"Nömrə oğruları"
Bizi izləyin

İdman

"Nömrə oğruları"

Bəzi futbolçular formalarıyla yanaşı xatırlanırlar. Məsələn, Pele, Maradona deyəndə 10, braziliyalı Ronaldo deyiləndə 9, Maldininin adı çəkiləndə 3, Raul deyəndə isə dərhal 7 nömrə xatırlanır. Futbolçu olmaq arzusuyla yaşayan uşaqlar bu formaların xəyalıyla yaşayırlar. Onlar gələcəkdə özlərini sevimli klublarının 7 nömrəsi, 10 nömrəsi, 9 nömrəsi olaraq görürlər. Ancaq bu heç də həmişə həmin uşaqlara müyəssər olmur. Arzusu uğrunda dayanmadan çalışan futbolçu sevimli klubunda istədiyi mövqeyə çatanda arzuladığı formayla qarşılaşmaya bilər. Belə ki, ondan öncə başqa biri, bəlkə də elə məhz sevimli futbolçusu arzulanan nömrəni əbədi olaraq "oğurlamış" ola bilər.

Söhbətin, yəqin ki, hər hansı nömrənin o formanı daşımış futbolçuya hörmət əlaməti olaraq əbədiləşdirilməsindən getdiyini anladız. Futbol tarixində hər hansı oyunçuya görə nömrənin əbədiləşdirilməsi əsasən 90-cı illərdən həyata keçirilməyə başlandı. Bu işdə isə ən fəal olanlar italyan klublarıdır. A seriyası klubları qədər azarkeşlərin könlündə taxt qurmuş futbolçuların formalarını əbədiləşdirənlərə heç bir yerdə rast gəlmək olmaz. Futbol tarixində indiyə qədər bir çox futbolçunun nömrəsi əbədiləşdirilib. Nömrələrin əbədiləşdirilməsi üç formada həyata keçirilir:

1. Klubun tarixində iz qoymuş oyunçuya bağışlanan nömrələr. Bu vaxt klubun tarixinə adını yazdırmış futbolçu azarkeşlərin könlündə elə bir iz qoyur ki, nə klub rəhbərliyi, nə də ki, azarkeşlər həmin nömrə altında başqasını görmək istəmir.

2. Azarkeşlər üçün ayrılmış formalar.

3. Vaxtsız ölümü ilə klubu və azarkeşləri kədərləndirən oyunçuların əbədiləşdirilməsi.

"Napoli"nin uğurlu, Argentinanın uğursuz cəhdi

Hazırda Lionel Messi və Kriştiano Ronaldodan nə qədər ağızdolusu bəhs edilsə də, Dieqo Maradona və Pelenin futbol tarixinin əbədi kralları olaraq xatırlanacağı dəqiqdir. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində "Napoli"ni çiynində daşıyan Maradonanın əməyi italyanlar tərəfindən yüksək qiymətləndirildi. Belə ki, neapolluların Maradona sevgisi o qədər güclü idi ki, hətta İtaliyada təşkil edilən dünya çempionatının "San Paolo" stadionundakı İtaliya - Argentina matçında doğma ölkələrinin yox, məhz Dieqonun Argentinasına azarkeşlik edirdilər. Bu qədər böyük sevginin olduğu yerdə nömrənin əbədiləşdirilməsi nədir ki? Hətta bu nömrə bir çoxlarının arzusunda olduğu, “10 nömrə” olsa belə.

"Napoli"nin qəbul etdiyi qərardan sonra ölkələrinə dünya çempionluğunu qazandırmış Maradonaya layiqli qiymət vermədiklərindən utanan argentinalılar buna 2002-ci ildəki dünya çepionatında cəhd etdilər. Belə ki, Cənubi Amerika ölkəsi iştirak ərizəsi üçün 1-dən 23-ə qədər ayrılmış nömrələrdən 10-u çıxarmaq üçün FİFA-ya müraciət etsə də, dünyanın ali futbol qurumu bu təklifi rədd etdi. Sonda Uzaq Şərqdəki dünya çempionatında Argentinanın 10 nömrəsi Ariel Orteqa oldu. Hazırda isə bu formanı Maradonanın taxtına ən real namizəd göstərilən Lionel Messi geyinir.

Futbolun kralını basketbolun vətənində əbədiləşdirdilər

Maradonanın əzəli rəqibi Pele də forması əbədiləşdirilənlər arasındadır. Ancaq braziliyalı vətənində yox, basketbolun vətəni sayılan ABŞ-da əbədiləşdirildi. Belə ki, karyerasının son iki ilini həsr etdiyi Amerika "Kosmos"u futbolçuya təşəkkürünü 10 nömrəli futbolkanı əbədiləşdirməklə izhar etdi. Ancaq elə "Kosmos" özü də çox yaşamadı. Belə ki, klub Pele buranı tərk etdikdən bir neçə il sonra - 1984-cü ildə tarixin yaddaşına köçdü. Klub 2010-cu ildə yenidən yaradılsa da, əvvəlki vaxtlarından bir xeyli geri qalır. "Kosmos"un fəxri prezidenti isə məhz Peledir.

Total futbolun atası sayılan Yohan Kroyff dünya futboluna bir yenilik daha gətirmişdi. Belə ki, 70-ci illərdə komandalar əsasən 1-11 aralığında formalardan istifadə edirdi. Ən məşhur futbolçular da məhz bu nömrələrdən birini seçirdi. Lakin Kroyf 10-u, 9-u yox, 14 nömrəni seçdi. Bu nömrə altında "Ayaks"da xarüqələr yaradan holland karyerasını bitirdikdə 14-ü də özüylə birgə "apardı".

İtaliya millisinin sabiq üzvü Canfranko Zola da oynadığı klublar tərəfindən xüsusi ehtiram görənlərdəndir. Belə ki, Zola oynadığı futbola görə iki klubda birdən nömrəsi əbədiləşdirilən ilk futbolçudur. "Çelsi" onun xidmətinə görə 25-i, "Kalyari" isə 10 nömrəni əbədiləşdirdi. Ancaq maraqlıdır ki, italyanlar sonradan fikrindən daşındı. Belə ki, "Kalyari" rəhbərliyi bir neçə il sonra 10 nömrəni yenidən istifadə etmək qərarına gəldi.

Əksər klublarda hücumameylli oyunçuların nömrələri əbədiləşdirilsə də, Milan klubları fərqli yol seçib. Əslində tarix boyu müdafiəyə meylli oyunla ad çıxarmış italyanların bu addımı məntiqlidir.

"Milan" iki müdafiəçisi - Franko Barezi və Paolo Maldininin nömrəsini əbədiləşdirib. Barezinin 6 nömrəsi bundan sonra hamı üçün əlçatmaz olsa da, Maldininin 3 nömrəli formasını başqa futbolçuların da geyinmək şansı var. Bir şərtlə ki, həmin oyunçu da Maldini olsun. Yəni Paolo Maldininin soyundan gəlsin.

"Rossonyerlər"in əzəli rəqibi "İnter" də iki futbolçusunun formasını əbədiləşdirib. Belə ki, əvvəlcə Çaçinto Fakettinin “6 nömrə”sini əbədiləşdirən "Neradzurra", keçən il Xavyer Zanettinin “4 nömrə”sini muzeyə göndərdi. Zanettidən fərqli olaraq, Faketti ölümündən sonra bu şərəfə layiq görüldü.

İtaliyanın üç böyük klubunda - "Yuventus", "İnter" və "Milan"da çıxış etmiş Roberto Bacconun xidmətini adıçəkilən klublar yox, məşhur "10 nömrə"nin karyerasının son illərini keçirdiyi "Breşiya" qiymətləndirdi. Belə ki, "Göy-ağlar" Bacconun son illərini məhz bu klubda keçirməsini böyük fəxr hesab edərək onun formasını əbədiləşdirdilər.

Nömrə "oğurlayan" azarkeşlər

Nömrələri "özəlləşdirənlər" təkcə dahi futbolçular deyil. Bu siyahıya azarkeşləri də əlavə etmək olar.

Belə ki, Türkiyənin "Fənərbaxça" klubu 12 nömrəli futbolkanı məhz azarkeşlərinin şərəfinə əbədiləşdirib. Azarkeşlərini həmişə komandanın 12-ci oyunçusu sayan "sarı bülbüllər" bu nömrəni məhz onlara "hədiyyə edib".

Kiprin APOEL klubu da eyni addımı atıb. Ancaq türklərdən fərqli olaraq kiprlilər 12-ni yox, ultras azarkeş klubunun yarandığı 1979-cu ilə uyğun olaraq 79 nömrəli futbolkanı əbədiləşdirib.

Ölümüylə əbədiləşənlər

Bəzən isə hər hansı oyunçunun nömrəsinin əbədiləşdirilməsində, həmin futbolçunun möhtəşəm oyunu yox, kədərli həyatı və vaxtsız ölümü əsas rol oynayır.

Buna ilk olaraq Kamerun millisinin üzvü Mark Vivyen Foeni göstərmək olar. 2003-cü ildə təşkil edilən Konfederasiyalar kubokunda oyunun gedişində ürəyi dayanaraq həyatla vidalaşan futbolçunu ilk yad edən "Mançester Siti" klubu oldu. Belə ki, "Şəhərlilər" futbolçunun bu klubda geyindiyi 23 nömrəli futbolkanı əbədiləşdirmək qərarına gəldi. Daha sonra Foenin əvvəllər çıxış etdiyi "Lans" və "Lion" klubları da eyni addımı atdı. Foenin bu klublarda geyindiyi 17 nömrəli futbolka muzeyə göndərildi. Ancaq "Şirlər" daha sonra komandaya transfer edilən başqa kamerunlu futbolçu Jan Makuna həmyerlisinin formasını verməklə bu ənənəyə son qoydu. Kamerun millisi də yığmanın 17 nömrəli futbolkasının mərhum futbolçunun şərəfinə əbədiləşdirilməsi xahişi ilə FİFA-ya müraciət etdi. Ancaq dünyanın ali futbol qurumu bir neçə il öncə argentinalılara olduğu kimi kamerunlulara da "yox" cavabını verdi.

Foe kimi meydanda həyatını itirən Miklos Feherin də nömrəsi əbədiləşdirildi. Macar oyunçunun çıxış etdiyi "Benfika" klubu mərhum futbolçunun 29 nömrəli futbolkasını “möhürlədi”.

İstənilən halda nömrələrin əbədiləşdirilməsi klub rəhbərliyinin həmin oyunçuya olan hörmətini nümayiş etdirir. Ancaq nömrələrin əbədi olaraq muzeyə qoyulması hamı tərəfindən birmənalı qarşılanmır. Buna ən yaxşı münasibəti İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Alessandro Del Pyero bildirib. Əfsanəvi "10 nömrə" formasının əbədiləşdirilməsiylə bağlı ona ünvanlanan suala belə cavab verib:

"Əlbəttə, bu qürurverici bir şeydir. Ancaq klubun aşağı yaş qruplarında bu formanın xəyalıyla böyüyən nə qədər gənc futbolçunun olduğunu da unutmamaq lazımdır. Bu arzunu onların əlindən almamalıyıq".

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm