“Kristal Zal”ı 3 hissəyə böldülər - “Yumruq döyüş”ü olacaq - FOTOREPORTAJ
Bizi izləyin

İdman

“Kristal Zal”ı 3 hissəyə böldülər - “Yumruq döyüş”ü olacaq - FOTOREPORTAJ

İlk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunları üçün hazırlanan idman obyektlərindən biri də Bakı "Kristal Zal"dır.

Publika.az bu dəfə “Kristal Zal”dan reportaj hazırlayıb.

“Eurovision”dan Avropa Oyunlarına...

Yəni “Eurovision 2012″ mahnı müsabiqəsinin keçirildiyi Bakı “Kristal Zal” artıq öz yerini Bakı 2015 İlk Avropa Oyunlarına verib. “Bakı 2015”-in bəzi yarışları bu möhtəşəm arenada keçiriləcək. Bunun üçün “Kristal Zal” 3 hissəyə bölünüb və 5 idman növü üzrə yarışlar təşkil olunacaq.

“Kristall Hall” akustik divar vasitəsilə 2 hissəyə bölünüb: “Kristal-1” və “Kristal-2”. “Eurovision” ərəfəsində media mərkəzi kimi istifadə olunmuş mərkəzin isə daxilində konstruksiya işləri aparılaraq dəyişdirilmiş və hazırda həmin zal “Kristal-3” adlandırılıb. 16 gün ərzində keçiriləcək yarışlara ümumilikdə 19500 tamaşaçının gəlməsi gözlənilir.

“Kristal-1”-də iyunun 13-dən başlayaraq 16 günlük Voleybol yarışları keçiriləcək. 3796 tamaşaçı tutumuna malik zalın birinci hissəsində 336 idmançı iştirak edəcək.

“Kristal-2”-də iyunun 16 iyundan başlayaraq, 12 gün boks yarışları baş tutacaq. 2000 tamaşaçı tutumlu ikinci zalda 330 idmançı iştirak edəcək.

“Kristal-3”-də isə karate, taekvondo, qılıncoynatma yarışları baş tutacaq.

Zaldakı hazırlıqlarla yaxından tanış olmaq üçün kompleksə yollandıqda doğrudan da I Avropa Oyunlarına möhtəşəm hazırlıq getdiyinin şahidi olduq.

Sınaqdan keçən möhtəşəm qurğu...

Publika.az bu reportajda “Kristal Zal”ın 1-ci və 2-ci hissələri barədə məlumat verəcək.

Mötəbər yarışlara hazırlıq, görülən işlər barədə bizi obyektlərin idarə olunması üzrə menecerlər Ləman Həsənova və Orxan Əfəndiyev dəqiq məlumatlandırdı:

“Dəhlizlərdə VİP qonaqların istirahəti üçün stollar və divanlar qoyulacaq. Burada yemək yeyə, kofe içə biləcəklər. Bura “Kristal-1” və “Kristal-2” üçün ortaq məkan olacaq. Liftlər vasitəsilə 3-cü mərtəbəyə çıxaraq “Kristal-2” zalına keçmək mümkündür.

Burada aprelin 15-dən 19-dək boks üzrə sınaq yarışları keçirilib. Mayın 9-10-da qılıncoynatma, 18-də karate üzrə sınaq yarışları baş tutub. Mayın 21-də taekvondo, 24-də isə voleybol üzrə ilk sınaq yarışları keçiriləcək”.

2 gün ərzində sökülə biləcək kontruksiya

“Müvəqqəti oturacaqlar qurulub. Avropa Oyunları başa çatandan sonra oturacaqlar 2 gün ərzində söküləcək. Meydançanı işıqlandırmaq üçün yeni işıqlar da qurulub. Oyunlar zamanı “Kristal Hall”ın öz işıqları söndürüləcək, ancaq meydançanın işığı yandırılacaq. Oyun meydançasının kənarında müvəqqəti oturacaqlar qoyulub. Voleybol üzrə yarışları 4000, boksu 2000, karate və taekvondonu 1495, qılıncoynatmanı 1012 nəfər tamaşaçı izləyə biləcək. “Kristal Zal”da işçi heyətinin sayı 3 mindən çoxdur”.

“Fiziki məhdudiyyətli insanlar da düşünülüb”

Fiziki məhdudiyyəti olan insanlar üçün də yerlər nəzərdə tutulub. Əlil arabalarının keçə bilməsi üçün panduslar var. Bu da onu göstərir ki, əngəl tanımayan izləyicisi ilə zalda möhtəşəm yarışlardan biri baş tutacaq.

Bakı 2015 Avropa Oyunları bütün yarış obyektlərində fiziki məhdudiyyətli şəxsləri müşayiət edən şəxslə birlikdə yerlə təmin edir. Əlil arabası və fiziki məhdudiyyətli şəxslər üçün ayrılmış yerlərin sayı yarış obyektindən asılı olaraq fərqlənir.

Texniki heyətlə atletlər üzləşməyəcək

Obyektlərin idarə olunması üzrə menecerlər bildirib ki, texniki heyətlə atletlərin üzləşmək imkanı yoxdur:

“Hakim və texniki heyət zala bir tərəfdən, idmançılar isə digər tərəfdən zala daxil olacaq”.

Avropa Oyunlarının keçiriləcəyi hər bir idman obyektində mətbuat mərkəzi və şərhçi mərkəzi fəaliyyət göstərəcək, yarışları yaxından izləmək üçün bu mərkəzlərdə hər bir şərait yaradılacaq”.

Qeyd edək ki, hazırda Bakı “Kristal Zal”da son tamamlama işləri aparılır.

Öncə “dinamika”, sonra güc və aqressiya

Bakı 2015 Avropa Oyunlarında voleybol yarışları iyunun 13-28-də baş tutacaq. Bu növdə 480 idmançı - Bakı “Kristal Zal”ında keçiriləcək voleybol yarışlarında iki medal dəsti uğrunda mübarizə aparacaqlar. Yarışlarda Rio 2016 Olimpiya Oyunları üçün kvalifikasiya xalları qazanmaq imkanı da olacaq.

Boksçularımız da İlk Avropa Oyunlarında qələbəyə ciddi hazırlaşırlar. Güc və aqressiya tələb edən boks yarışları 296 atletin mübarizəsi şəraitində 12 gün ərzində davam edəcək. Yekunda 15 dəst medal öz sahibini tapacaq.

Aygün İlqarqızı

FOTOLAR: Rəşad Abbasov

Əvvəlki reportajlar:

Bakı Olimpiya Stadionu

Tofiq Bəhramov adına Respublika stadionu

Bakı Su İdmanı Sarayı

Velopark

Bakı Atıcılıq Mərkəzi

Heydər Əliyev adına İdman Sarayı

Bakı İdman Zalı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm