“Qəbələ” Gürcüstanda “Polislər”lə üz-üzə
Bizi izləyin

İdman

“Qəbələ” Gürcüstanda “Polislər”lə üz-üzə

Bu gün Azərbaycan futbolunda 2015/16 mövsümünə start veriləcək. Həmişə olduğu kimi mövsüm klublarımızın avrokuboklardakı çıxışı ilə başlayır. Ötən il "Qarabağ"la Avroliqanın qrup mərhələsində yaşdığımız həyəcanın dadı hələ də damağımızdan getməyib. Yenə o anları yaşamaq istəyirik. Görəsən, bu il də klublarımız bizi sevindirə biləcəkmi? Azərbaycan çempionatının son mövsümündə baş verənlərdən sonra azarkeşlər arasında bədbinlik yaranıb. Bu dəfəki marafonun keçən mövsümdəki kimi dekabra qədər davam edib-etməyəcəyini bilmirik. Ola bilər ki, budəfəki həyəcan daha uzun çəksin, bəlkə də qısa oldu. Bunu zamanın öhdəsinə buraxaq.

Ötən mövsümün yekunlarına əsasən, "Neftçi", "Qarabağ" və "İnter" Avropa Liqasında, "Qarabağ" isə Çempionlar Liqasında ölkəmizi təmsil edəcək. "Köhlən atlar" ÇL-də mübarizəyə iki həftə sonra ikinci təsnifat mərhələsindən başlayacaq. Digər klublarımız isə bu gündən Avroliqada qüvvəsini sınayacaqlar.

Hər üç təmsilçimiz birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Saat fərqilə "İnter" digər iki kluba nisbətən tez meydana çıxacaq. "Bankirlər"in başına gələnlərdən yəqin ki, az-çox xəbərdarsız. Müflis olmaq ehtimalı olan klub böyük çətinliklər bahasına avrokuboklarda iştirak etmək imkanı əldə edib. "Göy-ağlar"ın birinci mərhələdəki rəqibi Albaniya "Laçi"si nisbətən zəif rəqib olsa da, "İnter" də əvvəlki gücündə deyil. Komandanın ötən mövsümkü heyətindən əsər-əlamət qalmayıb. "Bankirlər"in heyətinin böyük hissəsi gənc və təcrübəsiz futbolçulardan ibarətdir. Yeni transfer edilən oyunçuların hətta avrokubok təcrübəsi də vəziyyəti dəyişmir. Çünki çatışmazlıqlar çoxdur, hazırlıq prosesi yüksək səviyyədə keçməyib. Bakılılar ən yaxşı halda bir və ya iki mərhələ adlaya biləcəklər ki, bu da hazırkı durumda onlar üçün böyük uğur hesab edilə bilər. İstənilən halda, "İnter" bu gün Albaniyadan məğlub ayrılmamalıdır.

"Neftçi" də demək olar ki, "İnter"lə eyni aqibəti yaşadı. Komanda siyasətini dəyişdi, gənc oyunçulara güvənildi. Heyətdə az sayda təcrübəli futbolçu qalıb. Onların təkbaşına nəsə etməsi real görünmür. İstənilən halda flaqman bu gün doğma divarlar arasında qələbə qazanmağa çalışacaq. Çünki rəqib münasibdir. Çernoqoriya "Mladost"u heç bir cəhətinə görə “Neftçi”dən üstün deyil. Rəqibin elə də güclü olmaması "Neftçi"nin gənc oyunçularının da işinə yaraya bilər. Qələbə qazandıqca onlarda özünəinam artar, bu da növbəti mərhələlərdə komandaya xeyli köməklik edə bilər.

"Qəbələ" isə digər iki kluba nisbətən turnirə daha yaxşı hazırlaşıb. Komandanın baş məşqçisi Roman Qriqorçuk istədiyi kimi avrokuboklara hazırlıq görüb. "Qırmızı-qaralar"ın nə heyət, nə transfer, nə də maliyyə baxımından problemləri yoxdur. Bu da bizi ruhlandırmaya bilməz. "Qəbələ" bəlkə də mərhələnin taleyini Gürcüstanda "Dinamo"nu məğlub etməklə həll edə bilər. Qriqorçukun gəlişi əyalət təmsilçisinin xeyli inkişaf etməsinə səbəb olub. Meydanda taktiki baxımdan çox iş görən ukraynalı mütəxəssis ola bilsin ki, bu gün "Polislər"in əl-qollarını bağlayıb, ümidlərini dəfn etsin. Komandanın hazırkı potensialı belə deməyə əsas verir.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilkin oyunlar

2 iyun

20:30 Laçi (Albaniya) - İnter (Bakı, Azərbaycan)

Hakimlər: Karlos Del Serro Qrande, Xuan Yuste Ximenes, Abraham Alvarez Kanton, İnyaki Vikandi Qarrido (İspaniya).

Hakim-inspektor: Uno Tutk (İspaniya).

21.00 Neftçi (Azərbaycan) - Mladost (Çernoqoriya)

Hakimlər: Ali Palabıyık, Cem Satman, Ceyhun Sesigüzel, Hakan Ceylan (Türkiyə).

Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan).

21:00 Dinamo (Tbilisi, Gürcüstan) - Qəbələ (Azərbaycan)

Hakimlər: Roy Raynşreyber, David Elias Biton, İdan Yarkoni, Zvi Levi (İsrail).

Hakim-inspektor: Siril Zimmermann (İsveçrə).

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm