Çəlimsiz uşağın yüksəlişi – “Yad planetli”nin doğum günüdür - FOTOLAR
Bizi izləyin

İdman

Çəlimsiz uşağın yüksəlişi – “Yad planetli”nin doğum günüdür - FOTOLAR

Bu adam sanki kompüter oyunundakı kimidir. Dünyanın ən yaxşı futbolçusu olma yolunda sürətlə irəliləyir...

Bu sözləri bir neçə il öncə "Arsenal"ın fransız çalışdırıcısı Arsen Venger Lionel Messi haqqında demişdi. Kompüter oyunları hər il bir az daha təkmilləşdirildiyi kimi, Messi də öz oyununu hər mövsüm bir az daha artırır. Onun haqqında o qədər danışılıb, təriflər edilib ki, artıq onun möhtəşəm oyununu tərif edəcək söz qalmayıb. Məhz buna görə, Messiyə artıq sadəcə, "yad planetli" deyirlər. Bu gün futbol dünyasının bu bəstəboy "yad planetli"sinin doğum günüdür. Cəmi 18 gün öncə Çempionlar Liqasında növbəti zəfərini qazanan yaşayan əfsanənin həyatına kiçik nəzər salaq.

Lionel Messi 1987-ci il iyunun 24-də Argentinanın kasıb şəhərlərindən olan Rosarioda dünyaya göz açıb. Onun atası fabrika işçisi, anası isə xadimə idi. Kasıb ailənin çəlimsiz oğluna baxanda heç kim onun dünya səviyyəli futbolçu olacağına inanmazdı. Leonun məktəbdəki riyaziyyat müəllimi Andrea Sosa onu belə xatırlayır:

"Riyaziyyatdan o qədər də yaxşı deyildi. Ancaq verilmiş bütün tapşırıqları yerinə yetirirdi. Çox danışmayan, utancaq və sinifin ən balaca uşağı idi. Bir də, siniflərin arasında top qovmağı çox sevərdi".

90-cı illərin əvvəlindəki Argentina regiondakı digər ölkələrlə eyni xüsusiyyətləri daşıyırdı. Kasıblar və varlılar arasında olan böyük uçurum birincilərə normal yaşamaq üçün çox az fürsətlər verirdi. Bu cür şəraitdə Rosario kimi kasıb şəhərlərdə uşaqların seçim imkanları çox az idi. Ailənin maddi vəziyyəti yaxşıdırsa və şəhərdəki quldur dəstələrinə qoşulmamısansa, təhsil şansın var. Yoxdursa, geriyə 2 yol qalır - narkotik ticarəti və ya futbol.

Messi 5 yaşında olarkən ailəsi nənəsinin yaşadığı Qrandoliyə köçür. O, burda atasının (Xorxe Horasio) məşqçilik etdiyi komandada futbolun sirlərinə yiyələnməyə başlayır. Messi daha sonra ailəsiylə birlikdə Rosarioya qayıdaraq burdakı "Nyuelz Old Boys" klubunun uşaq komandasında oynamağa başlayır. Leo 11 yaşına çatdıqda onun bəstəboyluğunun adi cılızlıq yox, xəstəlik olduğu ortaya çıxır. Belə ki, həkimlərin müayinəsindən sonra Leoda boy uzadan hormonların çatışmadığı ortaya çıxır. Getdikcə Messi yaşıdlarıyla mübarizədə geri qalmağa başlayır. Adi bir toqquşmada belə yerdə qalan Messinin futboldan kənarda qalmaq təhlükəsi yaranır. Argentinanın köklü klublarından "River Pleyt" bu uşağın vəziyyətindən xəbərdar olur və kömək etmək qərarına gəlir. Ancaq hormon müalicəsinə görə aylıq 900 dollar tələb olunduğunu öyrəndikdən sonra geri çəkilirlər. Bu vaxt Leonun Kataloniyada yaşayan qohumları vasitəsilə uşağın vəziyyətindən xəbərdar olan "Barselona"nın idman direktoru Karles Reksaç Messiyə yardım etmək qərarına gəlir. O, Messinin atasına bir müqavilə təklif edir. Müqaviləyə əsasən Leo Kataloniya klubunun akademiyasına keçəcək və bütün müalicə xərcləri klub tərəfindən ödəniləcək. Əslində "Barselona" rəhbərliyi sadəcə, Leonun qohumlarının sözüylə bu müqaviləni bağlamamışdı. Belə ki, onlar artıq bir müddətdi Messinin oyununu izləyirdilər. Onun müalicəsi üçün gərəkli olan xərclər də Kataloniya klubu üçün çox uyğun idi. Beləliklə, Messinin taleyində dönüş yaranır. O, "Barselona"nın futbol fabriki olan “La Masia”ya gəldikdə 2000-ci il idi. Leo artıq 2004-cü ildə "Barselona"nın Sequndada çıxış edən B komandasında forma geyinməyə başlayır.

Elə həmin ildə forvard "Barselona"nın əsas komandasında da debüt edir. Ona ilk güvənən məşqçi isə Frank Raykard olur. O, 2004-cü il, oktyabrın 16-da "Espanyol"la Barselona derbisində Messiyə şans verir. Meydana çıxanda 17 yaşında olan (17 il 114 gün) Messi bu cəhətdən La Liqada rekord müəyyənləşdirir. Onun bu rekordunu isə cəmi 3 il sonra "Barselona"nın digər yetirməsi Boyan Krkiç qırır. Messi "Barsa"da ilk qoluna isə 2005-ci il, mayın 1-də "Albasete"ylə oyunda imza atır. 18 yaşı tamam olmamış vurduğu bu qolla Messi "Barselona"nın tarixinə La Liqada qol vurmuş ən gənc oyunçu kimi düşür. Maraqlıdır ki, Messinin bu rekordunu da 2007-ci ildə Boyan Krkiç qırır. Özü də, Messinin ötürməsi ilə.

Messinin Kataloniya təmsilçisinin heyətində qazandığı uğurları saymaqla bitməz. O, "Barselona"nın heyətində 7 dəfə La Liqanı, 3 dəfə ölkə kubokunu, 4 dəfə Çempionlar Liqasının kubokunu, 6 dəfə İspaniya superkubokunu, 2 dəfə Avropa superkubokunu, 2 dəfə isə FİFA klublararası dünya kubokunu qazanıb. Onun hesabında həmçinin 4 "Qızıl top" mükafatı da var. Həmişə Maradonayla müqayisə olunan Messinin kolleksiyasında Dieqodan fərqli olaraq, dünya kuboku yoxdur. Leo keçən il Braziliyada təşkil edilən mundialda bu zirvəyə çatmağa yaxın olsa da, "alman maşını" onun bu istəyini gözündə qoydu. Ancaq Messi millidə heç də titulsuz qalmayıb. Belə ki, onun kolleksiyasında 20 yaşadək dünya çempionatının və 2008-ci ildə Pekində baş tutmuş Olimpiadanın qızıl medalları var.

Baş gicəlləndirən təkliflərə rəğmən, doğma klubunu tərk etməyən Messi, şəxsi həyatında da bu sadiqliyini göstərir. Belə ki, Leo hazırkı sevgilisi Antonella Rokuzzoyla 20 ilə yaxındır tanışdılar. Uşaq yaşlarında dost olan cütlük arasında münasibətlər, yaş irəlilədikcə sevgiyə çevrilib. Cütlüyün 2013-cü ildə bir oğlu da dünyaya gəlib.

Messi dünya çempionu olmasa belə, bu günə qədər imza atdığı rekordlarla adını dünya futbolunun tarixinə qızıl hərflərlə yazdırıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm