Millidə baş məşqçi dəyişikliyi – Qarayev qayıdır
Bizi izləyin

İdman

Millidə baş məşqçi dəyişikliyi – Qarayev qayıdır

Qadınlardan ibarət voleybol üzrə milli komandamızda baş məşqçi dəyişikliyi baş verib. Avropa Oyunlarında uğur qazana bilməyən Aleksandr Çervyakov istefaya göndərilib.

Publika.az xəbər verir ki, artıq Çervyakovun xələfinin kimliyi də məlumdur. Millimiz Faiq Qarayevə tapşırılıb. Təcrübəli mütəxəssis əvvəllər də Azərbaycan yığmasının baş məşqçisi kimi çalışıb.

Məsələyə aydınlıq gətirmək üçün Voleybol Federasiyasının mətbuat katibi Şəfəq Kərimova ilə əlaqə saxladıq.

Publika.az-a danışan federasiya rəsmisi xəbəri təkzib etdi. Hələ federasiyada hər hansı bir dəyişikliyin baş vermədiyini bildirdi:

“Federasiyada rəsmi olaraq kiminsə yeni posta təyinatı olmayıb. İndi bu işlərin baş verəcəyi vaxt deyil. Hazırda hamı tətildədir. Heyət iyul ayının sonlarında toplaşacaq. Bundan sonra kimin gedəcəyinə, kimin gələcəyinə qərar veriləcək. Millimiz iyulun sonlarında təlim-məşqlərə başlayacaq. Çünki payızda Avropa çempionatı başlayır”.

Hərçənd federasiya rəsmisi Zöhrab Gözəlbəyli bu xəbəri təsdiqləyib. O, bildirib ki, baş məşqçi postu yenidən Faiq Qarayevə həvalə olunub. Z.Gözəlbəylinin sözlərinə görə, F.Qarayev bu postda Aleksandr Çervyakovu əvəzləyib:

"Faiq Qarayev bu gün Bakıda ayağından əməliyyat olunub. Tam sağaldıqdan sonra vəzifəsinin icrasına başlayacaq. O, milli komandanı sentyabrın sonu - oktyabrın əvvəllərində Hollandiya və Belçikada keçiriləcək Avropa çempionatına hazırlayacaq".

Federasiya rəsmisi baş məşqçinin köməkçilərinin adlarına aydınlıq gəlmədiyini söyləyib.

Qeyd edək ki, Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Bakı 2015 I Avropa Oyunlarında 4-cü yeri tutaraq medalsız qalıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm