Azərbaycanlı idmançını məşqçisi xilas etdi – “Sən sağalacaqsan...”
Bizi izləyin

İdman

Azərbaycanlı idmançını məşqçisi xilas etdi – “Sən sağalacaqsan...”

Rahib Məmmədov 1992-ci il iyunun 23-də Bakı şəhərində anadan olub. İdmana 15 yaşında - 2007-ci ildə gəlib, yüngül atletdir. O, Avropa Oyunlarında 110 metr məsafəyə maneələrlə qaçış və 4x100 estafet qaçışında Azərbaycanı təmsil edəcək.

İdmançımızı yaxından tanımaq üçün onunla söhbətləşmək qərarına gəldik. Publika.az-a müsahibəsində 22 yaşlı idmançı söhbətə məşqçisinin onun karyerasını necə xilas etməsi barədə məlumat verməklə başladı.

- Məni bu idman növünə rus əsilli müəllimim Aleksandr İvanoviç gətirib. Onun rəhbərliyi altında 2013-cü ilə qədər çalışmışam. Bundan sonra məşqçim dəyişdi. Hazırda Elvin Əliyevin rəhbərliyində çalışıram. Onu da qeyd edim ki, mən idmana başlayan zaman anam razı deyildi. İdmançı olmağımı istəmirdi. İndi isə uğurlarımı gördükcə sevinir.

- Məşqçiniz barədə nə deyə bilərsiz?

- Bir müddət əvvəl zədələnmişdim. Buna görə dizimdən əməliyyat olundum. Onda mənim idmançı karyeram demək olar ki, bitmişdi. İdmanla vidalaşmağı qərarlaşdırırdım. Amma indiki məşqçim buna icazə vermədi. Məni yenidən idmana qaytardı. Mənə “sən qal, idmanınla məşğul ol, sənə köməklik göstərəcəm. Sən sağalacaqsan” dedi. Mən də fikrimdən daşındım, onun köməkliyi sayəsində zədəm sağaldı, idmana qayıtdım, uğurlarımı da artırdım.

- Bir idmançının zədəsini rahat sağaltması üçün nə lazımdır?

- Yaxşı həkimlər.

- Zədəniz nə yerdədir, yenə sizə problem yaradırmı?

- Çox şükür sağalıb. Amma Avropa Oyunları öncəsi çox zədə almışam və hələ də başqa zədələrim var. Çalışacam Avropa Oyunlarına qədər sağalım və ölkəmizi layiqincə təmsil edim.

- Avropa Oyunları haqda nə düşünürsüz? Bu mötəbər turnir sizə nə verəcək?

- Doğma divarlar arasında - öz vətənimdə olduğu üçün indiyədək keçirilən ən məsuliyyətli, ən vacib bir yarış olduğunu düşünürəm və bu yarışda çox istərdim ki, qalib olum.

- Rəqibləriniz haqqında məlumatınız var? Ən çətin rəqib kimi görürsüz?

- Rəqiblərim çoxdur, amma hazırda slovakiyalı idmançı haqda məlumatım daha çoxdur. Bilirəm ki, güclü rəqib olacaq.

- Avropa Oyunlarında 110 metr məsafəyə maneələrlə qaçış və 4x100 estafet qaçışda çıxış edəcəksiz. Sizin üçün bu yarışlardan ən rahat hansı olacaq?

- Düzünü deyim ki, ən rahatı 4x100 metrədir. Belə ki, bu estafetdir və mən cəmi 100 metr məsafəni maneəsiz qaçmalıyam. Amma maneələrlə qaçış elədir ki, orada hər bir şey baş verə bilər. Yüngül şəkildə maneəyə toxunmağım belə mənim sürətimi azalda bilər.

- Yarışa çıxarkən adətən nə haqda düşünürsüz?

- Adətən yarışa çıxarkən çalışıram səhvə yol verməyim.

- Sizi nə məğlubiyyətə apara bilər – hər hansı bir söz, ya fikir?

- Düşünürəm ki, ancaq zədə.

- Yüngül atletikada daha önəmli olan nədir? Adrenalin, güc, sürət, yoxsa öncədən planlaşdırılmış addım?

- Məncə yüngül atletikada bunların hamısı vacibdir. Güc də, adrenalin də, sürət də, öncədən planlaşdırılmış addım da.

- Yarışarkən yanınızda olan rəqib idmançılara baxıb sürət yığırsız, yoxsa sadəcə finişi düşünürsüz?

- Hər iksi vacibdir, həm güclü start, həm də yaxşı finiş.

- Rəqiblərinizdən cox geridəykən son anda finişə “ilk 3-lük”də çatanlardan olmusuz? Yəni məğlub durumdan qalib vəziyyətə düşmüsüz?

- Bəli, olub. Gənclər arasında Avropa çempionatında 2011-ci ildə finalda ən axırıncı gedirdim və sonda finiş xəttində 3-cü olmuşdum. Həmin uğuru ad günüm olduğu üçün özümə və xalqıma hədiyyə etdim. Bürünc qazanmışdım.

- Çıxış etdiyiniz idman növünün adı “maneələrlə qaçışdır”. Sizə həyatda və ya karyeranızda maneə yaradan nə ola bilər?

- Təbii ki, zədə ola bilər.

- Özünüzdən başqa, kimin Avropa Oyunlarında yaxşı nəticə göstərəcəyinə inanırsız?

- 3 təkanla tullanmada Nazim Babayevin uğuruna çox inanıram.

Əlbəttə ki, güləş, boks, cüdo, karatevə bir çox idman növlərindəki idmançılarımızın medal qazanacağına ümid edirəm.

- İdmanda elə bir hadisə başınız gəlib ki, bu gün də xatırlayanda gülürsüz?

- 2009-cu il idi. Birinci dəfə yarışa çıxırdım. Maneələrlə yarışda 2 atlet qaçırdıq. Start veriləndə öndə gedirdim. Birinci maneəyə dəyəndə az qaldı yıxılım. Bu zaman rəqibin yoluna keçdim və ikimiz də finiş xəttinə çata bilmədik. Bu yadıma düşəndə hələ də gülürəm (gülür).

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm