“Kristal-3” döyüşçülərə meydan olacaq - FOTOREPORTAJ
Bizi izləyin

İdman

“Kristal-3” döyüşçülərə meydan olacaq - FOTOREPORTAJ

Avropa Oyunlarının təşkilində bir çox gənc iştirak edir, onlar öz təcrübə və bacarıqlarını artırır. Birinci Avropa Oyunlarından sonra Bakı “Kristal Zal”ında keçiriləcək tədbirlər öz möhtəşəmliyi ilə yadda qalacaq. Avropa oyunları zamanı yarışların keçiriləcəyi önəmli yerlərdən biri də “Kristal Hall”dır. Üç hissəyə ayrılan qurğunun ilk iki hissəsindən reportajı sizə təqdim etmişdik. Bu dəfə “Kristal-3” haqda məlumat verəcəyik.

Burada keçiriləcək karate və taekvondo yarışlarını 1500, qılıncoynatmanı isə 1000-ə yaxın tamaşaçı izləyə biləcək.

Avropa Oyunlarının keçiriləcəyi hər bir idman obyektində mətbuat mərkəzi və şərhçi mərkəzi fəaliyyət göstərəcək, yarışları yaxından izləmək üçün bu mərkəzlərdə hər bir şərait yaradılacaq.

Yarışların ilk günündə bu zalda karate yarışlarına start veriləcək. Avropa Oyunlarının keçiriləcəyi 17 gün ərzində burada idman yarışları təşkil olunacaq. Yarışların yayınlanması üçün artıq bir neçə televiziya kanalı ilə müqavilə imzalanıb, yayımın keyfiyyətlə həyata keçirilməsi üçün burada bütün lazımi şərait yaradılacaq.

Bu zalda keçiriləcək karate 2 gün – iyunun 13 və 14-də olacaq. İyunun 16-dan başlayan taekvondo yarışları 4 gün davam edəcək. 5 gün keçiriləcək qılıncoynatma yarışları isə iyunun 23-dən başlayacaq.

Menecer: “Zal hər yarış üçün hazırlanır”

“Kristal Zal”ın 3-cü hissəsi haqda menecerlərdən biri Ləman Həsənova danışdı: “Zal hər yarış üçün hazırlanır. Karatedə 2, taekvondo zamanı 1 yarış meydançası olacaq. 3 idman növündə 48 ölkənin yarışacağı gözlənilir. Hər yarışa fərqli sayda ölkələr qatılacaq. Karate üçün 42, taekvondo üçün 41, qılıncoynatma üçün isə 38 ölkənin iştirakı gözlənilir. Taekvondo və karate üçün azarkeş tutumu 1495 nəfər, qılıncoynatma üçün isə 1012 nəfər olacaq. Burada idmançıların dincəlməsi, hazırlanmaları üçün şərait yaradılıb”.

Karateçilər, taekvondoçular və qılıncoynadanlar...

Avropa Oyunlarında karate yarışları iki gün müddətində medal uğrunda fərdi kumite üzrə 10 yarış, fərdi kata üzrə isə 2 yarış keçiriləcək. Avropanın karate üzrə ən güclü idmançıları (48 kişi və 48 qadın) “Kristal-3”-də tatami üzərində öz istedadlarını nümayiş etdirəcəklər.

Avropa Oyunlarında taekvondo idmanı dörd çəki kateqoriyasından ibarətdir. Dörd yarış günü (iyunun 16-20) ərzində ümumilikdə 128 kişi və qadın idmançı mübarizə aparacaq. Ev sahibliyi edən ölkəyə yarışda iştirak üçün bir yer verilir. Bundan başqa, təsnifat yarışlarında uğur qazana bilməyən ölkələrdən birinə də universallıq prinsiplərinə əsasən Oyunlarda iştirak etmək üçün bir yer ayrılır. İlk Avropa Oyunlarında taekvondoçular 8 dəst medal üçün mübarizə aparacaq.

İyunun 23-dən 27-nə kimi isə möhtəşəm zalda Avropanın ən güclü qılıncoynadanları fənd işlətməklə və silahlarının cəld hərəkəti ilə qələbəyə doğru irəliləyəcəklər. Beş yarış günü ərzində 216 qılıncoynadan kişi və qadın, fərdi və komanda şəklində rapira, şpaqa və sablya yarışlarında iştirak edəcək. Ümumilikdə 12 medal yarışı keçiriləcək.

Aygün İlqarqızı

Əvvəlki reportajlar:

Bakı Olimpiya Stadionu

Tofiq Bəhramov adına Respublika stadionu

Bakı Su İdmanı Sarayı

Velopark

Bakı Atıcılıq Mərkəzi

Heydər Əliyev adına İdman Sarayı

Bakı İdman Zalı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm