ÇL-də final həyəcanı
Bizi izləyin

İdman

ÇL-də final həyəcanı

Bu gün Çempionlar Liqasının final oyunu baş tutacaq. Finalda "Yuventus" və İspaniyanın "Barselona" komandaları üz-üzə gələcək. Bu görüşlə Avrokuboklarda 2014/15 mövsümünə yekun vurulacaq.

Matç Berlinin “Olimpiyaştadion” arenasında Bakı vaxti ilə saat 23:45-də başlayacaq.

Hər iki komanda qitənin ən nüfuzlu klub turnirinin finalında artıq 8-ci dəfə çıxış edəcək. “Yuve” 12 il sonra yenidən finala çıxaraq 3-cü uğurunu qazanmaq istəyir.

“Barselona” isə bu yarışla 5-ci dəfə kuboku qazanmaqla sevinmək niyyətindədir. Katalonlar bunu bacarsalar, son 10 ildə 4-cü dəfə qitənin ən güclüsü olacaqlar.

Qeyd edək ki,Çempionlar Liqasının final qarşılaşmasını Türkiyədən olan Cüneyt Çakır idarə edəcək.

Diqqətinizə çatdıraq ki, UEFA Çempionlar Liqasının "Yuventus" - "Barselona" final oyunu ilə bağlı maraqlı qərar qəbul edib. Belə ki, beynəlxalq qurum Berlinin Olimpiya stadionunda keçiriləcək həlledici matçda siqaret çəkməyi qadağa edib.Azarkeşlər stadionda adi siqaretlə yanaşı, elektron siqaretdən də istifadə edə bilməyəcəklər.

Hər iki klubun məşqçisi mətbuata final oyunu ilə bağlı da açıqlama verib.

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının finalında "Barselona" ilə oyun öncəsi belə deyib:

“Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Qalib bir oyunla müəyyənləşəcək. Ona görə də fiziki və psixoloji cəhətdən hazır olmalıyıq. Çox güclü rəqibləqarşılaşacağıq, amma "Barselona"nın da zəif yerləri var. "Yuventus" tarixində indiyə kimi oynadığı 7 final qarşılaşmasının 5-də uduzub. "Barselona" isə 4 dəfə Çempionlar Liqasının qalibi olub, 3 dəfə məğlub olub. Kuboku qazanmaq üçün yaxşı oynamalıyıq. Bundan başqa, biraz da şansa ehtiyacımız var”.

Təcrübəli mütəxəssis deyib ki, sabahkı matçda Messi, Suares, Neymar üçlüsünü zərərsizləşdirmək onlar üçün çətin olacaq:

“Buna görə də futbolçularım daha yaxşı oynamalıdır. Ümid edirəm ki, Messini zərərsizləşdirəcəyik, bunun üçün meydana çıxacağıq. Kuboku qazanmaq üçün qol vurmalıyıq”.

“Barselona”nın baş məşqçisi Luis Enrike isə Çempionlar Liqasının finalında “Yuventus”la qarşılaşacaqları oyun haqda bunları deyib:

“Məncə, topa daha çox biz sahib olacağıq. “Yuventus” da buna çalışacaq. Ancaq onlar fərqli oyun üslubu da seçə bilərlər. Daha çox meydançanın rəqibə aid olan hissəsində oynamalıyıq. Final matçarlı fərqli olur. Finalda hər bir komandanın üzərində başqa oyunlarda olmayan təzyiq olur”.

Çempionlar Liqası

Final

6 iyun

23:45 “Yuventus” (İtaliya) – “Barselona” (İspaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Berlin (Almaniya). “Olimpiyaştadion”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm