“Qarabağ” dördüncü dəfə Azərbaycan kubokunu qazandı - FOTO
Bizi izləyin

İdman

“Qarabağ” dördüncü dəfə Azərbaycan kubokunu qazandı - FOTO

İyunun 3-də Qəbələ şəhər stadionunda futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışların final oyunu keçirilib.

Publika.az-ın məlumatına görə, kubok uğrunda 2014/2015-ci futbol mövsümünün sonuncu qarşılaşması Ağdamın “Qarabağ” və Bakının “Neftçi” komandaları arasında olub.

Oyunu baş hakim Rəhim Həsənov idarə edib. Ona Yaşar Abbasov, Rza Məmmədov və Orxan Məmmədov kömək ediblər.

Futbol üzrə ölkə çempionu olan “Qarabağ” və Premyer Liqanı 4-cü sırada başa vuran “Neftçi” komandaları arasındakı oyun gərgin idman mübarizəsi şəraitində keçib. “Qarabağ” oyunun ilk hissəsində 2:0 hesabı ilə üstün olub. Komandanın braziliyalı legioneri Reynaldo oyunun 5-ci dəqiqəsində “Neftçi”nin qapısından ilk topu keçirərək hesabı açıb. Reynaldo görüşün 38-ci dəqiqəsində ikinci dəfə fərqlənməklə hesabı 2:0-a çatdırıb. İlk hissədə “Neftçi” futbolçuları bir neçə dəfə qol vurmaq imkanı əldə etsələr də, uğur qazana bilməyiblər.

Oyunun ikinci hissəsi daha maraqlı və gərgin idman mübarizəsi şəraitində davam edib. Qarşılaşmanın sonunda hər iki komanda fəallığı artırıb. “Nefçi”nin oyunçusu Ernest Nfor görüşün 77-ci dəqiqəsində hesab arasındakı fərqi azalda bilib – 1:2. Lakin bu, oyunda sonuncu qol olmayıb. Görüşün 83-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Muarem Muarem oyunda son nöqtəni qoyub. Beləliklə, gərgin keçən qarşılaşma “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə “Qarabağ” komandası dördüncü dəfə Azərbaycan Kubokunu qazanıb.

Oyun başa çatdıqdan sonra stadionda Azərbaycan Kuboku yarışlarında fərqlənən futbolçular, hakimlər və məşqçilər mükafatlandırılıb.

Sonda 2015-ci ilin futbol üzrə ölkə çempionu və Azərbaycan Kubokunun sahibi “Qarabağ” komandasının üzvlərinə qızıl medallar təqdim olunub.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev kuboku “Qarabağ” komandasının kapitanı Rəşad Sadıqova təqdim edib.

Mükafatlandırma mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm