Onlar necə "yəhudi" oldu? - "Yid ordusu"nun hekayəsi
Bizi izləyin

İdman

Onlar necə "yəhudi" oldu? - "Yid ordusu"nun hekayəsi

2012-ci ilin 22 noyabrında Avropa Liqasının qrup mərhələsi çərçivəsində Romanın "Olimpiya" stadionunda keçirilən "Latsio" - "Tottenhem" matçında yerli azarkeşlər qonaq komandaya qarşı aqressiv münasibət göstərirdilər. Onlar oyun boyu ingilislərə söyüşlər yağdırır və "yəhudi Tottenhem" deyə bağırırdılar. Bu, Hotspur təmsilçisinin Avropada qarşılaşdığı ilk hücum deyil. Belə ki, londonlular Avropanın bir çox futbol klublarının azarkeşləri (əsasən ultraslar) tərəfindən yumşaq desək sevilmir. Bəs "Tottenhem"in nəinki Avropada, hətta İngiltərənin özündə belə "yəhudi" adlandırılaraq, təhqir edilməsi nə ilə bağlıdır?

Avropada hələ orta əsrlərdən yəhudilərə qarşı olan münasibət məlumdur. Belə ki, "Köhnə qitə"nin radikal dindarları və millətçiləri həmişə yəhudilərə nifrət ediblər. Bunun kökündə dini, iqtisadi və s. səbəblər var. Sual yaranır: "Tottenhem"in yazıq ingilis fanatlarının günahı nədir ki, heç bir etnik bağlılığı olmadığı millətin nümayəndələrinə görə getdikləri ölkədə kötəklənirlər. Elə yuxarıda vurğuladığım "Latsio" - "Tottenhem" matçından əvvəl və sonra bir çox londonlu azarkeş xəstəxanalıq edildi. "Tottenhem"in yəhudilərlə bağlılığı deyəndə bir çox insanın ağlına bu fikir gəlir - yəqin klub vaxtilə London yəhudiləri tərəfindən qurulub. Hər şey isə tam başqa cür olub.

Əsl xristianların yaratdığı "yəhudi klubu"

"Tottenhem"in əsası Şimali Londonda qoyulub. Klubun ləqəbinin əksinə, komandanın yaradılmasında heç bir yəhudi iştirak etməyib. Əksinə, klubu əsl xristianlar yaradıb. Belə ki, 1882-ci ildə Şimali Londonda yerləşən "All Hallows" kilsəsinin bir qrup tələbəsi futbol klubu yaratmaq fikrinə gəlib. Onların bu fikri reallığa çevrilib. İncil öyrənən biçarə tələbələr hardan biləydi ki, onların yaratdığı sevimli klubları gələcəkdə təhqirlə "yəhudi" adlandırılacaq.

"Tottenhem" necə "yəhudi" oldu?

Əslində bu klubun belə adlandırılmasının səbəbini hətta hotspurlu azarkeşlərin də bir çoxu bilmir. İstənilən "Tottenhem"li azarkeş "yəhudi" ləqəbinə təhqir yox, fəxr hissiylə yanaşır. Bəs hər şey necə başladı?

Londonun şimalını təmsil edən "Tottenhem" bu şəhərin digər klubları - "Çelsi" və "Arsenal"la daim rəqabət halındadır. Uyğun olaraq da, bu klubların azarkeşləri bir-birinə qarşı heç də rəğbət bəsləmirlər. Əksinə, həm oyunlar zamanı, həm də kənarda bir-birinə təhqiredici ifadələr səsləndirməklə qarşısındakının özündən aşağı səviyyədə olduğunu sübut etməyə çalışırlar. "Tottenhem"ə "yəhudi" ləqəbi də, məhz bu cür deyişmələrin birində "yapışdırıldı". Ancaq niyə məhz "yəhudi"?

Bunun da əsas səbəbi, "Tottenhem"in ev oyunlarını keçirdiyi "White Hart Line" stadionunun Londondakı yəhudilərin sıx yaşadığı Stemford Hill küçəsinin yanında yerləşməsidir. Məhz buna görə, digər London klubları - əsasən də "Çelsi" fanatları rəqiblərində qıcıq yaratmaq üçün bu ifadədən istifadə etməyə başladılar. Onlar "Tottenhem"lə matç üçün xüsusi şüar da seçmişdilər. Maraqlıdır ki, "Zadəganlar" bu şüarda bir neçə il Londonu bombardmana tutan Adolf Hitlerin adını çəkməkdən də çəkinmirdilər:

"Yenə qazda boğacaq bunları ("Tottenhem" fanatları nəzərdə tutulur) Hitler,

Onları dayandırmayacağıq, "Tottenhem"li yidler (yəhudilərə verilmiş ləqəb)".

"Tottenhem"li azarkeşlər bu təhqirlərlə ayaqlaşa bilmirdi. Ta ki, "Mançester Siti"ylə matça qədər. Belə ki, "Şəhərlilər"lə oyunun gedişində də oxşar təhqirlərə məruz qalan fanatlar buna fərqli reaksiya göstərdilər. Daha doğrusu, əks reaksiya göstərdilər. Belə ki, "Tottenhem"li azarkeşlər nəinki bu ifadədən qıcıqlandılar, hətta bunu fəxrlə öz üzərlərinə götürdülər. Maraqlıdır ki, "Tottenhem"in hətta ən radikal-millətçi ultrasları da, yəhudi adını üzərlərinə götürməkdən çəkinmədilər. Onlar hətta özlərini "yid (yəhudi) ordusu" adlandırmağa başladılar. Digər azarkeşlərlə girişdikləri kütləvi davalardan sonra isə döydükləri rəqiblərinin ətrafında "yiddo, yiddo" deyə qışqıraraq, zəfərlərini qeyd edirdilər. Oyunlara isə "Tottenhem"lə yanaşı, İsrail bayraqları da gətirməyə başladılar.

Bir sözlə qatı ingilis xristianları tərəfindən yaradılmış "Tottenhem" elə məhz həmşəhərliləri tərəfindən zorla "yəhudi" edildi.

Belə olan halda, Avropada millətçiliyiylə ad çıxarmış, hətta derbi oyunlarında "Roma" azarkeşlərini "yəhudi" adlandıran "Latsio"lu ultrasların "Tottenhem"lilərə hücum etməsinin səbəbləri aydın olur. Avropada isə millətçi ultraslar heç də az deyil.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm