Bu gün final günüdür
Bizi izləyin

İdman

Bu gün final günüdür

Azərbaycanda futbol mövsümü bu gün başa çatacaq. Ölkə kubokunun final matçından sonra...

Publika.az xəbər verir ki, Premyer Liqa başa çatandan sonra bütün diqqətlər ölkə kubokunun finalına yönəlib. Bu gün Qəbələdə keçiriləcək final matçında ölkənin iki köklü klubu - "Neftçi"ylə "Qarabağ" üz-üzə gələcək.

"Qarabağ" ötən mövsüm olduğu kimi bu il də ölkə çempionluğunu qazandı. Amma ötən mövsümdən fərqli olaraq, indi "Köhlən atlar"ın "qızıl dubl" etmək şansı var. Bunun üçün finalda qalib gəlmək lazımdır.

Ancaq "Neftçi" də ötən mövsüm qazandığı kuboku bu il əldən vermək istəmir. Həm də "Ağ-qaralar" mövsümü titulsuz bitirmək fikrində deyil. "Neftçi" kuboku qazanmaqla yeni rəhbərliyə ilk titulu hədiyyə etmiş olar.

Dünən axşam hər iki komandanın baş məşqçisi mətbuat konfransında fikirlərini bildirib.

Arif Əsədov, “Neftçi”nin baş məşqçisi: “Oyuna yaxşı hazırlaşırıq. Komandamızın hədəfi Azərbaycan kubokunu qazanmaqdır. Düzdür, bu il çempionluq uğrunda mübarizə apara bilmədik. Amma minimum vəzifəni yerinə yetirib, avrokuboklara gedirik. Çox istərdik ki, mövsümü kubokla yekunlaşdıraq. Qeyd etməliyəm ki, sabit heyəti olan “Qarabağ”a qarşı oynayacağıq. Hesab edirəm ki, azarkeşlər maraqlı bir oyuna şahidlik edəcəklər. Zədəlilər Əziz Quliyev və Flavinyo bu oyunda iştirak edə bilməyəcəklər. Amma çalışacağıq ki, onların yoxluğu hiss olunmasın. Bundan əlavə, deməliyəm ki, veteranların görüşündə iştirak etdim. Bu işi ərsəyə gətirənlərə öz təşəkkürümü bildirirəm”.

Qurban Qurbanov, “Qarabağ”ın baş məşqçisi: “Düşünürəm ki, bizi maraqlı və gərgin oyun gözləyir. Yazılır ki, “Neftçi”də müəyyən problemlər var. Amma mən belə düşünmürəm. Bizim “Neftçi” ilə oyunlarımız hər zaman ağır keçir. Rəqibin heyətində zədəli oyunçular olsa da, formada olan futbolçular da az deyil. Final oyunu üçün heyəti müəyyənləşdirmişəm. Amma bunu açıqlamaq istəmirəm. Fərqli bir şey olmayacaq. Heyət sizin düşündüyünüz kimidir. Hazırda ancaq kubok oyununu düşünürük. Odur ki, müqaviləsi başa çatmaqda olan oyunçularla danışıqlar aparılmayıb. Finaldan sonra bu barədə danışacağıq”.

Azərbaycan kuboku, final

3 iyun

20:00 Qarabağ – Neftçi

Qəbələ şəhər stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm