• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Badmintonçular oyun təəssüratlarını bölüşüblər

  • İdman
  • 22 İyun 2015 19:58
  • 323 Baxış
Badmintonçular oyun təəssüratlarını bölüşüblər

Birinci Avropa Oyunlarında kişilər arasında qrup yarışlarında türkiyəli badmintonçular Əmrə Vural-Sinan Zorlu cütlüyü ilə mübarizədən məğlub ayrılan təmsilçilərimiz Kənan Rzayev-Orxan Qələndərov dueti oyun təəssüratlarını Publika.az-a bölüşüblər.


Orxan Qələndərov bildirib ki, qrup oyunlarında Azərbaycan təmsilçilərini Rusiya və Fransa gözləyir: “Rusiya turnirin favoritidir, final döyüşünə layiq komandadır. Türkiyəyə ilə qarşılaşma cütlər arasında mübarizədə ilk oyunumuz idi. Doğma meydanda çıxış etmək, millətimiz qarşısında mübarizə aparmaq həyəcanverici idi. Birinci hissədə həyəcan özünü çox biruzə verdi. İkinci hissədə özümüzü toparlayıb əlimizdən gələni elədik, təəssüf ki, məğlub olduq”.


O.Qələndərov fərdi yarışlarda iştirak etməyəcək. Fərdi yarışlarda ölkəmizi yalnız Kənan Rzayev təmsil edəcək.
Bunun səbəblərinə K.Rzayevin özü aydınlıq gətirdi: “Əslində ölkələr lisenziya ilə yarışmaya qatılıb. Azərbaycana Avropa Oyunlarına ev sahibliyi etdiyi üçün 2 yer ayrılır. Son 3 ay təlim-məşqlərdə var gücümüzlə çalışmışıq, amma lisenziya ilə gələn rəqiblərimizin hər biri dünyada seçilmiş idmançılardır. Onlar da burada Rio de Jeneyrodakı yarışmaya düşmək üçün gəliblər”.


Kənan Rzayevin sözlərinə görə, 16 cütlük arasında mübarizədə Azərbaycan badmintonçularının payına rus və fransızlar düşüb: “Fransalılar bu gün ruslarla oynadılar, məğlub oldular, amma heç də ruslardan geri qalmırlar. Lakin Rusiya və Danimarka təmsilçiləri yarışın favoritidir. Çalışacağıq ki, var gücümüzü ortaya qoyaq”.
Azərbaycanlı idmançı məğlubiyyətin səbəbini təcrübəsizlik, beynəlxalq yarışlarda az iştirakla bağlayır: “Biz ümumiyyətlə, il boyu beynəlxalq yarışlarda çox az iştirak edirik. Ab-havaya çox az-az düşürük. Avropa Oyunları ilk dəfə Azərbaycanda keçirilir, ailəmiz, dostlarımız arenaya gəlib bizə tamaşa edir, bu da bizi həyəcanlandırmaya bilməz. Belə ab-havada özümüzü itiririk. Sabah fərdi yarışda Malta təmsilçisi ilə görüşəcəyəm, ümid edirəm ki, ona qalib gələcəyəm”.


O, Badminton Federasiyasının yeni prezidenti Mikayıl Cabbarovun yarışların keçirildiyi Bakı İdman Zalına gəlib türkiyəli badmintonçularla mübarizələrini izləməsinə də münasibətini açıqlayıb: “Mikayıl müəllim öz çıxışlarında bildirmişdi ki, dəstək üçün Bakı İdman Zalına gəlib bizi izləyəcək. Dəstəyə görə ona minnətdarıq. Federasiyanın eks-prezidenti Kamal Abdullaya da təşəkkür edirik, sağ olsunlar gəlib bizə dəstək oldular. İnşallah çalışağacağıq ki, Badminton Federasiyasının yeni prezidenti ilə əl-ələ verib bu idman növünü sıfırdan, məktəblərdən başlayaq”.


Türkiyəli idmançıların da təəssüratlarını öyrəndik.


Sinan Zorlunun sözlərinə görə, dostla yarışmaq çətindir, amma nəticədə dostluq qazandı: “Məncə azərbaycanlılarla yaxşı bir yarış keçirdik. Sabah bizi daha çətin yarışma gözləyir, Rusiya təmsilçiləri ilə mübarizə aparacağıq”.


Avropa Oyunlarının təşkilatçılığına toxunan türkiyəli badmintonçu qeyd edib ki, bütün işlər yüksək səviyyədə təşkil olunub: “İlk dəfədir belə təşkilatçılığı olan turnirdə iştirak edirəm. Türkiyə ilə Azərbaycanın heç bir fərqi yoxdur. İnsanlar çox mehribandır”.


Əmrə Vural söyləyib ki, Azərbaycan və Türkiyə qardaş ölkə olduğu üçün mübarizədə dostluq qalib gəlib: “İdman centlmenliyi adı altında gözəl bir matç keçirdik, inanıram ki, tamaşaçılar böyük zövq aldılar”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR