Dahilərin davamçıları - Futbolun gələcəyi kimlərin beynindədir?
Bizi izləyin

İdman

Dahilərin davamçıları - Futbolun gələcəyi kimlərin beynindədir?

Hər nə qədər güclü oyunçulara sahib olursan ol, komandanı meydana çıxaran baş məşqçinin bacarığı meydanda həlledici rol oynayacaq. Oyunu oxumağı bacaran, əlindəki "material"dan düzgün istifadə etməyi bilən məşqçi hər cür uğura imza atmağa qadirdir. Dünya futbolunda bunun dəfələrlə şahidi olmuşuq. Yohan Kroyff, Karlo Ançelotti, Marçello Lippi, Aleks Ferqyuson, Lui Van Qal, Visente Del Boske və s. kimi məşqçilər müxtəlif taktikalarıyla və oyunu oxumaq bacarığıyla dünyada ad çıxarıblar. Ancaq zaman keçdikcə bu mütəxəssislər bir-bir dünya futbolundan ayrılırlar. Bir çox halda isə onların boşluğunu dolduran tapılmır. Buna ən bariz nümunə kimi Aleks Ferqyusonu göstərmək olar.

1986-cı ildən 2013-cü ilə kimi düz 27 il (!) "Mançester Yunayted"i çiyinlərində daşıyan şotland mütəxəssis, "Qırmızı şeytanlar"a bir çox titul qazandırdı. Ancaq onun gedişiylə mankunianların düşdüyü vəziyyət göz önündədir. Düzdür, başqa dahi məşqçi Lui Van Qalın gəlişiylə vəziyyət nisbətən düzəlsə də, Ferqyusonun "Mançester Yunayted"inin yerini vermir.

Bəs hazırda dünya futbolunun əsas mütəxəssislərindən olan Joze Mourinyo, Karlo Ançelotti, Lui Van Qal kimi məşqçiləri bir neçə il sonra kimlər əvəzləyəcək?

Publika.az hazırda məşqçi karyerasının yüksəlişində olan bir neçə mütəxəssisi sizə təqdim edir.

Xulen Lopeteqi (İspaniya, "Portu")

1966-cı ilin 28 avqust tarixində İspaniyanın Asteasu şəhərində doğulan Lopeteqi "Real Sosyedad" futbol məktəbinin yetirməsidir. 1985-ci ildən Madrid "Real"ının əvəzedici komandası olan "Kastilya"da forma geyinməyə başlayan sabiq qapıçı 1988-91-ci illər aralığında "Kral klubu"nun əsas heyətinin üzvü olur. Lakin burda nadir hallarda meydana çıxmaq şansı qazanan Xulen 1991-ci ildə Madriddən ayrılaraq "Loqrones"ə üz tutur. O, 1994-cü ildən 1997-ci ilədək "Kral klubu"nun əzəli rəqibi olan "Barselona"da forma geyinməyə başlayır. 3 il Kataloniya klubunun ehtiyat oyunçular skamyasında gün keçirən ispan qapıçı 1997-ci ildə "Rayo Valyekano"ya yollanır. 5 il "Rayo"nun uğurları üçün çalışan Lopeteqi burda əsas heyətin üzvlərindən sayılır. 2002-ci ildə əlcəklərini mismardan asdıqdan sonra isə məşqçilik fəaliyyətinə başlayır. Məşqçilik fəaliyyətinə "Rayo Valyekano"da başlayan Lopeteqi bir il "Kastilya"nın "sükanı arxasında" olur. Daha sonra bir neçə il İspaniyanın aşağı yaş qruplarından ibarət millilərini çalışdıran Xulen, burda iki dəfə Avropa çempionu adına layiq görülür. Sabiq qolkiper 2012-ci ildə U-19, 2013-cü ildə isə U-21 millilərinə Avropa çempionluğunu qazandırır. Məhz bu uğurlarından sonra o, keçən ildən "Portu"nun "sükanı arxasına" keçir.

Lopeteqinin komandasının əsas üstünlüyü oyun ərzində rəqibi öz qapısına tərəf sıxışdırmaqla pressinq tətbiq etməkdən ibarətdir. O, komandasının cinahlarını gücləndirərək rəqibin bu istiqamətdə hücumlar etməsinin qarşısını alır. Lopeteqi oyun zamanı 4-2-4 taktiki sxemindən istifadə etməkdən çəkinmir.

Cari mövsümdə Lopeteqinin "Portu"su gözəgəlimli oyun sərgiləsə də, heç bir titul qazana bilmədi. Portuqaliya çempionatında çempionluğu əzəli rəqibi "Benfika"ya verən "Əjdahalar" Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə ilk oyundan 3:1 hesablı qələbəylə ayrılaraq azarkeşlərini ümidləndirsə də, cavab oyununda 1:6 hesablı darmadağınla onları məyus etdi. Buna baxmayaraq, Lopeteqinin komandasının sərgilədiyi oyuna nəzər saldıqda və Portuqaliya klubunda ilk mövsümünü keçirdiyini nəzərə alsaq, onun uğurlarının hələ irəlidə olduğunu düşünməyə əsas var.

Tomas Tuxel (Almaniya, "Borussiya" D)

1973-cü il avqustun 29-da Almaniyanın Krumbax şəhərində dünyaya gələn Tuxel futbolçu karyerasına yerli "Krumbax"da başlayır. Ancaq onun futbolçu karyerası çox qısa çəkir. Cəmi 26 yaşında zədə səbəbindən butslarını mismardan asmalı olur. O, məşqçilik fəaliyyətinə "Auqsburq"da başlasa da, əsas uğurlarını "Maynts"da qazanıb. 2009-cu ildən çalışdığı klubda seçdiyi hücumameylli oyun üslubu ilə bir çoxunun rəğbətini qazandı. O, oyun ərzində adətən 5-2-2-1 taktiki sxemindən yararlanır. Tuxel hücum zamanı əsasən cinahlardan istifadə edir. Onun komandası hücumda olduğu zaman geridə 5 müdafiəçidən yalnız 3-ü qalır.

Mütəxəssis hər nə qədər bacarıqlı olsa da, ortabab "Maynts"da öz potensialını tam göstərə bilməyib. Belə ki, Tuxelin ortabablardan ibarət "Maynts"da əsas uğuru komandanı 2 dəfə Avropa Liqasına çıxarması olub. Ancaq gələn mövsüm çalışdırıcının özünü sübut etmək üçün gözəl şansı var. Belə ki, Tuxel gələn mövsümdən Dortmund "Borussiya"sını çalışdıracaq.

Pavel Vrba (Çexiya, Çexiya millisi)

Çexiyalı mütəxəssis 1963-cü ilin 6 dekabrında Çexoslovakiyanın Prerov şəhərində dünyaya gəlib. Mütəxəssisin futbolçu karyerası elə də uğurlu keçməyib. Belə ki, karyerası boyunca ortabab klublarda var-gəl edən Vrba 1994-cü ildə - 31 yaşında butslarını mismardan asır. Bundan sonra məşqçilik fəaliyyətinə başlayan Vrbanın ilk iş yeri karyerasını bitirdiyi "Prerov" klubu olur. Mütəxəssis daha sonra "Banik", "Puxov", "Jilina", Slovakiya millisi (köməkçi məşqçi), "Viktoriya" (Plzen) kimi komandaların "sükanı arxasında" olur. Məşqçi 2014-cü ildən Çexiya millisini çalışdırır.

Vrbanın əsas xüsusiyyəti oyunun gedişində taktikanı ani olaraq dəyişə bilməsidir. O, oyun ərzində 4-3-2-1 və 4-2-3-1 taktikalarından istifadə edir. Ancaq rəqibin gücünə və təzyiqinə uyğun olaraq o, bu sxemi birdən 6-3-1-ə də dəyişə bilər. Ancaq Vrbanın komandası müdafiəyə çəkildikdə belə qorxaq futbol sərgiləmir. Belə ki, onun komandası hər an rəqibi əks hücumlarda cəzalandıra bilər.

Joslen Qurvennek (Fransa, "Genqam")

Peşəkar karyerasına "Renn"də başlayan Qurvennek daha sonra "Nant" və "Marsel" kimi klubların da şərəfini qoruyur. Joslen 2007-ci ildə karyerasını başa vurur. Bundan sonra o, məşqçilik fəaliyyətinə başlayır. İlk iş yeri isə 6-cı liqa klubu "Roşe" olur. Buna səbəb Joslenin o vaxtlar məşqçi kimi Pro lisenziyasının olmaması idi. Daha sonra isə 2010-cu ildə "Genqam"la anlaşır. O, bu klubun "sükanı arxasına" keçərkən "Genqam" Liqa 2-də mübarizə aparırdı. Ancaq Qurvennek 2013-cü ildə klubu Liqa 1-ə çıxarmağı bacarır. Elə 2013/14 mövsümündə də məşqçi kimi ilk və hələ ki, yeganə uğuru olan Fransa kubokunu qazanır.

Joslen komandasını daha çox 4-4-2 taktiki sxemiylə oynadır. Klassik ingilis taktikasından istifadə etsə də, onun komandası daha çox pressinq tətbiq edir.

Marselo Qalyardo (Argentina, "River Pleyt")

39 yaşlı Marselo Qalyardo karyerasının böyük hissəsini "River Pleyt"ə həsr edib. Argentina millisinin sabiq üzvü "River Pleyt"lə yanaşı, Avropada - PSJ, "Monako" kimi klubların da şərəfini qoruyub. Marselo ABŞ-da - MLS liqasında oynamağa da imkan tapır. Məşqçi fəaliyyətinə isə butslarını mismardan asdığı Uruqvay "Nasyonal"ında başlayır. 2011/12 mövsümündə bu klubu çalışdıran Qalyardo, burdakı ilk ilindəcə ölkə çempionluğunu qazanır. Keçən il isə doğma komandasına - "River Pleyt"ə yollanır. O, "River"ə heç kimin gözləmədiyi halda Cənubi Amerikanın ikinci dərəcəli turniri sayılan Sudamerikana kubokunu qazandırır.

Qalyardo meydanda gözlənilməz dəyişiklikləri ilə tanınıb. "Boka Xuniors"la ölkə çempionatının matçında o, oyunun gedişində mərkəz müdafiəçisi Herman Pesselyanı irəli xətdə oyuna daxil edir. Pesselya sonradan verdiyi müsahibədə o vaxt özünü qəribə hiss etdiyini və "mən burda nə edirəm?" deyə düşündüyünü demişdi. Ancaq Marselo oyunu yaxşı oxumuşdu. Cəmi 3 dəqiqə sonra Pesselya komandasını məğlubiyyətdən xilas edən qola imza atdı.

Qalyardo meydandakı hücumçularına rəqibə pressinq etməyi və ya müdafiəyə yardım etməyi tapşırmır. O, bununla komandasının gücünə qənaət etdiyini deyir. Bu özünü nəticədə aşkar şəkildə göstərir. Belə ki, 2006-cı ildən sonra "River Pleyt" ilk dəfə Libertadores kubokunda 1/4 finala qədər irəliləməyi bacarıb.

Ronni Deyla (Norveç, "Seltik")

1975-ci ildə Norveçdə dünyaya gələn Ronni futbolçu kimi müdafiəçi olub. Amma onun futbolçu karyerasını heç də uğurlu saymaq olmaz. Belə ki, Deyla karyerası boyu bir neçə dəfə millinin aşağı yaş qruplarından ibarət komandalarına çağırılsa da, əsas milliyə bir dəfə də olsun dəvət almayıb. O, karyerası ərzinə yalnız bir titul qazanıb. Ronni "Odd Qrenland"ın heyətində 2000-ci ildə Norveç kubokuna yiyələnib. Deyla əsas uğurlarını məhz məşqçi kimi qazanır. 2008-ci ildə o, "Stromqodset"də məşqçi fəaliyyətinə başlayır. Cəmi üç il sonra o, bu ortabab klubla Norveç kubokunu qazanır. Beş il sonra komandasını bir il əvvəlki 8-ci pillədən 2-ci pilləyədək çıxararaq gümüş medalları qazanır. Altı il sonra isə "Stromqodset" onun rəhbərliyi altında Norveç çempionu olur. O, 2014-dən "Seltik"in "sükanı arxasına" keçir. Deyla burda da uğurlarını davam etdirir. O, "Yaşıl-ağlar"ın baş məşqçisi kimi ilk mövsümdəcə həm Şotlandiya çempionluğunu, həm də ölkə kubokunu qazanır.

Onun komandası daha çox cinahlara nəzarət etməklə ad çıxarıb. Belə ki, Ronninin fikrincə, mərkəzdən vurulan zərbədənsə, cinahlardan edilən hücumlar daha təhlükəlidir. Deylanın çalışdırdığı klublar oyun ərzində topu daha çox özündə saxlamağa çalışır. Onun komandasının orta hesabla topa sahibolması 57 faiz təşkil edir.

Frank De Bur (Hollandiya, "Ayaks")

45 yaşlı sabiq müdafiəçinin karyerası barədə danışmağa ehtiyac yoxdur. Belə ki, o, Hollandiya futbol tarixinin ən güclü müdafiəçilərindən sayılır. O, futbolçu kimi əsas uğurlarını doğma "Ayaks"da qazanır. 1999-cu ildə yollandığı "Barselona"da da əsas heyətin üzvü sayılsa da, katalonlar onun potensialından düzgün istifadə etmir. Sonradan "Qalatasaray", "Reyncers", "Əl Rayyan" və "Əl Şammal"ın formasını geyinən Frank, 2006-cı ildə futbolçu karyerasına son qoyur. O, məşqçi fəaliyyətinə 2007-ci ildə doğma "Ayaks"da başlayır. Ancaq De Bur Amsterdam təmsilçisinin azyaşlı komandalarından əsas komandasına təyin olunmaq üçün 3 il gözləməli olur. Bu müddətdə Hollandiya millisində də köməkçi-məşqçi vəzifəsini icra edən sabiq müdafiəçi 2010-cu ildən "Ayaks"ın "sükanı arxasına" keçir. De Bur "Ayaks"da ardıcıl 4 il çempionluq sevinci yaşayır. O, komandaya təyin olunduğu ildən indiyə qədər yalnız cari mövsümdə çempionluğu əldən verib.

De Burun sevimli taktikası 4-3-3-dür. O, daha çox müdafiəyə nəzarət etməyin tərəfdarıdır. Rəqib hücumçu topla qovuşduqda "Ayaks"ın müdafiəçiləri dərhal onu zərərsizləşdirmək barədə tədbirlər görür. De Burun fikrincə, müdafiədən hücuma çıxmaq üçün arxadan edilən ilk ötürmənin əhəmiyyəti böyükdür. Belə ki, komanda hücuma çıxarkən ilk ötürmə nə qədər uğurlu olarsa, hücum da o qədər effektli alınar. Frankın klubu əsasən "ikinci mərtəbə"də oynamağa üstünlük verir. Belə ki, De Burun komandasında futbolçuların orta boy həddi nə az, nə çox, düz 1 metr 85 sm-dir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm