O, bizim Messimiz idi - İŞİD-ə qoşulan futbolçular kimlərdir?
Bizi izləyin

İdman

O, bizim Messimiz idi - İŞİD-ə qoşulan futbolçular kimlərdir?

Son vaxtlar İŞİD terror qruplaşması bütün dünyanı vahiməyə salmaqdadır. Belə ki, dünyanın hər tərəfindən cəlb etdikləri silahlılarla İraq və Suriya ərazisinin yarıdan çoxunu nəzarətdə saxlayan "islam ordusu" sıralarını hər keçən gün bir az daha genişləndirməkdədir.

Bir müddət öncə həmin bu terror təşkilatının adı futbolla da yanaşı çəkildi. Belə ki, İngiltərə mətbuatı bu ölkədə top qovan bir neçə peşəkar futbolçunun İŞİD-ə qoşulmaq üçün Suriyaya qaçdığı xəbərini yaydı. Yayılmış bu xəbərin növbəti günlərdə şayiə yox, dəqiq məlumat olması aydınlaşdıqdan sonra bu hadisə böyük müzakirəyə səbəb oldu. Ancaq bu yaraqlılara qoşulan təkcə İngiltərədə oynayan 5 futbolçu deyildi.

Dünyanı lərzəyə gətirən terror qruplaşmasına qatılmış futbolçuların bəziləriylə tanış olaq.

Fabio Pokas

Fabio Pokas "Sportinq" futbol akademiyasının yetirməsidir. O, bir müddət bu klubun akademiyasında futbolun sirlərinə yiyələndikdən sonra İngiltərəyə yola düşür. Burda o, İngiltərənin aşağı liqalarında çıxış etməyə başlayır. Tezliklə onun adıçəkilən ölkənin peşəkar klublarından birində oynamaq fürsəti yaranır. Ancaq Fabio birdən ortadan yoxa çıxır. Daha sonra onun şəxsi "facebook" profilində paylaşdığı şəkildən hər şey aydın olur. Şəkildə Pokas İŞİD yaraqlılarının yanında dayanmışdı. Yox, o, əsir deyildi. İndi heç o, Fabio Pokas da deyildi. Onun adı Əbdülrəhman Əl Əndəlus, özü isə İŞİD-in əsiri yox, onun yaraqlısı olmuşdu. Futbolçunun bu terror qruplaşmasına necə qoşulduğu məlum deyil. Ancaq onun son vaxtlar dediyi sözlərdən bu qruplaşmaya necə bağlı olduğunu görmək olar:

"Öldürmək - bu sadə bir şeydir. Müsəlmana ziyan verən şəxsi öldürmək isə çox sadədir. İslama qarşı mübarizə aparan istənilən insanı öldürə bilərəm".

Nero Sarayva

Nero Sarayva da Fabio kimi "Sportinq" futbol məktəbinin yetirməsidir. O, hətta burda bir il Kriştiano Ronaldoyla birgə də çıxış edib. Ancaq Ronaldodan fərqli olaraq, Sarayva karyerası ərzində heç vaxt peşəkar olmayıb. Adlı-sanlı futbolçu ola bilməyən Nero, adlı-sanlı terrorçu olmağa qərar verib. Maraqlıdır ki, onun da yolu İŞİD-ə Fabio kimi məhz İngiltərədən keçib. Bir müddət Londonda yaşayan sabiq futbolçu anidən - 2012-ci ildə İŞİD-in sıralarında peyda olur. Sarayva bu terror qruplaşmasına qoşulan ilk futbolçulardan idi. Burda o, şəxsi "tvitter"i vasitəsilə hərbi formada və silahla bir çox foto paylaşırdı. Onun şəxsi hesabından yazdığı bu status isə daha çox diqqət çəkir:

"ABŞ-a yeni mesajımız var. İslam dövləti yeni film çəkir. Bizi aktyorla təmin etdiklərinə görə, ABŞ-a təşəkkür edirik".

Bu statusdan cəmi 39 gün sonra amerikalı jurnalist Ceyms Foley Suriyada İŞİD silahlıları tərəfindən başı kəsilərək qətlə yetirilir. Onun qətli isə videokameraların yaddaşına köçürülür. Amerikalı kəşfiyyatçılar Sarayvanın İŞİD-də məhz video çəkiliş işinə baxdığını müəyyən etdi. Bəlkə də elə amerikalı jurnalistin qətl edilməsi görüntülərini də məhz Nero lentə almışdı.

Selso Edqar da Kosta

İŞİD-ə qoşulmuş futbolçulardan biri də Selso Edqar da Kostadır. Onun İngiltərədə yaşadığı və bir müddət "Arsenal"da baxışda olduğu deyilir. "Topçular"ın heyətinə düşə bilməyən Kosta, İŞİD-in sıralarına daxil olmağa qərar verir. Bu yaxınlarda isə "Arsenal" rəsmi olaraq açıqlama verir. Belə ki, London təmsilçisi əllərində Edqar da Kostanın baxışdan keçməsiylə bağlı heç bir videoyazı olmadığını qeyd edir.

Kreşnik Berişa

Kosovalı Kreşnik Berişa da bəxti gətirməyən futbolçulardandır. Belə ki, Frankfurtun həvəskar "Makkabi" klubunda oynayan futbolçu 3 il öncə karyerasını bitirdi. 2013-cü ildə isə onun sorağı Suriyadan gəldi. Tezliklə məlum oldu ki, Berişa bu ölkədə terror qruplaşmasına qoşulub. Sabiq futbolçu tezliklə axtarışa verildi. 2014-cü ildə nə səbəbdənsə Almaniyaya qayıdan Berişa, Frankfurt hava limanında alman polisi tərəfindən saxlanılır. Məhkəməyə çıxarılan Berişaya 3 ildən 10 ilədək iş kəsilməsi tələb olunur. Ona terror təşkilatı barədə bildiklərini məhkəməyə danışacağı təqdirdə, işinin yüngülləşdiriləcəyi vəd olunur. Məhkəmədə Berişanı türk vəkil müdafiə edir. Sabiq futbolçu Suriyada gördüklərini məhkəməyə danışır. Belə ki, o, Suriyada Hələbdə qaldığını, orda yalnız aylıq 40 funt-sterlinq və yemək aldığını deyir. Maraqlıdır ki, Berişa ilk məhkəmədəcə hər şeyi danışmağa razı olur. Onun babası isə bu məsələylə bağlı belə deyir:

"Almaniyada həbsdə yatmaq, İraqda müharibədə döyüşməkdən daha yaxşıdı".

Aybek Qubaydullin

Qazaxıstanlı Aybek Qubaydullinin karyerası isə heç də pis alınmamışdı. Belə ki, o, karyerasını bitirənə qədər bu ölkənin yüksək liqasında çıxış edən "Akjayık" klubunun kapitanı idi. Aybek faciəvi bir hadisə nəticəsində karyerasını bitirir. Belə ki, 2010-cu ildə o və komanda yoldaşları Qazaxıstan çempionatında səfər məğlubiyyətindən sonra kafedə dincəldikləri zaman burdakı kütləvi davanın iştirakçısı olurlar. Burda yaralanan Aybek bir müddət sonra karyerasını bitirdiyini açıqlayır. 2015-ci ildə isə sabiq futbolçunun sorağı Suriyadan gəlir. Artıq Qazaxıstanda Qubaydullinlə bağlı iş açılıb. Belə ki, o, bu ölkənin qanunlarına əsasən terror təşkilatına kömək etdiyinə görə, vətəninə gəldiyi zaman həbs ediləcək.

Burak Karan

Türk əsilli Almaniya vətəndaşı olan Burak Karan karyerasına bu ölkənin "Bayer" (Leverkuzen) klubunda başlayır. Onun karyerası heç də pis alınmırdı. Belə ki, o, tezliklə Almaniyanın U-16 və U-17 milli komandalarında debüt etməyə imkan tapmışdı. O, burda Kevin-Prins Boatenq, Sami Kxedira kimi futbolçularla çiyin-çiyinə çıxış etmişdi. Burak "Bayer"dən sonra "Hamburq"da və "Hannover"də də çıxış edir. Karanın keçmiş baş məşqçisi Markus Olm onun həddən artıq dindar olduğunu deyir:

"Məşqdə və ya oyunda olmağımıza baxmayaraq, Burak həmişə gündə 5 dəfə namazını qılırdı".

Türk əsilli futbolçu terror təşkilatı olan İŞİD-ə də yardım edirdi. Belə ki, Burak əvvəllər terror təşkilatına ancaq pulla yardım etsə də, sonradan ətrafındakı şəxslər bunun kifayət etmədiyini dedilər. O isə həyat yoldaşı və iki övladını da götürərək, Suriyaya, Hələbə yola düşür. Burak bir müddət terrorçularla birgə döyüşür. Ancaq 2013-cü ilin oktyabr ayında Hələb şəhərinin bombalanması zamanı həlak olur.

Nedxal Selmi

Nedxal Selmi Tunisin "Etual Du Saleh" klubunda top qovurdu. O, Afrikada bütün klub turnirlərini qazanmış azsaylı futbolçulardan idi. Ancaq bir gün bəlli olmayan səbəbdən onun klub rəhbərliyiylə araları dəyir. Bundan sonra kənarda klub axtaran və "Əl İttihad" və "Monastr" klublarıyla danışıqlar aparan futbolçu, adıçəkilən komandalarla anlaşa bilmir. Sonra isə o, birdən yoxa çıxır. Atası əmin idi ki, oğlu başqa ölkədə özünə klub axtarır. Ancaq o, "facebook"da arxa fonda qara bayraq olan şəkil paylaşmaqla hər şeyə aydınlıq gətirdi. Bundan sonra ondan nə ailəsi, nə də polis heç bir məlumat əldə edə bilmədi. Ta ki, onun ölüm xəbəri gələnə qədər. Selmi 2014-cü il oktyabrın 16-da baş vermiş döyüşlərdən birində həlak olur.

Əbu Bəkr Əl Bağdadi

İŞİD terror təşkilatının futbolla əlaqəsi yalnız sonradan bura qoşulan futbolçularla məhdudlaşmır. Sən demə, bu təşkilatın başçısı Əbu Bəkr Əl Bağdadi özü də futbol aşiqiymiş. Belə ki, Bağdadini bir neçə il öncədən tanıyanlar onun İraqın Samirə şəhərindəki məscidin yanındakı futbol meydançasında tez-tez top qovduğunu deyiblər. Hətta əvvəllər burda onunla çiyin-çiyinə futbol oynamış Əbu Əli (Bağdadinin uşaqlıq dostu) Bağdadi haqda belə danışıb:

"İbrahim (Bağdadinin əsl adı) boyunun balaca olmasına baxmayaraq, çox yaxşı oyun sərgiləyirdi. O, bizim Messimiz idi".

Ancaq silaha meyllilik Bağdadini də futboldan uzaq salır. O, futbolçu kimi uğur qazanmaqdansa, terrorçu kimi tanınmağı daha üstün tutur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm