Məğlubedilməzlər – 9 il 9 ay 9 gün yenilməyən idmançı - FOTO
Bizi izləyin

İdman

Məğlubedilməzlər – 9 il 9 ay 9 gün yenilməyən idmançı - FOTO

Hər bir idmançının karyerasında uğurlu və uğursuz dövrlər olur. Bəzi idmançılar isə uğurlu seriyaya keçdikdən sonra onları saxlamaq mümkün olmur. Rəqibləri onların qarşısını almaq üçün aylarla, illərlə hətta onillərlə əziyyət çəkməli olur. Onların qırdığı rekordlar isə illərlə əlçatmaz olur.

Publika.az dünya idman tarixində qeydə alınmış ən uzun qələbə seriyalarından bəzilərini təqdim edir.

Useyn Boltu qısqandıran amerikalı

1977-ci ildə alman yüngül atlet Harald Şmid yarış zamanı Edvin Mozesi geridə qoyarkən bu idmançının hamı üçün yaxın 10 ildə əlçatmaz olacağını bilsəydi, yəqin ki, özüylə fəxr edərdi. Bəli, Mozes Şmidə məğlubiyyətin ardından heç bir rəqibinə aman verməyib. 1976-cı ildə olimpiya çempionu olan Mozes alman atletə məğlubiyyətdən sonra möhtəşəm seriya əldə edir. Belə ki, bu idmançının 1977-87-ci illər aralığında əldə etdiyi uğurlara hətta müasir dövrün ən güclüsü Useyn Bolt da paxıllıq edər. Mozes 1977-ci ildə Şmidə məğlubiyyətin ardından düz 9 il 9 ay 9 gün heç bir yarışda məğlub olmayıb. O, bu müddətdə 122 yarışa qatılaraq 4 dünya rekorduna imza atıb. İkiqat olimpiya çempionunun bu uğurlu seriyası 1987-ci ilin 4 iyununa qədər davam etdi. O, həmyerlisi Danni Harrisə məğlub olur.

Ən çətin idman növündə qazanılan rekord

Biatlon dünyanın ən çətin idman növlərindən biridir. Bu idmanda yol verilmiş xırda bir səhv belə məğlubiyyətlə nəticələnir. Ancaq bu, norveçli biatlonçu Ole Eynar Byorndalenə aid deyil. Norveçli çıxdığı 8 yarışda ardıcıl olaraq qalib gəldi ki, bu da adıçəkilən idman növü üçün rekord sayıla bilər. Təsadüfi deyil ki, Byorndalen adıçəkilən idman növündə ən çox medal qazanmış idmançılardan biridir. Belə ki, onun hesabında 8 olimpiya çempionluğuyla yanaşı, 20 dünya çempionluğu da var. Gümüş və bürünc medallardan isə heç danışmağa da dəyməz.

Norveçlidən geri qalmayan italyan

Velosiped idman növü kimi heç də biatlondan asan deyil. Belə ki, biatlon idmançıdan diqqətli olmağı tələb edirsə, velosiped yarışlarında səninlə birgə birincilik arzusunda olan 200-ə yaxın idmançını geridə qoymalısan. Məhz buna görə, ən məşhur velosiped yarışı olan "Tur de Frans"da hər il yeni qalib meydana çıxır. Ancaq bu ənənəyə italyan Mario Çipollini son qoydu. Belə ki, "Super Mario" ləqəbli velosipedçi 4 ardıcıl "Tur de Frans" yarışında qalib gələrək tarixə düşdü. "Tur de Frans" müharibədən sonrakı tarixində belə rekord görməmişdi.

Unudulmuş rekordçu

Müasir dövrdə tennis deyən kimi hamı Serena Uilyams və Roje Federerin adını çəkir. Ancaq bir tennisçi var ki, Uilyams və Federer də onun uğurlarına həsəd aparar. Söhbət karyerasını çoxdan bitirmiş raketka ustası Martina Navratilovadan gedir. Çex tennisçi fərdi qaydada 18, cütlərin yarışında isə 31 yarış qazanaraq tarixə düşüb. O, ən uğurlu seriyasını 1984-cü ildə yaşayıb. Belə ki, fevral ayında 5 ardıcıl oyunda qalib gələrək Nyu-Cersidəki turniri qazanan Navratilova, ardınca "Rollan Qarros", "Uimbldon" və ABŞ açıq çemionluğunu da qazanır. Martinanın uğurlu seriyası isə Avstraliya açıq turnirində Elena Sukovaya qarşı oyunda qırılır. Çexiyalı raketka ustası 74 ardıcıl qələbə seriyasıyla indi də dünya rekordçularından sayılır.

80-ci illərin Felpsi

Müasir dövrdə üzgüçülükdən söhbət açılanda dərhal amerikalı Maykl Felps və onun dünya rekordları yada düşür. Ancaq 80-ci illərin Felpsi ABŞ-dan yox, bu ölkənin siyasət sahəsində olduğu kimi idmanda da əbədi rəqibi SSRİ-dən çıxmışdı. Söhbət rusiyalı Vladimir Salnikovdan gedir. Salnikov uğurlu nəticələrə çox gənc - 16 yaşında imza atmağa başlamışdı. Belə ki, o, 1977-ci ildən 1986-cı ilə kimi çıxdığı 61 yarışın hamısında qalib gələrək rekorda imza atmışdı. 1500 metr məsafəyə yarışlarda Salnikovun qarşısını alan yox idi. Belə ki, o, 1500 metr məsafəni 15 dəqiqədən qısa müddətdə qət edən ilk idmançı kimi tarixə düşüb. Sonradan o, bu rekordunu da yenilədi. 1986-cı ildə taxtdan salınan Vladimir, 1988-ci ildə Seuldakı olimpiya oyunlarında karyerasındakı 4-cü və sonuncu qızıl medalını qazandı.

13 il rəqib tanımayan meksikalı boksçu

Meksikalı boksçu Xulio Sezar Çaves nə az, nə çox, düz 13 il (!) boks rinqlərində rəqib tanımayıb. O, peşəkar karyerasına 1980-ci ildə başlayıb. Həmin vaxt həmyerlisi Andres Feliksi məğlub edən Çaves 1993-cü ilə kimi heç kimə aman verməyib. Yalnız 1993-cü ilin sentyabrın 10-da amerikalı Pernell Uiteykr meksikalının qarşısını almağa nail olur. Ancaq qalib gəlməklə yox, heç-heçə etməklə. Çaves ilk məğlubiyyətinə isə 1994-cü ildə başqa bir amerikalı boksçu Franki Randalla döyüşdə uğrayır. Sonradan Randalla daha iki dəfə rinqə çıxan Xulio hər iki döyüşdə rəqibini məğlub edir. Meksikalı 1980-1993-cü illər aralığında ardıcıl 87 (!) döyüşdə qalib gələrək demək olar əlçatmaz bir uğura imza atıb.

Məğlubiyyətlə gəlib, məğlubiyyətlə getdi

Rusiyalı yunan-roma güləşçisi Aleksandr Karelin karyerasına məğlubiyyətlə başlayıb. Belə ki, o, ilk güləşində 1987-ci ilin SSRİ çempionatında təcrübəli güləşçi İqor Rastorotskoma minimal hesabla (0:1) məğlub olur. Ancaq bununla da, Aleksandrın güləş döşəyində qələbələri sıralanmağa başlayır. O, karyerası ərzində qatıldığı bütün turnirlərdə qalib gəlir. İlk məğlubiyyətini aldığı Rastorotskomdan da revanş almağa nail olur. 2000-ci ildə Sidneydə keçirilmiş olimpiya oyunları isə onun üçün sonuncu idi. Belə ki, 33 yaşlı idmançı Avstraliyada 4-cü qızıl medalını qazanaraq karyerasını bitirmək fikrindəydi. Ancaq bu, rusiyalı idmançıya müyəssər olmur. Belə ki, peşəkar karyerasına məğlubiyyətlə başlayan Karelin, son qarşılaşmasında da (bu dəfə amerikalı Rulon Qardnerə) məğlub olur. Maraqlıdır ki, o, ilk və son oyununu çıxmaq şərtiylə karyerasındakı bütün qarşılaşmalardan qələbəylə ayrılır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm