"Sevilya" tarix yazdı
Bizi izləyin

İdman

"Sevilya" tarix yazdı

Mayın 27-də futbol üzrə UEFA Avropa Liqasının final görüşü keçirilib.

Varşavadakı Milli Stadionda keçirilən final oyununda Ukraynanın “Dnepr” kollektivini 3:2 hesabı ilə məğlub edən İspaniyanın “Sevilya” komandası UEFA Avropa Liqasının dördüncü dəfə qalibi olub.

Oyunun qarşılıqlı hücumlar şəraitində keçən ilk hissəsində dörd qol qeydə alınıb. Qarşılaşmada hesabı ukraynalılar açıblar. Görüşün 7-ci dəqiqəsində Nikola Kaliniç "Dnepr"i hesabda irəli çıxıb – 1:0.

Lakin oyunun 28-ci dəqiqəsində Qrzeqorz Krıçoviakın vurduğu qolla hesabı bərabərləşdirən “Sevilya” üç dəqiqə sonra Karlos Bakkanın dəqiq zərbəsindən sonra 2:1 hesabı ilə irəli çıxıb.

Fasiləyə bir dəqiqə qalmış - 44-cü dəqiqədə “Sevilya”nın qapısını dəqiq nişan alan Ruslan Rota “Dnepr”in bərabərlik qolunu vurub - 2:2.

Komandalar fasiləyə bu hesabla yollanıblar.

Oyunun ikinci hissəsində üstünlüyü tamamilə ələ alan "Sevilya"nın aramsız hücumları 73-cü dəqiqədə bəhrəsini verib. Kolumbiyalı legioner Karlos Bakka özünün ikinci, komandasının isə üçüncü qolunu "Dnepr"in qapısından keçirib.

"Dnepr" qalan vaxt ərzində hesabı bərabərləşdirə bilməyib. Nəticədə "Sevilya" 3:2 hesabı ilə qalib gələrək UEFA Avropa Liqasında dördüncü çempionluğuna nail olub. Bu qələbə ilə “Sevilya” həm də UEFA Avropa Liqası kubokunu dörd dəfə qazanan ilk klub olub.

Dnepropetrovsk təmsilçisi isə avrokubokların finalına ilk dəfə yüksəlsə də, bundan artığını edə bilməyib.

Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edib. Baş hakim Martin Atkinsona həmyerliləri Mixael Mullarkey və Stefen Çild kömək ediblər.

UEFA-nın qəbul etdiyi yeni qaydalara əsasən “Sevilya” Avropa Liqasının qalibi kimi Çempionlar Liqasında oynamaq hüququ qazanan ilk komanda olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm