Bütün Avropa onların ovuna çıxacaq - FOTOLAR
Bizi izləyin

İdman

Bütün Avropa onların ovuna çıxacaq - FOTOLAR

Çexiyada keçirilən gənclər arasında Avropa çempionatı başa çatdı. Finalda İsveçlə Portuqaliya qarşılaşdı. Əsas və əlavə vaxtı heç-heçə (0:0) başa çatan oyunun taleyini penaltilər həll etdi. Penalti seriyasında qalib gələn İsveç (4:3) tarixində ilk dəfə Avropa çempionu oldu.

Sözsüz ki, bu turnirə maraq olduqca böyük idi. Xüsusən də klubların. Zarafat deyil, Çexiyaya Avropa futbolunun gələcəyi hesab olunanlar toplaşmışdı. Elə ona görə də qitənin əksər klublarının diqqəti bu turnirdə idi. Skautlar qeyd dəftərlərinə neçə-neçə futbolçunun adını qeyd etdilər. Bəs Çexiyada özünü ən yaxşı tərəfdən kimlər göstərdi? Avropa klubları kimlərin ovuna çıxacaqlar?

Publika.az Çexiyada keçirilən çempionatın tapıntısı olan, Avropa futbolunun gələcəyi hesab olunan bir neçə oyunçu barədə məlumatı təqdim edir:

Serjio Oliveyra - Portuqaliya yığmasının kapitanı. Son illəri icarə əsasında müxtəlif klublarda keçirən “Portu”nun yarımmüdafiəçisi Çexiyada fantastik oyun sərgilədi.

Yan Klement - Çexiya yığmasının yarımmüdafiəçisi. “Ştutqart”ın futbolçusu Serbiya ilə oyunda het-trik etməklə, ən yaxşı bombardir oldu.

Simon Tibblinq – İsveç millisinin üzvüdür. “Qroningen”in yarımmüdafiəçisinin qrup mərhələsində keçirilən Portuqaliya ilə oyunun 89-cu dəqiqəsində vurduğu qol İsveçi yarımfinala daşıdı. Orda isə Simon yenə də fərqləndi.

Ondrjey Petrak - Çexiya. Statistikaya əsasən, “Nürnberq”in yarımmüdafiəçisi ən çox ötürmə verən futbolçudur. Baxmayaraq ki, onun komandası turnirdə cəmisi 3 oyun keçirib.

Amin Yunes – Almaniya millisinin üzvüdür. Münhenqladbax “Borussiya”sının yarımmüdafiəçisi cəmisi 168 sm boya sahibdir. Buna baxmayaraq, Amin Almaniya yığmasının yarımmüdafiəçiləri arasında ən yaxşı oldu.

Bernardu Silva – Portuqaliya millisinin üzvüdür. “Monako”nun pleymeykeri xüsusən də Almaniya ilə keçirilən yarımfinal oyununda (5:0) özünü yaxşı tərəfdən göstərdi. Çexiyada keçirdiyi 5 oyunda onun ötürmələrinin 90,1 faizi dəqiq oldu. Fantastik göstəricidir.

Natan Redmon - İngiltərə millisinin üzvüdür. “Norviç”in futbolçusu turnirin rəmzi yığmasında yer aldı.

İsaak Telin – İsveç millisinin üzvüdür. “Bordo”nun hücumçusu İsveçin çempionluğunda böyük pay sahibi oldu.

Oskar Levitski – İsveç millisinin üzvüdür. “Malmö”nün yarımmüdafiəçisi rəqib hücumlarının qarşısını məharətlə alırdı. Xüsusən də Portuqaliya ilə keçirilən hər iki oyunda bu amil diqqəti daha çox cəlb etdi.

Pavel Kaderjabek – Çexiya millisinin üzvüdür. Sağ cinah müdafiəçisi turnirdə qol da vurdu. O, Avropa çempionatından əvvəl “Sparta”dan “Hoffenhaym”a keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm