“Qəbələ” Tiflisə heç-heçə üçün getməyib
Bizi izləyin

İdman

“Qəbələ” Tiflisə heç-heçə üçün getməyib

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin oyunları keçiriləcək. “Dinamo” (Tiflis, Gürcüstan) – “Qəbələ” oyunundan əvvəl “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib.

Publika.az ukraynalı mütəxəssisin bugünkü oyun haqda fikirlərini təqdim edir:

“Avropa Liqasının I təsnifat mərhələsində çox ciddi rəqiblə görüşəcəyik. Avrokuboklar öncəsi vaxt az olsa da, yaxşı hazırlıq keçmişik və mərhələ adlamaq niyyətindəyik. Əsas məqsədə doğru yavaş-yavaş irəliləməliyik. İlk addımda məqsədimiz bu mərhələni adlamaqdır. Hazırda yalnız sabahkı görüşü düşünürəm. Tiflisdəki qarşılaşmada yaxşı nəticə qazanmalıyıq. Sonra isə oyun planında daha da inkişaf edəcəyik. Komandamız sabah ideal futbol göstərməyə də bilər, çünki əsas olan nəticədir. Amma nəticə bizim üçün önəmli olsa da, müdafiə futbolu oynamayacağıq. İlk oyuna gəlincə, bizi 0:0 hesabı deyil, 5:0 hesablı qələbə qane edir”.

Qriqorçuk rəqib və komandasının durumu haqda da fikirlərini açıqlayıb:

“Ötən mövsüm başa çatan kimi “Dinamo”da məşqçi və heyətlə bağlı ciddi dəyişikliklərin olduğundan xəbərdaram. Lakin indiki “Dinamo”nun da oyununu görmüşəm. Çox yaxşı komanda olduğunu deyə bilərəm. Rəqib kimi bizim heyətdə də müəyyən dəyişikliklər olub. Klubumuzun siyasəti elədir ki, bizdən baxımlı və maraqlı oyun tələb olunur. Yeni gələn oyunçular da məhz buna uyğundur. Komandamıza yeni qoşulanlar da var. Yarım ildir “Qəbələ”də olsam da, özümü çoxdan burda işləyən kimi hiss edirəm. Burda olduğum müddətdə komandanın oyununu qurduq, müəyyən hədəflərə çatdıq. İndi isə oyunumuzu yeni heyətin olmasını nəzərə alaraq qurmalıyıq. Heyəti yeni qursaq da, oyun intizamında lazımi səviyyəyə nail olmuşuq. Təbii ki, yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır. İşimizi asanlaşdıran odur ki, yüksək səviyyədə oynamış futbolçularla güclənmişik. Bu üzdən uyğunlaşma prosesinin tez gedəcəyinə inanıram. Müəyyən vaxtdan sonra daha güclü olacaq, mükəmməl oyun göstərəcəyik. Əminliklə deyə bilərəm ki, azarkeşlər maraqlı və baxımlı oyuna şahid olacaqlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm