Tribunalardan döyüş meydanına - Mərkəzi amerikalılar futbol topunu silaha necə çevirdi?
Bizi izləyin

İdman

Tribunalardan döyüş meydanına - Mərkəzi amerikalılar futbol topunu silaha necə çevirdi?

Futbol sadəcə oyun deyil. Bu cümləni futbolla az-çox maraqlanan hamı yəqin ki, eşidib. Ancaq bu cümlənin doğruluğunu sözdə yox, əməldə sübut edənlər də olub. Dəfələrlə müxtəlif azarkeş dəstələrinin sevimli komandası uğrunda rəqib komanda azarkeşləriylə əlbəyaxa olduğu, qan tökdüyü barədə eşitmişik. Ancaq kimin ağlına gələr ki, futbol sadəcə sadə insanları yox, dövlətləri, orduları da üz-üzə qoya bilər? Nə qədər inanılmaz olsa da, bu məşhur oyun buna da nail olub. Düz 46 il öncə Mərkəz Amerikanın iki ölkəsi futbolda başlayan mübahisəsini döyüş meydanında aydınlaşdırmaq qərarına gəlib.

Hər şey necə başladı

1970-ci ildə Meksikada baş tutacaq dünya çempinatına vəsiqə qazanmaq üçün Mərkəzi Amerikanın iki qonşu dövləti - El Salvador və Honduras gərgin mübarizə aparırdı. Futbol dünyasının kiçik ölkələrindən sayılan mərkəzi amerikalılar əllərinə düşən bu imkandan maksimum yararlanmaq fikrindəydilər. Ancaq iki ölkə arasında qanlı qarşıdurmanın yaranmasının tək səbəbi futbol deyildi. Vəziyyət bu qarşılaşmalaracan onsuz da gərginləşmişdi. Sadəcə, iki ölkənin milli komandaları arasında oynanılan bu matçlar barıtda qığılcım oldu. İki ölkə arasında vəziyyətin gərginləşməsinə səbəb isə torpaq idi.

Belə ki, Mərkəzi Amerikanın kasıb ölkələrindən olan Honduras və El Salvador əsas qazancını kənd təsərrüfatından əldə edirdi. Ancaq El Salvador kəndliləri kifayət qədər torpağa sahib deyildi. Belədə, onlar ərazicə daha böyük olan Hondurasa köç edərək maddi rifahlarını artırmağa çalışırdılar. Təbii ki, bu da honduraslıların xoşuna gəlmirdi. Salvadorlular Honduras torpaqlarını tərk etməməkdə israr edincə, bu iki ölkənin vətəndaşları arasında qarşıdurma yaşandı. Sonda vəziyyətin gərginləşdiyini görən Honduras hökuməti bunun qarşısını almaq üçün öz torpaqlarındakı salvadorluları vətəninə göndərdi. Onların yerləşdiyi Honduras torpaqları isə yerli vətəndaşlara paylandı. Bu isə El Salvador hökumətinin xoşuna gəlmədi. Məhz bundan sonra iki ölkə arasında hökumətlər səviyyəsində də vəziyyət bir xeyli gərginləşdi.

İlk qığılcım

Vəziyyətin gərgin olmasına, hər iki ölkənin vətandaşları arasında qarşıdurmalar yaşanmasına baxmayaraq, heç bir ciddi hadisə baş verməmişdi. Belə bir vaxtda bu iki ölkənin yolları futbol meydanında kəsişdi. Belə ki, Honduras və El Salvador 1970-ci ildəki dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off oyunlarında qüvvəsini sınamalıydı.

İlk matç Hondurasda keçirilir. Honduras polisi ciddi münaqişənin baş verməməsi üçün El Salvador millisini qorumağa bir xeyli polis ayırır. Bütün ölkədə ciddi iş rejiminə keçilir. Honduraslı azarkeşlər isə El Salvador yığmasının qaldığı otelin qarşısna yığılaraq səs-küy yaradır. Azarkeşlər otelin qarşısında elə vəziyyət yaradır ki, El Salvador millisinin heyəti gecəni qorxularından yata bilmirlər. Səhər Honduras polisi El Salvador millisini böyük çətinliklə oyunun keçiriləcəyi stadiona aparır. 1969-cu il iyunun 8-də keçirilən oyunda salvadorlular qorxu altında oynamalarına, gecəni yuxusuz qalmalarına baxmayaraq, rəqibinə ciddi müqavimət göstərir. Ancaq bu, onların məğlubiyyətinə əngəl olmur. Honduras futbolçuları matçdan 1:0 hesablı qələbəylə ayrılır. Oyunun ardından 18 yaşlı salvadorlu bir gənc tapança ilə intihar edir. El Salvador mətbuatı bu intiharı böyüdür və gəncin özünü öldürməsinə səbəb kimi Hondurasa məğlubiyyəti göstərir. Nə qədər maraqlı olsa da, həmin gənc El Salvadorda təntənəylə dəfn edilir.

Müharibəyə doğru

İkinci oyun cəmi bir həftə sonra - iyunun 15-də baş tutdu. Bu oyundan öncə Hondurasdakı hadisələr təkrarlandı. Bu dəfə əks tərəfə qarşı. Bu dəfə honduraslı futbolçular gecə yuxusuz qaldı, El Salvador polisi isə onları qorumaq üçün bir xeyli qüvvə ayırdı. Ancaq honduraslı futbolçular rəqib oyunçular qədər dözümlü çıxmadı. Belə ki, oyunun sonunda El Salvador rəqibini böyük hesabla - 3:0 hesabıyla məğlub etdi. Ancaq o zamankı qaydalara əsasən pley-off oyunlarında top fərqi nəzərə alınmırdı. Yəni, bu komandalardan hansının finala vəsiqə qazandığını müəyyənləşdirmək üçün neytral meydanda 3-cü, sonuncu oyun keçirmək lazım gəldi.

El Salvadordakı oyuna gəldikdə isə, qarşılaşma meydanda olduğu kimi ondan kənarda da honduraslılar üçün yaxşı nəticələnmədi. Belə ki, futbolçular meydanı polisin müşayiətiylə təhlükəsiz tərk etsə də, tribunalardakı azarkeşlər salvadorluların hücumuna məruz qaldı. Bunun nəticəsində bir çox honduraslı azarkeş öldü və ağır yaralandı. Bundan sonra Honduras mətbuatı El Salvadorda honduraslılara qarşı kütləvi hücumların başladığı, onlarla insanın öldürüldüyü və təcavüzə məruz qaldığı xəbərlərini yaydı. Bu cür xəbərlər Hondurasda əhalinin səbr kasasını daşırdı. Onlar ölkələrində olan salvadorlu əhaliyə qarşı sərt tədbirlər gördülər. Kəndlərinə hücumlar edir, gördüklərini öldürürdülər. Bir neçə gün içərisində hər iki tərəfdən yüzlərlə insan qətlə yetirilmişdi.

Müharibə!

Ancaq bütün baş verən qanlı toqquşmalara rəğmən, komandalar arasında üçüncü oyun təxirə salınmır. Meksikada keçirilən gərgin matç El Salvador millisinin qələbəsiylə yekunlaşır - 3:2. Bu məğlubiyyətin ardından honduraslılar öz acığını ölkələrindəki salvadorlulardan çıxırlar. Onlarla insan həyatını itirir. Bundan sonra isə El Salvador hökuməti əhalisini qorumaq məqsədiylə Hondurasa hücum edir. El Salvador qırıcı təyyarələrinin Honduras sərhədlərini keçməsiylə iki ölkə arasında müharibə başlayır. Döyüşlər düz 100 gün davam edir. Müharibənin nəticələrinə görə mülki vətəndaşlar da daxil olmaqla El Salvador 900, Honduras isə 2100 nəfər itki verir. Yalnız ABŞ-ın müdaxiləsindən sonra tərəflər döyüşləri dayandırır. Ancaq hər iki tərəf arasında sülh danışıqları nə az, nə çox, düz 10 il davam edir.

P.S. El Salvador millisi DÇ-1970-in final məhələsində SSRİ, Meksika və Belçika yığmalarıyla bir qrupda mübarizə aparır. Onlar belçikalılara 0:3, meksikalılara 0:4, SSRİ futbolçularına isə 0:2 hesabıyla məğlub olaraq, dünya çempionatını 0 xalla qrup sonuncusu kimi başa vurur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm