Ayxan Tağızadə: “Məşqçim dedi ki, döyüşə çıxanda özünü, məni və Allahı düşün”
Bizi izləyin

İdman

Ayxan Tağızadə: “Məşqçim dedi ki, döyüşə çıxanda özünü, məni və Allahı düşün”

Ayxan Tağızadə “Brifinq” layihəsinə Bakı Kristal Zalda qatıldı

8 gündür “Bakı-2015" birinci Avropa Oyunlarına start verilib. Medallarımızın sayına görə Azərbaycan 2-ci yerdə qərarlaşıb. ”Gündəlik Teleqraf" qəzetinin əməkdaşları yarışların keçirildiyi arenalardan gün ərzində operativ reportajlar dərc edir. Şənbə buraxılışlarımızın diqqətli oxucuları “Brifinq” layihəsini oxumağa öyrəşib. Bu dəfə layihəni fərqli formatda təqdim edirik. Bakı Kristal Zala ezam olunmuş dörd “Teleqraf”çı “Brifinq”i qızıl medal qazanan gənc taekvondoçumuz Ayxan Tağızadə ilə hazırlayıb. Dünya və Avropa çempionatlarının qaliblərinə üstün gələn 68 kq çəki dərəcəsində olan təmsilçimizdən qələbə təəssüratlarını soruşduq.

Nərgiz Ehlamqızı: Ayxan, artıq 3 gündür çempionsunuz. Çempionluq hissləri necədir?
- Özümü hələ də yuxuda hiss edirəm. Qızıl medal qazanmışam, 3 gün keçib, amma elə bilirəm yuxudayam, ayılacağam və yenə döyüşəcəyəm. Deyəsən, yox, bu, yuxu deyil, doğrudan da, 1-ci yeri mən qazanmışam (gülür).

N.Ehlamqızı: Qələbədən sonra ilk təbrik kimdən gəldi?
- Döyüşü qurtarandan sonra bizə birinci Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov yaxınlaşdı, təbrik elədi. İlk zəng isə cənab Prezidentimizdən gəldi.

“Prezident dedi ki, Rio-de-Janeyroda görüşərik”

N.Ehlamqızı: Ölkə başçısı təbrikində sizə nə söylədi?
- Dedi ki, təbrik edirəm, bayrağımızı yüksəklərə qaldırdın, yarımfinal döyüşünü canlı izlədim, peşəkarlığını gördüm, inşallah Rio-de-Janeyrodakı yarışda görüşəcəyik. Mən də söylədim ki, borcumdur, inşallah görüşəcəyik.

“Məşqçim dedi ki, döyüşə çıxanda özünü, məni və Allahı düşün”

N.Ehlamqızı: Atanız, para-taekvondo yığmasının baş məşqçisi Əvəz Tağıyev həm də şəxsi məşqçinizdir, onun hansı məsləhətləri oldu?
- Atamın mənə inamı böyük idi. Qardaşım, atam, qohumlarım mənə çox inanırdı, onların ümidini boşa çıxarmaq istəmirdim. Hər şeyi, həm ailəmi, həm Vətənimi, zalda əyləşən azarkeşlərimizi, özümü, baş məşqçimiz Rza Mehmandoustu, məni izləyən cənab Prezidentimizi, Kəmaləddin müəllimi düşünürdüm, məqsədim ancaq çempion olmaq idi.

Samir İsayev: Tamaşaçılar da zaldan Sizə taktiki məsləhətlər verməyə çalışırdı. Kaskadan o məsləhətləri eşidə bilirsiniz və Sizə təsiri olurmu?
- Eşidirdim, amma o məsləhətlərə riayət etmirdim. Çünki mənim məşqçim Rza müəllim dedi ki, döyüşə çıxanda özünü, məni və Allahı düşün. Ancaq üçümüzə inan, başqa heç kimə.

Yusif Ağayev: Demək olarmı final görüşündə məşqçinizin söylədiyi əks-hücum taktikası işinizə yaradı?
- Bəli, bütün döyüşlərimdə Rza müəllimin taktikası ilə hərəkət edirdim. O, mənim məşqçimdir, 1 ildən çoxdur mənə məşq keçir, qüvvəmə bələddir. Rza müəllim dünyanın ən güclü məşqçilərindən biridir, bizi çalışdırmaq üçün Azərbaycana gətirilib. Bütün taktikalarımı onun məsləhəti ilə etməyə çalışırdım. İki raundda yaxşı işləyə bilmədim, rəqibimin səhvini görüb vurmaq istəyirdim, alınmadı, üçüncü raundda Rza müəllim dedi ki, artıq gözləmə, ancaq hücum elə. Mən də hücuma keçdim, 5 xal önə keçdim, sonra bir anlıq boşaldım, hesab bərabərləşdi, nəticədə qızıl xal raundu keçirildi.

N.Ehlamqızı: Məşqçiniz farsdır?
- Bəli, amma biz bir-birimizlə ingilis dilində danışırıq.

S.İsayev: Hansı idmançımızın çıxışı Sizə təsir elədi?
- Məhəmməd Məmmədovun məğlubiyyəti mənə pis təsir elədi. Məhəmməd finalda döyüşdüyü belçikalı idmançını 2013-cü ildə 12 xalla - tam qələbə ilə məğlub etmişdi. Amma əfsuslar olsun ki, Avropa Oyunlarında eyni qalibiyyəti təkrarlaya bilmədi.

N.Ehlamqızı: Patimat Abakarova (49 kq) və Məhəmməd Məmmədov (58 kq) qızıl medalın bir addımlığında büdrədilər. Onların oyunundan özünüz üçün nəticə çıxarmışdınız?
- Mənim özümdə də bu cür səhvlər çox olub. Keçən ay dünya çempionatında kiçik səhvimin ucbatından qızıl medalı əldən verdim. Primat Abakarova da, Məhəmməd Məmmədov da yaxşı döyüşdü. Əllərindən gələni elədilər, təəssüf ki, medal döyüşlərində uduzdular. Patimat bürünc medal qazandı, heyf Məhəmmədin rəqibi qızıl xalı qazandı və özü uduzdu. Çalışacağam o səhvləri mən etməyim. Özümdə də belə səhvlər çox olub, indi öz üzərimdə işləmişəm və onları düzəltmişəm. Allahın köməkliyi ilə növbəti yarışım səhvsiz davam edəcək.

Yusif Ağayev: Avropa Oyunları ilk dəfə Azərbaycanda keçirilir. Özünüz də açılış mərasimində iştirak etdiniz. Sizi açılış mərasimində ən çox nə təsirləndirdi?
- Çox əla açılış mərasimi baş tutdu. Leyli və Məcnun obrazını çox gözəl işləmişdilər, Alim Qasımovun ifası heyrətamiz idi. Nə yaxşı ki, birinci Avropa Oyunları Bakıda keçirilir. Doğrudan bu, qürurvericidir. Doğma meydanda tamaşaçıların alqış sədaları altında yarışmaq tamam başqa hissdir. Azarkeşlərin sənin adını çağırması, sənə ümid bağlaması çox həyəcanvericidir.

Y.Ağayev: Azərbaycan idmançıları erməni təmsilçisi üzərində qələbəyə daha çox sevinir. Döyüşlərdə erməni idmançı ilə üz-üzə gəlmək istəyərdiniz?
- Əlbəttə, erməni idmançı ilə döyüşmək istəyərdim. Amma əminəm ki, həmin idmançını məğlub edərdim (gülür).

N.Ehlamqızı: Neçə yaşınızdan taekvondo ilə məşğulsunuz?
- 3 yaşından taekvondoya həvəs göstərirdim, amma 10 yaşından məşqlərə start verdim. Birinci Respublika çempionatında inkişaf etməyə başladım.

“Kəmaləddin Heydərov taekvondoçular üçün hər cür şərait yaradıb”

N.Ehlamqızı: Taekvondo Koreya idman növü kimi uzun illər bizə bir qədər yad olub. İndi isə taekvondoçularımızın yüksək nəticələrinin şahidiyik. Taekvondoya azərbaycanlılar arasında maraq artıbmı?
- Bəli, Taekvondo Federasiyasında təlim-məşq toplanışı keçiririk. Federasiya prezidenti bizim üçün hər şəraiti yaradıb. Kimin taekvondoya həvəsi varsa, gəlsin, mən yeniyetmələrə və gənclərə bu idman növünü məsləhət görürəm.

“Qaliblərə verilən gülün içərisindəki nar həqiqi idi”

N.Ehlamqızı: Mükafatlandırılma mərasimində qaliblərə medal və güllə yanaşı, kitab formasında naxışlarla işlənmiş hədiyyə də verdilər. Sirr deyilsə, həmin boxçanın içində nə olduğunu deyə bilərsiniz?
- Kitab formasında medal qabıdır. Gülün içində də nar var. Əvvəl elə bildim, süni nardır, sonra diqqət elədim, Avropa Oyunlarının simvolu olan əsl nar qoyublar.


N.Ehlamqızı: Narı kiminlə paylaşdınız?
- Yeməmişəm. Yadigar saxlayacağam (gülür).

N.Ehlamqızı: Yarımfinal döyüşündən sonra bizə açıqlamanızda dediniz ki, anam döyüşümü evdə televiziya vasitəsilə seyr edir. Həyəcanlandığı üçün Sizi Bakı Kristal Zaldan izləmədi?
- Əslində, anam məni arenadan izləmək istəyirdi, amma dedim ki, buraya gəlməsin. Final döyüşümdə hətta Kristal Zalın həyətinə qədər gəlmişdi, həyəcanlanır deyə söylədim ki, içəri keçməsin.

N.Ehlamqızı: Ailədə neçə nəfərsiniz?
- Bir bacım, bir qardaşım var. Bacım qardaşımdan da, məndən də böyükdür. Mən evin sonbeşişiyəm.

Y.Ağayev: Qardaşınız Fərid Tağızadə də taekvondo ilə məşğuldur, bildirmişdiniz ki, Naxçıvanda məşqçi kimi çalışır. Bəs, bacınızın idmana həvəsi var?
- Uşaqlıqda üçümüz birgə taekvondo ilə məşğul idik. Sonra bacım elm sahəsinə yönəldi. Özüm də qızların idmanla məşğul olmasını məsləhət görmürəm.

Y.Ağayev: İdmandan başqa daha nəyə marağınız var?
- Futbola marağım böyükdür, özü də yaxşı oynayıram. Bir ara həvəsdən düşmüşdüm, taekvondoda uğur qazana bilmirdim, futbola üz tutmaq istəyirdim. Bir müddət “Neftçi”, “Vətən” klubunda futbol oynadım. İndi də “Neftçi” klubunun tələbəsiyəm.

S.İsayev: Niyə taekvondoda həvəsdən düşmüşdünüz?
- Uğur qazana bilmirdim, ruhdan düşdüm, ona görə futbola maraq göstərdim. Sonra taekvondo üzrə respublika çempionu oldum, həvəsləndim, taekvondonun ardınca getdim.

N.Ehlamqızı: Ali təhsil müəssisəsinə sənəd vermisiniz?
- Hazırda Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci kurs tələbəsiyəm. Öz ixtisasım üzrə təhsil alıram.

“Rio de Janeyrodakı yarışda da qızıl medal qazana bilərəm”

Y.Ağayev: Gələcək karyeranızı necə düşünürsünüz?
- Avropa Oyunlarında çempion oldumsa, Rio de Janeyrodakı yarışda da qızıl medal qazana bilərəm. Artıq favoritlər sırasına girdim, məqsədim Rio olimpiadasında da çempion olmaqdır.

S.İsayev: Bütün idmançıların həmişə qarşılaşmaq istəmədikləri rəqiblər olur. Siz hansı rəqiblə qarşılaşmaqdan çəkinmisiniz?
- Avropa Oyunlarında ən çətin rəqiblər mənimlə düşmüşdü. İkiqat Avropa, ikiqat dünya çempionu, Olimpiya çempionları ilə yarışdım. Çempionların arasından mən birinci oldum, doğrudan da çox sevinirəm. Bir ay əvvəldən bütün rəqiblərimə qarşı psixoloji olaraq hazırlaşmışdım. Ona görə də çəkinmirdim. Bir şeyi də deyim, 2011-ci ildə mən uşaq idim, türk idmançısı Servet Tazegüllə qucaqlaşıb şəkil çəkdirmişdim. İndi o, medalsızdır, mən çempionam.

Y.Ağayev: Azərbaycanda hansı idmançını əfsanə sayırsan?
- Rəşad Əhmədov və Niyaməddin Paşayevi əfsanə adlandırıram.

N.Ehlamqızı: Elektron jiletlə döyüşmək daha rahatdır yoxsa əvvəlki jiletlə?
- Köhnə jiletdə gözəl döyüş olur, amma elektron jiletlə bir o qədər də olmur. Köhnə jiletlə yarışlarda ayağa dəyən zərbəyə xal verirdilər. Elektron jilet olmayanda döyüşləri uduzurdum. İndi elektron jiletlə döyüşmək mənə çox rahatdır.

N.Ehlamqızı: Şans qalibiyyətdə nə dərəcədə rol oynayır?
- Qızıl raundda xal lotoreya kimi şeydir. Onu Allah verəndə verir. Taekvondo çox çətin idman növüdür. Kənardan asan görünsə də, içi çox çətindir (gülür).

S.İsayev: Ölkəmizdə Sizin timsalınızda çempion olmağı bacaran gənc azərbaycanlı taekvondoçular var. Amma Avropa Oyunlarında 2 legioner də yarışdı. Səbəb həmin idmançıların çəki dərəcəsində azərbaycanlının olmamasındadır?
- Azərbaycanlı idmançılar çoxdur, amma yarışlarda iştiraka məşqçilər qərar verir. Nəticə verirsə, legioner idmançı dəvət edilir və yarışlara çıxarılır.

Y.Ağayev: Dost münasibətdə olduğun, məsləhət aldığın idmançılar var?
- Dünya çempionumuz Radik İsayevlə dərdləşirəm, bir-birimizə kömək oluruq.

N.Ehlamqızı: Sosial şəbəkələrlə aranız necədir? Deyəsən, İnstagram şəbəkəsində izləyicinizin sayı artıb?
- Bəli, çempion olandan 5 saat sonra izləyicilərimin sayı 800-dən çox artdı.

N.Ehlamqızı: Bəs Facebook-da dostluq təklifi gələndə seçib qəbul edirsiniz?
- Yox, dostluq göndərən hər kəsi qəbul edirəm. Amma Facebook-un aludəçisi deyiləm, daha çox yenilikləri izləmək üçün sosial şəbəkələrə daxil oluram.

N.Ehlamqızı: Qızlardan mesaj çox gəlir?
- Hə, gəlir (gülür). Hər kəs məni təbrik edir, hamıya təşəkkürümü bildirirəm.

S.İsayev: Bir çox yüksək nəticə əldə edən idmançılarımız müəyyən müddətdən sonra dövlət qurumlarında çalışırlar. Sizə təkliflər gəlsə, dəyərləndirmək istəyərsiniz?
- Taekvondo karyeram bitəndən sonra inşallah, əlbəttə, çalışmaq istəyərəm.

N.Ehlamqızı: Taekvondoçuların tatamidə rəqibinə zərbə endirdiyi zaman çıxardığı səs nəyə xidmət edir? O, taekvondonun fəlsəfəsində var?
- Bəli, fəlsəfədə belədir. Mən də o metoddan çox istifadə edirəm (gülür). Rəqibi qorxutmaq və psixoloji üstünlüyü əldə etmək üçündür.

Y.Ağayev: Bəzi idmançılar uğur qazanıb çempion olduqdan sonra arxayınlıq yaranır, çəki artırır, nəticə əldə edə bilmir. Sizdə ulduz xəstəliyinə tutulma meyli var?
- Yoxdur, bundan öncə gənclər arasında Avropa çempionatında ikinci yerə çıxmışam. İndi kameralar çox çəkir. Jurnalistlər müsahibə alır, deyəsən, yavaş-yavaş ulduz xəstəliyinə tutuluram (gülür). Əlbəttə, bu, bir zarafatdır, çempion olmaq, hər kəsin səndən danışması, müsahibə alması xoşdur.

N.Ehlamqızı: Rəsul Çunayev qalib gələndə onu tribunadan izləyən Azərbaycan Prezidentinə əsgər salamı vermişdi. Siz hər hansı bir jest barədə əvvəlcədən düşünmüşdünüz?
- Atletlər Kəndində güləşçilərimizin çıxışına baxıb sevinirdim. Rəsul Çunayevə azarkeşlik edirdim. Bütün medalçılarımızı təbrik edirəm. Kamerada cənab Prezidentimizin zala daxil olduğunu gördüm, amma oturduğu tərəfə baxmamağa çalışırdım. Udub döyüş qurtarandan sonra jest etmək istəyirdim, əlimdən əl eləmək gəldi.

N.Ehlamqızı: Əvvəlcədən dövlət başçısının döyüşünüzü izləyəcəyini bilirdiniz?
- Yarımfinal döyüşünə çıxanda bilirdim ki, ölkə başçısı arenaya gələcək. Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev demişdi ki, prezident sənin döyüşünə baxmağa gələcək. Ona görə də var gücümlə çalışırdım ki, qələbə qazanmalıyam. Əlimdən gələni etdim ki, prezidentin qarşısında güclü idmançıya qalib gəlim. Kamerada gördüm ki, cənab Prezident zala gəldi, həyəcanlandım. Tatamiyə çıxanda prezidentin oturduğu tərəfə baxmadım ki, həyəcanlanaram. Döyüş qurtarandan sonra prezidentə əl elədim.

Y.Ağayev: Məşq metodunuz necədir? Həftədə neçə dəfə məşq edirsiniz?
- Baş məşqimiz Rza Mehmandos və məşqçimiz Elnur Amanov gündə iki və ya üç dəfə bizə məşq toplanışı keçirlər. Demək olar ki, həftənin bütün günləri məşq keçiririk.

Y.Ağayev: Bir çox idmançıların adı dopinq qalmaqalında çəkilir. Sizdə qidalanma necə tənzimlənir?
- Artıq bu ay üçüncü dopinqimdir. Həkimimiz də daim nəzarət edir, dopinqə düşmürük.

S.İsayev: Hədəf nədir?
- Qarşıda qran-pri yarışları, turnirlərimiz var. Hədəfim inşallah Olimpiya çempionu olmaqdır.

N.Ehlamqızı: Bir çox ölkələrdə yarışlarda iştirak etmisiniz. Gəzmək imkanınız olub?
- Təsadüfi hallarda gəzmək imkanımız olur. 1 gün vaxtımız qalsa, gəzirik. Elə olur ki, yarış bu gün qurtarır, axşam Vətənə qayıdırıq. Qətərdə, Hollandiyada gəzmişik.

Y.Ağayev: Hansı ölkə xoşunuza gəlib?
- Bəhreyn xoşuma gəlib. Hər ölkənin, şəhərin öz gözəlliyi var, amma Bakıya çatan şəhər olmaz.

Y.Ağayev: Karyeranızda yaddaqalan hadisə nə olub? Elə idmançılar olur ki, pasportunu, çamadanını itirir...
- Bir dəfə Hollandiyada yarışdan qayıdanda pasportumu itirmişdim. Əslində itməmişdi, avtobusda qalmışdı. Nəzarət məntəqəsindən keçəndə cibimə baxdım ki, pasportum yoxdur. Müəllimə dərhal dedim, zəng elədilər avtobus pasportumu gətirdi, 2 saat gecikdik, məni çoxlu danladılar (gülür).

N.Ehlamqızı: İdmançı kimi maaş alırsan artıq?
- Bəli, hər ay maaş alıram.

N.Ehlamqızı: 1-ci yeri tutan idmançıya 100 min manat dəyərində pul mükafatı verilir. O məbləğə nə almağı düşünürsən?
- Maşın almaq istəyirəm (gülür).

Y.Ağayev: Hansı markalı maşın alacaqsan?
- İnşallah Chevrolet Camaro markalı avtomobili almaq istəyərəm.

Y.Ağayev: Hansı janrda mahnılara qulaq asırsınız?
- Müğənninin fərqi yoxdur, əsas odur yaxşı musiqi olsun. Daha çox ritmik musiqiləri dinləyirəm.

N.Ehlamqızı: Neçə dəst formanız var?
- 3 dəst formam var. Hərdən dostumun da formasını geyinirəm.

Y.Ağayev: Doğma meydanda döyüşməyin hansı məsuliyyəti vardı?
- İlk Avropa Oyunları Azərbaycanda keçirildiyi üçün biz idmançıların üzərində böyük məsuliyyət hissi vardı. Müəllimlərimiz də tapşırırdı ki, ancaq qələbə qazanmalıyıq. Şükürlər olsun, çempion oldum. Azarkeşlər sağ olsun, onların dəstəyi mənə çox kömək oldu. Şükürlər olsun ki, onları sevindirə bildim. Məni dəstəkləyən hər kəsə öz minnətdarlığımı bildirirəm.

Söhbətimiz əsnasında Ayxan Tağızadənin atası və şəxsi məşqçisi Əvəz Tağıyev bizə yaxınlaşır və çempion atası kimi sevincini bölüşür: “Sevincimin həddi-hüdudu yoxdur. Çempionluq Ayxanın inanılmaz qalibiyyətidir. Heç kəs bu qələbəni gözləmirdi. İnanan bir mən, bir də onun baş məşqçisi Rza müəllim və taekvondo aləmi idi. Ayxan dünyada tanınmırdı, indi hamı bildi ki, belə güclü rəqib var. Oğlum elə idmançılara qalib gəldi ki, bu, möcüzə kimi şey idi. Başda Prezidentimiz olmaqla hər kəsə Ayxanı dəstəklədiyinə görə təşəkkür edirəm. Bəlkə də cənab Prezidentimizin ayağı düşərli oldu, onu izləməyə gəldi, oğlum çətin rəqibi məğlub etdi. Sevincimi bütün Azərbaycanla bölüşürəm”.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm