Avropanı 44 il qabaqlayan turnir başladı
Bizi izləyin

İdman

Avropanı 44 il qabaqlayan turnir başladı

Gecə saatlarında keçirilən Çili - Ekvador matçıyla 44-cü Amerika kubokuna start verilib.

Publika.az xəbər verir ki, Çilidə baş tutan yarışda 12 milli (Argentina, Braziliya, Boliviya, Çili, Kolumbiya, Ekvador, Paraqvay, Peru, Uruqvay, Venesuela, Yamayka, Meksika) birincilik uğrunda mübarizə aparacaq. Bu gündən etibarən, düz iyulun 4-nə kimi bizi Argentina, Braziliya, Kolumbiya, Uruqvay və Çili kimi komandaların ifasında gərgin və maraqlı mübarizə gözləyir.Kubokun tarixinə və komandaların vəziyyətinə qısa nəzər salaq.

Brazilya, Argentina, Uruqvay və Çilinin başladığı yol

Amerika kuboku ilk dəfə 1916-cı ildə Argentinada təşkil edilib. İlk qalib isə Uruqvay millisi olub. Maraqlıdı ki, cənubi amerikalılar futbolun beşiyi sayılan Avropadan düz 44 il (!) öncə qitə birinciliyi keçirmək qərarına gəlib. Turnirin yaradıcı ölkələri isə Braziliya, Argentina, Çili və Uruqvay oldu. Məhz qitə birinciliyinin keçirilməsiylə bağlı qərar qəbul edildikdən sonra CONMEBOL (Cənubi Amerika Futbol Federasiyası) quruldu. Çox keçmir ki, turnir Cənubi Amerikanın digər ölkələri arasında da məşhurluq qazanır. 1930-cu ilə kimi Peru, Boliviya və Paraqvay da turnirə daxil olur. Əvvəllər hər il və ya iki ildən bir təşkil edilən turnir 30-cu illərdə yerli futbol federasiyaları arasında yaranan anlaşılmazlığa görə fasilələrlə təşkil edilir. Belə ki, 1930-cu ildən 1940-cı ilə kimi turnir sadəcə 3 dəfə keçirildi. Turnir indiki adına (Copa America) 1975-ci ildə yiyələndi. Məhz həmin ildən etibarən Kolumbiya, Venesuela və Ekvador da turnirə qatılmağa başladı. 1987-ci ildə CONMEBOL turniri 2 ildən bir keçirmək qərarını qəbul edir. Həmin ilə kimi isə turnirin konkret keçirilmə intervalı yox idi. CONMEBOL həmçinin 1987-ci ildən etibarən turnirin iştirakçısı olan 10 ölkənin növbəylə yarışa ev sahibliyi etmək qərarını verir. 2007-ci ildə isə turnirlə bağlı son qərar verildi. Belə ki, yeni qərara əsasən turnirə ev sahibliyini ölkələr əlifba sırasıyla etməli idi. Bununla yanaşı, məhz 2007-ci ildən etibarən Amerika kuboku 2 yox, 4 ildən bir keçirilməyə başladı.

Argentina və Uruqvay "pentakampeonlar"a imkan vermir

Dünya çempionatlarında ölkələrə göz verib işıq verməyən Braziliya millisi Amerika kubokunda heç də hegemon deyil. Belə ki, bu turniri ən çox Uruqvay millisi qazanıb. İkiqat dünya çempionları nə az nə çox, düz 15 dəfə Amerika kubokunu başı üzərinə qaldırıb. Yeri gəlmişkən, turnirin son qalibi də elə məhz uruqvaylılardı. Amerika kubokunun ikinci ən uğurlu komandası isə Argentinadı. Keçən Amerika kubokuna kimi çempionluğunun sayına görə Uruqvayla müştərək liderlik edən Maradonanın həmvətənləri 14 dəfə birincilik sevinci yaşayıb. Braziliyalılar isə bu siyahıda yalnız 3-cü pillədə qərarlaşıb. "Pentakampeonlar"ın hesabında 8 çempionluq var. Maraqlıdı ki, bu çempionluqlardan yarısı (4) 1997-ci ildən sonraya təsadüf edir. Bu üç millidən başqa, Paraqvay (2), Peru (2), Kolumbiya (1) və Boliviya (1) da müəyyən vaxtlarda turnirin qızıl medallarına yiyələniblər. Maraqlıdı ki, Cənubi Amerikanın dişli millilərindən sayılan Çili bu kubokun üzünə həsrətdi. Çilililər 4 dəfə (1955, 1956, 1979, 1987) turnirdə qalib olmağa yaxın olsa da, sonda gümüş medallarla kifayətlənməli olublar.

Özünü əsl qonaq kimi aparanlar

Cənubi Amerikada cəmi 10 milli komanda olduğundan, CONMEBOL hər il turnirə digər qitələrdən, əsasən Şimali Amerikadan qonaqlar dəvət edir. Maraqlıdı ki, bu qonaqlar elə sözün həqiqi mənasında özünü əsl qonaq kimi aparır. Belə ki, turnirdə indiyə qədər heç bir qonaq komanda qalib gəlməyi bacarmayıb. Düzü, meksikalılar buna iki dəfə (1993, 2001) yaxın olsa da, əvvəlcə Argentina, sonra isə Kolumbiya buna imkan verməyib. Bu dəfə turnirin qonaqları Yamayka və Meksikadı.

Favoritlər

Amerika kubokunda Venesuela, Boliviya, Ekvador kimi dünya futbolsevərlərini o qədər də maraqlandırmayan komandalar çıxış etsə də, Lionel Messi, Neymar, Radamel Falkao, Arturo Vidal, Xames Rodriqes kimi futbolçuların yarışda iştirak etməsi, bu birinciliyə marağı xeyli artırır.

Turnirin əsas favoritləri isə ev sahibi Çili, həmçinin Braziliya, Argentina və Kolumbiya milliləridi. Bu komandalar arasında ən şanslı görünəni isə Argentinadı. Messinin komandasından sonrakı yerdə son dünya çempionatında evdə biabır olan və nüfuzunu məhz Amerika kubokunda qalib gəlməklə qazanmağa çalışan Braziliyadı. Ev sahibi və hələ ki, bu kuboka həsrət Çili 3-cü, Kolumbiya isə 4-cü favoritdi.

Oyunlar bizim üçün münasib olmayan gec saatlarda (02:00-05:00 aralığında) keçirilsə də, hər halda Messi, Neymar, Falkao kimi futbolçuların bu kubok uğrunda savaşına baxmağa dəyər.

İştirakçılar

A qrupu

Çili

Meksika

Ekvador

Boliviya

B qrupu

Argentina

Uruqvay

Paraqvay

Yamayka

C qrupu

Braziliya

Kolumbiya

Peru

Venesuela

Təqvim

Çili – Ekvador 1:0

12 iyun

Meksika – Boliviya - 04.30

Uruqvay – Jamayka - 00.00

13 iyun

Argentina - Paraqvay - 02.30

Kolumbiya - Venesuela - 00.00

14 iyun

Braziliya - Peru - 02.30

15 iyun

Ekvador - Boliviya - 02.00

Çili - Meksika - 04.30

16 iyun

Paraqvay - Jamayka - 02.00

Argentina - Uruqvay - 04.30

17 iyun

Braziliya - Kolumbiya - 05.00

18 iyun

Peru - Venesuela - 04.30

19 iyun

Meksika - Ekvador - 02.00

Çili - Boliviya - 04.30

Uruqvay - Paraqvay - 00.00

20 iyun

Argentina - Jamayka - 02.30

Kolumbiya - Peru - 00.00

21 iyun

Braziliya - Venesuela - 02.30

24 iyun

1/4 final - A1-B3/C3 - 04.30

25 iyun

1/4 final - A2-C2 - 04.30

26 iyun

1/4 final - B1-A3/C3 - 04.30

27 iyun

1/4 final - C1-B2 - 02.30

29 iyun

Yarımfinal - 04.30

30 iyun

Yarımfinal - 04.30

3 iyul

Üçüncü yer uğrunda oyun - 04.30

4 iyul

Final - 02.00

Qeyd: Növbəti gün səhər saat 7:00-dan nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm