Avropa Oyunlarına görə 216 nəfər “hərbi təlim”də - Silahlar qılınc olacaq
Bizi izləyin

İdman

Avropa Oyunlarına görə 216 nəfər “hərbi təlim”də - Silahlar qılınc olacaq

Olduqca maraqlı, istedad tələb edən idman növlərindən biri də qılıncoynatmadır. Qılıncoynatma qılıncla döyüş fəaliyyətidir. Bu günümüzdə qılıncoynatmanın ən geniş yayılmış versiyası silah kateqoriyalarına görə üç yerə bölünür: rapira, qılınc və şpaqa...

Şpaqa hər iki qılıncoynadana eyni zamanda xal qazanmağa imkan verir, rapira və sablya yarışlarında isə üsul və vaxt qaydalarına görə bir zərbə hərəkətində yalnız bir qılıncoynadan xal qazana bilər.

Klassik qılıncoynatmada eyni zamanda üç silahdan istifadə edilir.

Publika.az I Avropa Oyunları proqramına salınan idman növlərin ilə bağlı silsilə yazıları Qılıncoynatma ilə yekunlaşdırır.

Qılıncoynatma müasir Olimpiya Oyunlarının hər birində xüsusiləşmiş olan beş idman növündən biridir. Digər dörd idman növü isə atletika, gimnastika, velosiped idmanı və üzgüçülükdür.

İspaniya yoxsa İtaliya? Amma Afinada...

Müasir qılıncoynatmanın vətəni bir neçə kitabda bu idman növü haqqında məlumat verən İspaniya dövləti sayılır. Qərb qılıncoynatması üzrə qədim dərsliklərin biri 1458-1471-ci illər arasında Dieqo de Valerin tərəfindən yazılır. Müasir qılıncoynatmanın mexanikası isə intibah dövründə İtaliyada qılıncoynatma məktəbində XVIII əsrdə yaranır və onların təsiri altında, qılıncoynatma fransız məktəbi tərəfindən təkmilləşdirilir.

Qılıncoynatmanın ispan məktəbində olan durğunluğu italyan və fransız məktəbləri tərəfindən əvəzlənib.

Maraqlıdır ki, bir çox idman növləri kimi qılıncoynatmanın da hərblə əlaqəsi böyükdür. Belə ki, 1800-cü illərdə müstəqil idman növü kimi tanınmamışdan əvvəl ondan hərbi təlim məqsədi ilə istifadə olunurdu. Qılıncoynatma idman növü kimi öz debütünü 1896-cı ildə Afinada keçirilən ilk müasir Olimpiya Oyunlarında edir.

Olimpiya qılıncoynatma yarışlarında qadınlar arasında ilk qızıl medal çempionu danimarkalı Ellen Osierdir. 33 yaşlı qadın 1924-cü ildə Parisdə keçirilmiş Yay Olimpiadasının məğlubedilməzi adını qazanır.

Qılıncoynatma üzrə ilk rəsmi Dünya Çempionatı 1937-ci ildə Parisdə keçirilir. Bu çempionata kişilər arasında şpaqa, rapira və sablya, qadınlar arasında isə rapira yarışları daxil edilir.

Azərbaycanlı qılıncoynadanlar

Uzun illər Azərbaycan qılıncoynadanları Sovet İttifaqının yığma komandasının tərkibində dünya və Avropa çempionatlarında iştirak edirdilər. Bu idman növünün inkişafı üçün federasiya, klub və cəmiyyətlərin yaranması ölkəmizdə 1937-ci ildən başlayır. Azərbaycanın Samir İbrahimov, İlqar Məmmədov və Boris Koretski kimi dünya və Avropa çempionları var. 1988-ci ildə Seul olimpiadasında SSRİ yığma komandasının tərkibində iki Azərbaycan qılıncoynadanı da çıxış edib. İlqar Məmmədov və Boris Koretski Seulda olimpiya çempionu adına layiq görülən idmançılarımızdır. Təbii ki, İlqar Məmmədov ikinci dəfə olimpiya çempionu adını təkrarlayır. Bu gün də qılıncoynadanlarımız bir çox turnirlərdə yüksək nəticələr göstərirlər.

Qeyd edək ki, hazırda qılıncoynatma ilə nəinki sağlam idmançılar, hətta əlil idmançılar da məşğul olurlar. Paralimpiyaçıların bu idman növü ilə məşğul olması üçün 2012-ci ildə Milli Paralimpiya Komitəsi tərəfindən təşəbbüs irəli sürülüb və o tarixdən etibarən paralimpiyaçılarımız idmanın bu növü ilə məşğul olmağa başlayıblar.

12 medal, 216 idmançı

İyunun 12-də başlayacaq Bakı 2015 Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növü olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançının iştirakı gözlənilir.

İyunun 23-dən 27-nə kimi möhtəşəm Bakı Kristal Zalında Avropanın ən güclü qılıncoynadanları fənd işlətməklə və silahlarının cəld hərəkəti ilə qələbəyə doğru irəliləyəcəklər. Beş yarış günü ərzində 216 qılıncoynadan kişi və qadın, fərdi və komanda şəklində rapira, şpaqa və sablya yarışlarında iştirak edəcək. Ümumilikdə 12 medal yarışı keçiriləcək.

Aygün İlqarqızı

Əvvəlki yazıların linkləri: Gimnastika, Stolüstü Tennis, Triatlon, Atıcılıq, Badminton, Avarçəkmə, Velosiped idmanı, Basketbol 3x3, Çimərlik futbolu, Karate, Taekvondo, Güləş, Kamandan oxatma, Su İdman Növləri, Voleybol (zal və çimərlik), Cüdo, Sambo, Atletika.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm