyer Liqasının 34-cü turunda xeyli yaddaqalan hadisə baş verdi. Bunlardan ən ümdəsi “Qarabağ”ın çempionluğu rəsmiləşdirməsi oldu.

Publika.az xəbər verir ki, “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edən “Qarabağ” ardıcıl 2-ci dəfə qızıl medalları qazanıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda sona 2 tur qalmış izləyiciləri üçün əlçatmaz olub. Bu çempionluq “Qarabağ”ın tarixində 3-cü zəfərdir. İndiyədək 8 komanda Azərbaycan çempionu olub: “Neftçi” – 8, “Kəpəz”, “Qarabağ” – hər ikisi 3, “Şəmkir”, “Bakı”, “İnter” – hamısı 2, “Turan”, “Xəzər Lənkəran” – hər ikisi 1 dəfə.

Qurbanov isə baş məşqçi kimi 2-ci dəfə ölkə çempionu olub. Ümumilikdə 10 baş məşqçi komandası ilə çempion olub: Ağasəlim Mircavadov – 5, Kazbek Tuayev – 4, Mehman Allahverdiyev, Böyükağa Hacıyev – hər ikisi 3, Qurban Qurbanov – 2, Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Hacıyevski, Kaxaber Sxadadze, Arif Əsədov – hamısı 1.

Bundan başqa, “Simurq”un futbolçusu Draqan Çeran yubiley qolunu vurub. 34-cü turun “Bakı” ilə ev oyununda dubla imza atan serbiyalı 25-ci dəfə fərqlənib. Ötən mövsüm 31 matçda 11 qol vuran hücumçu cari çempionatdakı 25-ci oyununda 14-cü dəfə rəqib qapısına yol tapıb. 25-ci qolunu vuran Draqan “Simurq”un Premyer Liqada ən məhsuldar futbolçusu Vladimir Mazyarın rekorduna da yaxınlaşıb. Ukraynalıdan 3 top geri qalan Çeran bu siyahıda 2-cidir.

34-cü turun “Qəbələ” ilə səfər oyunu “İnter” üçün də yubileylərlə əlamətdar olub. 1:1 hesablı heç-heçə paytaxt təmsilçisinin ölkə çempionatlarında 50-ci səfər bərabərliyi olub. 211 dəfə rəqib meydanlarına çıxan bakılılar 93 qələbə qazanıb, 68 dəfə məğlub olub. “İnter”in yeganə qolunun müəllifi Asif Məmmədov paytaxt təmsilçisinin heyətində 10-cu dəfə fərqlənib. Yubiley qolunu 130-cu matçında vuran Məmmədov Premyer Liqada ümumilikdə 24-cü dəfə fərqlənib. “İnter”in digər futbolçusu Elvin Məmmədov isə komandasının heyətində 50-ci çempionat matçına çıxıb. Ümumilikdə isə yarımmüdafiəçi Premyer Liqada 229 oyun keçirib.

34-cü tur 2 qapıçı üçün də əlamətdar olub. “Qarabağ”ın Bosniya və Herseqovinadan olan qolkiperi İbrahim Şehiç 50-ci çempionat matçını keçirib. Ötən mövsüm 22 oyunda 12 top buraxan Şehiç cari çempionatın 28 qarşılaşmasında 23 qola üzülüb. Onun AZAL-dan olan həmkarı Kamal Bayramov isə Premyer Liqada 100-cü oyununu keçirib. 151 top buraxan qapıçı bu matçlardan 5-ni (3 qol buraxıb) AZAL-da keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm