“Qarabağ”lıların kökdən düşmək üçün heç bir əsasları yoxdur
Bizi izləyin

İdman

“Qarabağ”lıların kökdən düşmək üçün heç bir əsasları yoxdur

Azərbaycan Premyer Liqasında 35-ci turun oyunları eyni gündə - mayın 22-də keçiriləcək. Bəlkə də bu dəfə PFL-i oyunları eyni günə təyin etdiyinə görə qınamağa dəyməz. Nöşün ki, bütün oyunlar demək olar ki, əhəmiyyətsizdir. Belə mənasız qarşılaşmaları izləmək üçün kiminsə stadiona gedəcəyi də inandırıcı deyil.

Publika.az 35-ci turun afişasını təqdim edir.

“Qarabağ” bundan yaxşı sübut tapa bilər?

Ancaq bütün hallarda “Qarabağ”ın fanatları stadionda olmalıdır. Yox, “İnter”lə oyun nəyisə dəyişməyəcək. Sadəcə, “Bankirlər”lə oyundan sonra “Qarabağ”a qızıl medallar təqdim olunacaq. Elə bu amili nəzərə alsaq, “Qarabağ”lılar “İnter”lə qarşılaşmaya başdansovdu yanaşmamalıdır. “Bankirlər” çempionluq uğrunda mübarizədə “Köhlən atları” xeyli təqib etdilər. Deməli, Qurban Qurbanovun yetirmələri təqibçilərinə nəyisə sübut etməlidir. “Qarabağ” “İnter”ə qalib gəlib, “biz əsl çempionuq” deməkdən yaxşı sübut tapa bilər?

Üstəlik, “Qarabağ”ın futbolçularının vaxtından əvvəl kökdən düşmək üçün heç bir əsasları yoxdur. Qarşıda ölkə kubokunun finalı var. “Neftçi” ilə qarşılaşmaya qədər oyun kondisiyasını qorumaq lazımdır. Özü də bu, “Qarabağ” üçün çempionatda sonuncu oyundur. Kubok qarşılaşmasına isə təxminən 2 həftə qalır. “Qarabağ” finalda aşırı istirahətin acısını çəkə bilər.

Rəqiblərin son 3 oyununda qol vurulmayıb. “Qarabağ” 18 oyundur rəqibinə məğlub olmur. “İnter” son 2 ev oyununda da qol vura bilməyib.

İnter – Qarabağ: 42 oyun, 9 qələbə, 15 heç-heçə, 18 məğlubiyyət, top fərqi – 26:46.

Qalib gəlməlidilər ki, ipucu əldə etsinlər

Ötən tur istirahət edən “Neftçi” bu dəfə “Bakı”nın qonağı olacaq. Əyyam o əyyam olsaydı, “Neftçi”nin Biləcəriyə istirahətə gedəcəyini iddia edə bilərdik. Çünki “Bakı”nın durumuna ağlamaq üçün iki göz bəs etmir. Amma “Neftçi”də də vəziyyət yaxşı deyil axı. Komandada ab-hava zəlzələdən sonrakı xarabazarlığı xatırladır. Amma bütün hallarda, Arif Əsədovun güvənəcəyi futbolçular “Bakı”ya qalib gəlməyə borcludular. Qalib gəlməlidilər ki, “Neftçi”də qala bilmək üçün ipucu əldə etsinlər. “Neftçi”nin bürünc medallara şansı hələ də qalır. Düzdür, “Ağ-qaralar”ın taleyi öz əllərində deyil. “Neftçi”nin medal alması üçün “Qəbələ” sonuncu turda qələbə qazanmamalıdır. Amma həm də “Neftçi” hər iki oyunda qalib gəlməlidir axı. Buyurun, birincisi “Bakı”dır.

Paytaxt derbisində yubiley - 50-ci oyun baş tutacaq. “Neftçi” son 4 qarşılaşmada qalib gəlib. Ardıcıl 8 oyundur heç-heçə qeydə alınmır. “Bakı” son 7 ev oyununda qol sevinci yaşayıb.

Bakı – Neftçi: 49 oyun, 11 qələbə, 9 heç-heçə, 29 məğlubiyyət, top fərqi – 41:70.

Oyunu istədikləri kimi idarə edə bilərlər

Şüvəlanda keçiriləcək qarşılaşma AZAL üçün təsəlli xarakteri daşıya bilər. “Təyyarəçilər” turnir cədvəlində təqib etdikləri “Simurq”u qəbul edəcək. AZAL qələbə qazanacağı təqdirdə, rəqiblə xallarını bərabərləşdirəcək. “Simurq”un futbolçuları üçün çempionat çoxdan başa çatıb. Yanvardan bəri məvacib ala bilməyən və ala bilməyəcəkləri barədə xəbərdarlıq da alan futbolçular öz işlərini vicdanla yerinə yetirdilər. Ötən tur Zaqatalada “Bakı”nı darmadağın edib, azarkeşlərlə vidalaşdılar. Bu oyundan sonra legionerlər vətən, yerlilər də başqa klub havasına kökləniblər. “Təyyarəçilər”ə daha nə lazımdı ki? Heç bir maneə yoxdur. Oyunu istədikləri kimi idarə edə bilərlər.

“Simurq” son 3 oyunda meydanı qolsuz tərk etməyib. Zaqatala təmsilçisi son 4 səfər oyununda rəqib qapısına yol tapıb. AZAL 10 görüşdür rəqibinə qalib gələ bilmir.

AZAL – Simurq: 25 oyun, 8 qələbə, 10 heç-heçə, 7 məğlubiyyət, top fərqi – 28:26.

Təsəlli

Sumqayıtda keçiriləcək qarşılaşmanın iştirakçıları da meydana təsəlli xətrinə çıxacaqlar. “Xəzər Lənkəran”ın gəncləri son iki turda hamını təəccübləndiriblər. Bu nədir, gənclərin komandada möhkəmlənmək istəyi, yoxsa Yunis Hüseynov amili? “Gəmiçilər”in sükan sahibi Elbrus Məmmədovun PRO kateqoriyasının müddəti başa çatıb. Bu səbəbdən son iki oyunda protokolda “Xəzər Lənkəran”ın baş məşqçisi kimi Yunis Hüseynovun adı göstərilib. Və “Ağ-yaşıllar” bu qarşılaşmaların heç birində məğlub olmayıblar. “Qarabağ”la heç-heçə edib, AZAL-a qalib gəliblər. “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov “Xəzər Lənkəran”a qarşı taktika qurarkən, bu tilsimi zərərsizləşdirmək üçün çarə axtarmayacaq. Çünki Yunis Hüseynov Afrikaya gedib.

Komandaların son 6 oyununda heç-heçə qeydə alınmayıb. “Sumqayıt” ardıcıl 4 matçda meydanı qolsuz tərk etməyib. “Xəzər Lənkəran” son 2 qarşılaşmada qalib gəlib.

Sumqayıt – Xəzər Lənkəran: 13 oyun, 2 qələbə, 4 heç-heçə, 7 məğlubiyyət, top fərqi – 14:23.

Natiq

Topaz Premyer Liqası, 35-ci tur

22 may

18:00 Sumqayıt – Xəzər Lənkəran

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Elvin Əsgərov.

“Kapital Bank Arena”

18:00 Bakı – Neftçi

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Munis Abdullayev.

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

19:00 AZAL – Simurq

Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Coşqun Həsənov, Ramil Əhmədov

“AZAL Arena”

20:00 İnter – Qarabağ

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Yaşar Abbasov, Əliyar Ağayev

“İnter Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm