• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Dəstək, yoxsa gözdənsalma kampaniyası? - SORĞU

  • İdman
  • 5 Mart 2014 14:31
  • 676 Baxış
Dəstək, yoxsa gözdənsalma kampaniyası? - SORĞU

“Neftçi”-Qarabağ” oyununda qeydə alınan hakim səhvləri hələ də müzakirə olunur. AFFA İntizam Komitəsi oyunun video yazısına baxdıqdan sonra “Neftçi”nin futbolçusu Araz Abdullayevə göstərilən qırmız vərəqəni ləğv etdi.

Gözləmək olardı ki, İntizam Komitəsi “Qarabağ”ın futbolçusu Almeydanın hakimin diqqətindən yayınan kobudluğu ilə də bağlı ölçü götürəcək və futbolçunu cəzalandıracaq. Ancaq bu, baş vermədi. İntizam Komitəsinin bunca ikili standartlardan çıxış etməsi əlavə söz-söhbətlərə rəvac verdi. Bir qisim iddia edir ki, əvvəllər “Neftçi”nin çempion olmasına çalışan AFFA, indi də “Qarabağ”ı “dartır”. Digərləri isə iddia edir ki, “Qarabağ”a belə “dəstək” lazım deyil, Ağdam klubu onsuz da güclüdü. Ancaq onlara qarşı belə lazımsız “dəstək” verməklə kimlərsə komandanın uğuruna kölgə salmağa cəhd edir. Publika.az məsələ ilə bağlı futbol ictimaiyyətinin fikirlərini öyrəndi.

““Qarabağ”a hakim köməyi lazım olsaydı...”

Futbolinfo.az saytının baş redaktoru Vüsal Mahmudov “Qarabağ”a qarşı hansısa kampaniyanın aparıldığına inanmır: “Hansısa kampaniya aparıldığına inanmıram. Bizdə çempion olan komandalar həmişə hakimlərlə işbirliyində ittiham olunur. Düzdü, bir çox hallarda şayiələri təsdiqləyən faktlarla üzləşirik. Amma yenə də mən hansısa kampaniyaya inanmaq istəmirəm. Almeydaya gəlincə, o, cəzalanmalıydı. Gəl ki, “Neftçi”nin oyunlarına təyinat alan hakimlər o qədər təzyiq altında olur ki, özlərini itirirlər. Çox təcrübəli olmasına baxmayaraq, Vüsal Əliyev də bunun qurbanı oldu. O, mərkəzi oyunda qüvvələr nisbətini pozmamaq üçün dəfələrlə qırmızı vərəqəlik epizodlara göz yumdu və elə bununla da səhv etdi. “Qarabağ”a hakim köməyi lazım olsaydı, onlar yəqin ki, bunu mərkəzi oyunda yox, autsayderlərə dəfələrlə xal bağışladıqları oyunlarda edərdilər və indi izləyicilərindən 20 xal öndə olardılar”.

“AFFA-nın niyyətinin nə olduğunu dəqiq deyə bilmərəm”

Müstəqil jurnalist Emin Abbasov deyir ki, “Qarabağ” sərgilədiyi baxımlı oyunla səviyyəsini bütün ölkəyə göstərir: “Arxada qalan 24 turda hakimlər "Qarabağ"ın lehinə uzaqbaşı 3-4 epizodda səhv qərar veriblər. Bu da hər bir komandanın xeyirinə olur mövsümboyu. Heç kim deyə bilməz ki, hakimlər "Qarabağ"ı çiyninə qaldırıb irəli sürüyür. Arxada qalan illərdə ən çox hakim haqsızlığına məruz qalan klublardan biri də məhz "Qarabağ" olub. "Neftçi" ilə matçda da Rəşad Sadıqov hakimə yaxınlaşaraq Araz Abdullayevə qırmızı vərəqə göstərməməsini istəyib. AFFA-nın niyyətinin nə olduğunu dəqiq deyə bilmərəm, ancaq “Qarabağ”ın köməyə ehtiyac yoxdur”.

““Qarabağ”a dəstəyin PFL prezidentindən gəldiyi məlumdu”

“Komanda” qəzetinin baş redaktoru Rəşad Ergün çempionatda pərdəarxası “oyun” oynanıldığı qənaətindədir: “Azərbaycan çempionatında hər mövsüm olduğu kimi bu il də böyük “oyunlar” oynanılır. Amma bu dəfə "oyun"un qalibi "Neftçi" yox, "Qarabağ" olmaq üzrədi. “Qarabağ”a birbaşa dəstəyin PFL prezidentindən gəldiyi də məlumdu. Ağdam klubu növbəti turda "Bakı" ilə oynayır. "Neftçi"nin sıradan çıxmasından sonra ağdamlılar üçün ən ciddi təhlükə məhz Hafiz Məmmədovun komandasıdı.

Belədə Almeydanın cəzalandırılmamasını anlamaq olar. Musayev dostlarının komandasının çempion olacağına əmindi, amma Almeydaya cəza verilməməklə yenə də işini ehtiyatlı tutur ki, komanda “Bakı” qarşısında problem yaşamasın. Xaqani Məmmədova gəlincə, o, Musayevin kölgəsidi. Çıxıb istədiyini deyə bilər. Amma onun dedikləri çoxdan AFFA-da ciddiyə alınmır”.

“Heç bir kampaniya bu göstəriciyə kölgə sala bilməz”

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə deyir komandanın hər hansı bir kənar köməyə ehtiyacı yoxdur: “Almeydanın cəzalandırılmaması məsələsinə mən də əks arqument kimi bunu göstərirəm ki, Ramos niyə cəzalandırılmadı? 44-cü dəqiqədə Ramosun Çumbiniyonun qarnına endirdiyi boksvari zərbəni ən peşəkar boksçu belə vurmaqda acizdir. Əgər Ramos cəzalanmayıbsa, Almeydanın cəzalanmaması tam normaldır. Xəqani Məmmədov ola bilsin ki, Ramosun epizodunu nəzərdən qaçırdıb.

Yenə deyirəm, stadionda olan hər kəs Ramosun Çumbiniyoya necə peşəkar bir boksçu kimi zərbə endirdiyinin şahidi oldu.

Son 3 mövsümdə müəyyən bəlli vaxtlar ərzində “Qarabağ”a hakimlərin və ya PFL-in kömək etdiyi, komandanın çempion olacağı ilə bağlı söhbətlər olub. Ancaq bu söz-söhbət əsasını tapmadı. Çünki “Qarabağ” son 3 mövsümdə çempionluq əldə etməyib. Eyni tipli söhbətlər bu il də yayılıb.

Ümumiyyətlə, “Qarabağ” son illərdə bütün iddialı komandalarla oyunda yaxşı nəticə göstərir. Demək olar ki, hamısına böyük hesabla qalib gəlib. Bu mövsüm də istisna deyil.

“Qarabağ” hamıdan çox qələbə qazanıb, daha çox qol vurub, hamıdan az məğlub olub, az qol da buraxıb. Bu da komandanın gücünün göstəricisidir. Heç bir kampaniya bu göstəriciyə kölgə sala bilməz”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR