Azarkeşlərin qaraladığı futbolçu – O, mer ola biləcəkmi? – FOTO
Bizi izləyin

İdman

Azarkeşlərin qaraladığı futbolçu – O, mer ola biləcəkmi? – FOTO

2014-cü ilin sonlarında "Arsenal"ın və İngiltərə millisinin sabiq müdafiəçisi Sol Kempbell siyasətlə məşğul olmaq istəməsi barədə açıqlama verdi. Onun bu açıqlaması İngiltərədə qeyri-ciddi qəbul olundu. Ancaq çox keçmədi ki, Sol 2016-cı ilin may ayında baş tutacaq London bələdiyyə seçkilərində iştirak etmək istədiyini və bu seçkilərə üzvü olduğu Mühafizəkarlar Partiyası adından qatılmaq arzusunda olduğunu açıqlayanda onun ciddi olduğu aydınlaşdı.

12 uşaqlı kasıb ailənin milyonçu oğlu

Sol Kempbell 1974-cü il sentyabrın 18-də İngiltərənin Pleystoun şəhərində Yamayka əsilli ailədə dünyaya göz açıb. Sol geniş ailəyə malik idi. Belə ki, onun özündən başqa 9 qardaşı və 2 bacısı da vardı. Sol özü isə Kempbellər ailəsinin ən kiçik üzvü idi. Onun atası dəmiryolunda, anası isə fabrikdə çalışırdı. O, uşaq vaxtından ailədə çətinliklə üzləşir. Belə ki, ailə üzvlərinin sayının çox, maddi imkanın isə çox aşağı olması ailədaxili gərginliyə səbəb olurdu. Məhz buna görə də, o, evdə çox görünmür, hər gün səhər evdən çıxaraq, axşamları qayıdırdı. Bu müddətdə isə Sol erkən yaşlardan meylini saldığı futbolla məşğul olurdu. Gələcək müdafiəçi sadəcə vaxt keçirmək və problemləri unutmaq üçün məşğul olduğu bu oyunun gələcəkdə ona milyonlar qazandıracağını ağlına belə gətirmirdi. Ancaq onun bəxti gətirdi. Belə ki, Sol oxuduğu Pleystoun kollecinin komandasında oynayarkən, futbol agenti Skay Endryu onun oyununu bəyənir. Məhz Endryunun vasitəsilə o, "Vest Hem"in gənclərdən ibarət komandasında oynamağa başlayır. Maraqlıdır ki, Sol karyerasına müdafiəçi yox, hücumçu kimi başlamışdı. 1989-cu ildə isə onu "Tottenhem"in menecerləri "kəşf edir". Bundan sonra Kempbellin karyerasında yüksəliş dövrü başlayır. Düz 2001-ci ilə kimi "Tottenhem"in uğurları üçün çalışan Kempbell, daha sonralar karyerasının sonuna kimi "Arsenal", "Portsmut", "Nots Kaunti" və "Nyukasl"ın da şərəfini qoruyur. Ancaq onun karyerası ərzində qazandığı uğurların bir çoxu məhz "Arsenal"la bağlıdır. O, 2007-ci ilə kimi İngiltərə millisinin də əvəzedilməz üzvlərindən sayılırdı.

Əmlak vergisinə etiraz edib, siyasətə qoşuldu

Yuxarıda da vurğuladığım kimi hər şey keçən ilin payızından başladı. Belə ki, keçən ilin oktyabrında 25 milyon funt qiymətində olan evini satmaq qərarına gələn Soldan çox böyük məbləğdə vergi tələb edirlər. Bundan sonra sabiq futbolçu haqqını tələb etmək üçün siyasətlə məşğul olmaq qərarına gəlir. Sol özü bu haqda belə danışıb:

"Onlar (vergi idarəsi) məndən 2-3 min yox, 20-30 min tələb edirdilər. Axı mən niyə qazandığım pulun çox hissəsini kiməsə verməliyəm? Əmlak vergisi hamıdan bərabər şəkildə alınmalıdı".

Məhz bu hadisədən sonra Sol üzvü olduğu Mühəfizəkarlar Partiyasına 2016-cı ildəki seçkilərdə iştirak etmək istədiyini deyir. Onunla birlikdə gələn ilin may ayındakı seçkilərdə iştirak etmək istəyən daha 3 namizəd var. Mühafizəkarlar partiyasının bu namizədlərdən hansına etimad göstərəcəyi maraq doğurur.

Partiyadan Solun onlara müraciətinə artıq rəsmi açıqlama da gəlib:

"Sol Kempbell kimi şəxslərin öz namizədliyini verməsindən və London üçün söz sahibi olmaq istəməsindən məmnunuq. Burda söhbət Londonun gələcəyindən gedir".

Partiyanın açıqlamasından da göründüyü kimi onlar Kempbellin təklifinə heç də soyuq yanaşmırlar. Bəs Kempbell sadəcə əmlak vergisiylə razılaşmadığı üçün seçkilərə girmək istəyir, yoxsa onun geniş planı var?

Sabiq futbolçu hələ seçki proqramını hazırlamadığını desə də, onun yerli mətbuata açıqlamalarından əsasən Londonun qaradərili əhalisinin problemlərini qabardacağını sezmək mümkündü:

"Britaniyada qaradərili əhaliyə qarşı fərqli münasibət var. Onlar iş tapmaqda çətinlik çəkirlər. Düzü, bəzi qaradərili vətəndaş var ki, onların işsiz qalmalarına başqaları yox, özləri günahkardır. Ancaq layiq olduğu halda iş tapa bilməyən qaradərili vətəndaşlar da var".

Bu, Kempbellin ilk belə çıxışı deyildi. O, 2012-ci ildə Polşa və Ukraynanın müştərək təşkil etdiyi Avropa çempionatından öncə də maraqlı açıqlama vermişdi. O, qaradərili britaniyalı azarkeşləri irqçiliyin hökm sürdüyünü iddia etdiyi Ukrayna və Polşaya getməməyə səsləmişdi.

Kempbellə ən böyük maneəni kimlər yarada bilər?

Maraqlı olsa da, sabiq futbolçunun namizəd göstərilməsinə ən böyük əngəl onun karyerasının yüksəliş dövrünü yaşadığı "Tottenhem" azarkeşləridir. Belə ki, bu klubun azarkeşləri Sola nəinki simpatiya bəsləmir, hətta nifrət edir. Buna səbəb isə futbolçunun 2001-ci ildə bu klubdan azad agent kimi, yəni komandasına heç bir maddi qazanc vermədən əzəli rəqibi "Arsenal"a yollanması olub. Mühafizəkarlar Partiyası Solun namizədliyini təsdiqləyəcəyi halda, Londonda heç də az olmayan "Tottenhem" azarkeşlərinin səsindən məhrum olacaq ki, bu da partiyaya heç də sərf etmir.

Kempbell özü isə bu barədə belə danışıb:

"Mən ömrüm boyu heç bir futbol klubuna azarkeşlik etməmişəm. Bu cür söhbətlər isə mənə boş və cansıxıcı görünür".

Kempbell özü son açıqlamasında şansını yüksək dəyərləndirmədiyini, ancaq yenə də iddiasından əl çəkməyəcəyini deyib:

"Öndə getməyəcəyimi bilirəm. Bu, mənim üçün yeni bir yoldu. Nə etməli olduğumu bilirəm. Fəhlə ailəsində böyümüşəm. Mənim üçün hər şey çox çətin olub. İndi bütün öyrəndiklərimi London əhalisinin gələcəyi üçün istifadə etmək istəyirəm".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm