• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Cansıxıcı yük”ü atırlar - Nəhayət ki, yekunlaşır

  • İdman
  • 27 May 2015 14:10
  • 305 Baxış
“Cansıxıcı yük”ü atırlar - Nəhayət ki, yekunlaşır

Azərbaycan Premyer Liqasında 2014/15 mövsümünə mayın 28-də yekun vurulacaq. Əslində mövsümə de-fakto çoxdan yekun vurulub. Mükafatçılar bəlli, elitadan gedənlər və gələnlər də məlum. Sadəcə çempionatı de-yure başa vurmaq qalırdı ki, bu cansıxıcı yükdən də Peşəkar Futbol Liqası mayın 28-də canını qurtaracaq. “Bir daha belə maraqsız çempionata tuş gəlməyək” demək istəyirəm, amma deyə bilmirəm. Niyəsi də bəllidir, hadisələrin gedişi göstərir ki, növbəti mövsüm bu ilə şükür edəcəyik.

Publika.az sonuncu – 36-cı turun afişasını təqdim edir.

Belə təntənəyə xələl gətirmək olmaz

Bu tur yalnız Qəbələdə azarkeşlər üçün maraqlı məqamlar yaşana bilər. “Qəbələ” “Bakı” ilə qarşılaşmada bürünc medalları qəbul edəcək. Təbii ki, belə təntənəyə xələl gətirmək olmaz. Mütləq qələbə qazanmaq lazımdır. Rəqib də münasibdir - çempionatın ritmindən lap əvvəldən qopan “Bakı”dır. Qalib gəlmək, medalları qəbul etmək və avrokuboklara hazırlaşmaq lazımdır. Hazırlaşmaq lazımdır ki, “Qəbələ” ötənilki fiasko ilə üzləşməsin.

“Bakı” son 9 qarşılaşmada qalib gələ bilməyib. “Qəbələ” ardıcıl 9 oyundur meydanı qolsuz tərk etmir. Cari mövsümün hər 3 oyununda eyni sayda - 2 qol vurulub.

Qəbələ – Bakı: 27 oyun, 9 qələbə, 6 heç-heçə, 12 məğlubiyyət, top fərqi – 27:29.

Lənkərandakı oyun baş tutacaq?

Çempionatın son turunda “Xəzər Lənkəran” “Simurq”u qəbul edəcək. Bu oyunun baş tutub-tutmayacağı hələ də müəmmalıdır. Zaqatala klubu Lənkərana səfər etmək üçün pul tapa bilmir. Acınacaqlı durumdur, ancaq reallıqdır. “Simurq” Lənkərana getsə də, məğlub olmağa gedəcək. Çətin ki, cənublu gənclər komaya düşən “Simurq”un futbolçularını “fırtınalar meydanı”ndan sağ buraxsın.

Lənkəranda baş tutan son 2 oyunda hər iki komanda qol sevinci yaşayıb. Cari mövsümün matçlarında meydan sahibi olan komanda 3 xal əldə edib. Son 4 qarşılaşmada meydan sahibi olan tərəf 2 qol vurub.

Xəzər Lənkəran – Simurq: 21 oyun, 10 qələbə, 7 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 30:24.

Bunu da düşünsələr pis olar?

Rəhbərlikdə aparılan kadr islahatlarından sonra olan-qalan nüfuzunu da itirən “Neftçi” son turda AZAL-ı qəbul edəcək. Ötən tur “Bakı”ya qalib gələ bilməyərək, bürünc medaldan da əlini üzən “Ağ-qaralar”ın gününə ağlayan gərəkdir. Komandanın baş məşqçisi Arif Əsədov hər biabırçılıqdan sonra “kubokun finalını düşünürük” deyir. Güman ki, “Neftçi” elə AZAL-la oyunda da kubokun finalını düşünəcək. Düşünməyinə düşünsünlər ey, amma bu komandanın tarixinə yazılan biabırçılıqların sayının artdığını da düşünsələr pis olar?

Paytaxt derbisində “Neftçi” böyük üstünlüyə malikdir. “Ağ-qaralar” son 7 ev oyununda ardıcıl qələbə qazanıb.

Neftçi – AZAL: 25 oyun, 13 qələbə, 7 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 42:20.

“Bankirlər” Sumqayıta aparmağa futbolçu tapacaq?

Turun daha bir qarşılaşması isə “Sumqayıt”da baş tutacaq. Baş tutacaqmı? “Qarabağ”la oyundan sonra keçirilən mətbuat konfransında “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze ölkəsinə qaçacağını bildirdi. Elə legionerlərə də icazə verdiyini bəyan etdi. “Bankirlər” Sumqayıta aparmağa futbolçu tapacaqmı? Taparlar yəqin. Daim gözümçıxdıya salınan yerlilərə nə gəlib?

“Sumqayıt” tarixi ərzində “İnter”ə qalib gəlməyib. “Gənclik şəhəri” təmsilçisi bu rəqibə tarixində cəmi 1 qol vurub. Son iki qarşılaşmada qolsuz heç-heçə qeydə alınıb.

Sumqayıt – İnter: 11 oyun, qələbə yoxdu, 3 heç-heçə, 8 məğlubiyyət, top fərqi – 1:17.

Natiq

Azərbaycan Premyer Liqası, 36-cı tur

28 may

21:00 Xəzər Lənkəran – Simurq

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Əhmədağa Cabbarov

“Xəzər Lənkəran” mərkəzi stadionu

20:00 Neftçi – AZAL

Hakimlər: Elvin Əsgərov, Coşqun Həsənov, Rahil Ramazanov, Nail Nağıyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Məlik Həsənov

“Bakcell Arena”

20:00 Qəbələ – Bakı

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Munis Abdullayev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Adil Nadirov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qəbələ şəhər stadionu

19:00 Sumqayıt – İnter

Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, Namiq Hüseynov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Rövşən Əhmədov

“Kapital Bank Arena”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR