Nəzakət Xəlilova: "Çempionluğa hazırlaşmışdım"
Bizi izləyin

İdman

Nəzakət Xəlilova: "Çempionluğa hazırlaşmışdım"

"Yarış mənim üçün yaxşı keçdi, amma təəssüf edirəm ki, mənim üçün gümüş mükafatla nəticələndi. Mən çempionluğa hazırlaşmışdım. Amma buna da şükür edirəm".

Publika.az-ın məlumatına görə, bunu bu gün Bakı-2015 birinci Avropa Oyunlarında qadın samboçuların yarışında 52 kq-dək çəki dərəcəsində Azərbaycana gümüş medal qazandıran Nəzakət Xəlilova deyib.

O, final görüşündə Rusiya samboçusuna məğlubiyyətinin səbəbini belə izah edib: “Rəqibim təcrübəli idi. İkiqat dünya çempionudur və 30 yaşı var. Ona görədə təcrübə baxımından çatışmazlığım oldu. Buna qədər onunla qarşılaşmamışdım. Bu, ilk görüşümüz idi. Döyüşlərini izləmişdim, amma o, daha təcrübəli idi deyə, bu dəfə məndə alınmadı”.

Avropa Oyunlarının gümüş mükafatçısı qazandığı medalı ailəsinə və şəxsi sambo müəllimi Cabir İsmayılova həsr etdiyini deyib.

N.Xəlilova qeyd edib ki, hələ ki, yaşı azdır və məqsədi yeni uğurlar qazanmaqdır: “Çalışacağam ki, daha yaxşı məşq edib yeni nailiyyətlər qazanım. Qarşıda İslam Həmrəylik Oyunları gəlir, bu yarışa hazırlaşacağam”.

O bildirib ki, əvvəllər cüdo idman növü ilə məşğul olub və nəticələr də əldə edib. Lakin sonradan müəlliminin təşəbbüsü ilə samboya keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm