Sumqayıtda “bankirlər"i də soyacaqlar?
Bizi izləyin

İdman

Sumqayıtda “bankirlər"i də soyacaqlar?

Sumqayıtda “bankirləri də soyacaqlar?

Azərbaycan Premyer Liqasında 25-ci turun oyunlarına martın 8-də start veriləcək. Publika.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.

Bayılda son şans da itiriləcək?

“Rəvan” öz meydançasında “Xəzər Lənkəran”ı qəbul edəcək. Son 2 turda 4 xal qazanan “Rəvan” öz oyununu tapıb. “Xəzər Lənkəran” isə əksinə, son turlar qələbə qazana bilmir. Medallar uğurunda mübarizədə son şansını da itirməmək üçün “ağ-yaşıllar” bu qarşılaşmada mütləq qalib gəlməlidir. Tərəflər çempionatda 9-cu dəfə üz-üzə gələcəklər. Eyni sayda qələbə qazanan komandalar, əvvəlki 8 matçın yarısında bərabərliklə kifayətlənib - 2-4-2. “Xəzər Lənkəran”ın 10 qoluna “Rəvan” 7 dəfə cavab. Rəqiblərin Bakıdakı görüşlərində isə tərəflər 1-dən artıq qol vura bilməyib. Qeyd edək ki, “Xəzər Lənkəran” 2014-cü ildə keçirdiyi 6 oyunda 9 xal qazanıb (2 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət). Lənkəran klubu son 3 matçın 2-də heç-heçə edib, 1-də məbğlub olub. "Rəvan" isə 18 matçlıq qələbəsizlik seriyasını ötən tur AZAL-ı yenərək qırıb. Güvənc Kurtarın yetirmələri yeni ildəki 6 oyunda aktvinə 5 xal yazıb (1 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət).

Şüvəlanda nüfuz mübarizəsi

Günün daha bir qarşılaşması Şüvəlanda baş tutacaq. “Azal Arena”da çempionatın ortababları-AZAL-la “Simurq” qarşılaşacaq. Bu komandaların medallar uğurunda mübarizə aparmaq şansı qalmayıb. Üstəlik onları elitadan düşmə təhlükəsi də gözləmir. Təzyiq altında olmayan komandalar yalnız nüfuz üçün mübarizə aparacaqlar. Bu, tərəflər arasında çempionatda 21-ci qarşılaşma olacaq. İndiyədək baş tutan 20 oyunda AZAL 8, “Simurq” 4 qələbə qazanıb, 8 qarşılaşma sülhlə bitib. Bakılıların 26 qoluna zaqatalalılar 19 dəfə cavab verə bilib.

Zaqatala təmsilçisi ilə görüşlərdə üstünlük AZAL-ın tərəfində olsa da, “təyyarəçilər” son 5 qarşılaşmada qələbə qazana bilməyib. Öz meydanındakı son 3 qarşılaşmada heç-heçə ilə kifayətlənən paytaxt təmsilçisi 6 matçdı ki, qonaqlara uduzmur. Qeyd edək ki, AZAL yeni ildə keçirdiyi 6 oyunda cəmi 2 xal qazanıb (2 heç-heçə, 4 məğlubiyyət). “Simurq” isə ardıcıl 3 məğlubiyyətdən sonra ardıcıl xal qazana bilib (1 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət).

“Sumqayıt” “İnter”ə də əlcək atacaq?

Sumqayıtda isə meydan sahibi “Sumqayıt” “İnter”i qəbul edəcək. Turnir cədvəlinin sonuncu pilləsində olmasına baxmayaraq, “Sumqayıt” son turlar bütün diiqəti üzərinə cəmləyə bilib. Aqil Məmmədovun yetirmələri “Neftçi”ni məğlub edəndən sonra “Bakı”nın da başını ağrıtdı. “İnter” isə 3 turdu ki, qələbə qazana bilmir. “Sumqayıt” son turlar yaxaladığı tempi saxlaya bilsə, “bankirlər”i də soyacaq. Tərəflər çempionatda 7-ci qarşılaşmaya çıxacaqlar. “İnter” Premyer Liqanın autsayderi ilə qarşılaşmalarda böyük üstünlüyə malikdi. Əvvəlki 6 matçdan yalnız birində xal itirən bakılılar rəqibinə nəinki uduzmayıb, heç qapısından qol da buraxmayıb.

Baş tutan 6 qarşılaşmadan 4-də isə eyni hesab - 2:0 qeydə alınıb. Qeyd edək ki, “İnter” yeni ildə keçirdiyi 6 qarşılaşmada aktvinə 12 xal yazıb (3 qələbə, 3 heç-heçə). 2014-ə ardıcıl 3 qələbə ilə başlayan “bankirlər” ardıcıl 3 oyunda heç-heçə oynayıb. “Sumqayıt” isə son iki turda gözlənilməz nəticələrə imza atıb. Gənclik şəhəri təmsilçisi “Neftçi”ni məğlub edib, “Bakı”dan bir xal alıb. Ümumilikdə “Sumqayıt” yeni ilin 6 oyununda 6 xal qazanıb (1 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət).

“Qarabağ” bu səddi də adlasa…

Turun 2 qarşılaşması martın 9-da keçiriləcək. Hər iki qarşılaşma prinsipiallığı ilə seçilir. Çempionatın lideri “Qarabağ” “Bakı”nı qəbul edəcək. Komandalar ötən tur fərqli nəticələr göstəriblər. “Qarabağ” “Neftçi” üzərində parlaq qələbə qazanıbsa, “Bakı” autsayder “Sumqayıt”ın müqavimətini qıra bilməyib. Qurban Qurbanovun komandası iddialılara qarşı oyunda xoş təsir bağışlayır. “Köhlən atlar” bu qarşılaşmada da qalib gəlsələr çempionluq yolunda daha bir ciddi səddi arxada qoymuş olacaqlar. “Bakı” da çempionluğa iddiasını qorumaq üçün bu qarşılaşmada mütləq 3 xal qazanmalıdı. Tərəflər çempionatda 45-ci dəfə üz-üzə gələcəklər. “Qarabağ”ın bu rəqiblə oyunlarda minimal üstünlüyü var. Belə ki, ağdamlılar 16, bakılılar 15 qələbə qazanıb, 13 matçda tərəflər hərəyə bir xalla kifayətlənib. “Qarabağ”ın 54 qoluna “Bakı” 48 dəfə cavab verə bilib.

Son 2 ev matçında qalib gələn “Qarabağ” son 4 qarşılaşmanın 3-də meydanı 3 xalla tərk edib. Ağdam klubu həmçinin son 4 matçın hamısında rəqib qapısına yol tapıb.

Qeyd edək ki, hər iki komanda 2014-cü ildə uğurlu çıxış edir. “Qarabağ” yeni ildəki 6 matçda 13 (4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət), “Bakı” 14 (4 qələbə, 2 heç-heçə) xal qazanıb.

Qəbələdə dönüş qarşılaşması

Turun ən prinsipial qarşılaşması Qəbələdə baş tutacaq. “Qəbələ” “Neftçi”ni qəbul edəcək. Liderin ən yaxın izləyicisi olan “Qəbələ” bu status qorumaq üçün “Neftçi”yə məğlub olmamalıdı. Qış fasiləsindən sonra uğursuzluq zolağına düşən “ağ-qaralar” üçün də bu qarşılaşma həyati əhəmiyyət kəsb edir. “Neftçi” xal itirəcəyi təqdirdə nəinki çempionluq, hətta medal qazanmaq şansına da sarsıdıcı zərbə vura bilər. Tərəflər çempionatda 23-cü dəfə qarşılaşacaqlar. Əvvəlki oyunların yarısında “Neftçi” qalib gəlib - 11. “Qəbələ” 6 matçda meydanı 3 xalla tərk edibsə, 5 oyunda qalib müəyyənləşməyib. Paytaxt klubunun 32 qoluna bölgə təmsilçisi 20 dəfə cavab verə bilib.

Son 4 matçda rəqibinə cəmi 1 xal verən “Neftçi” 4 səfər oyununda meydanı qolsuz tərk etməyib. Ümumilikdə isə son 5 görüşdə hər iki komanda rəqib qapısına yol tapır. Qeyd edək ki, hər iki komanda 2014-cü ilə uğursuz başlayıb. “Neftçi” yeni ildəki 6 oyunda cəmi 5 (1 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət), “Qəbələ” isə 8 xal (2 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət) qazana bilib. Bu baxımdan yanaşsaq, qarşılaşma onlardan biri üçün dönüş nöqtəsi ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm