• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Bakutel 2016” sərgisi açıldı - FOTO

  • İKT
  • 29 Noyabr 2016 11:32
  • 162 Baxış
“Bakutel 2016” sərgisi açıldı - FOTO

Bu gündən “Bakı Ekspo Mərkəzində” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları – “Bakutel 2016” Sərgi-Konfransı öz qapılarını ziyarətçilərin üzünə açıb.

Publika.az xəbər verir ki, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Türkiyənin nəqliyyat naziri Ahmet Aslan və bir sıra xarici ölkələrin rəsmiləri ilə birlikdə stendlərlə tanış olub.

Yerli və xarici şirkətlərin təmsilçiləri onlara məhsullar barədə məlumat verib.

Regionun ən böyük sahəvi tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya sahəsinin aparıcı iştirakçılarını bir araya toplayır.

İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib. Uzun illər ərzində “Bakutel” sərgisi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstəyi ilə keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” “CEO” şirkətləri çıxış edirlər.

Builki sərgidə Azərbaycan, ABŞ, Almaniya, Türkiyə və digər ölkələri təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçıların 40%-i “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır. Ənənəvi olaraq, sərgidə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur.

Sərgi çərçivəsində “Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, “Muzeylərin rəqəmsallaşdırlması” layihələrinin təqdimatı baş tutacaq. Eyni zamanda, sərgi çoxsaylı konfrans və forumlarla müşayiət olunacaq.

Qeyd edək ki, Bakı şəhərində 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları “Bakutel 2016” sərgi və konfransı bu gündən dekabrın 2-dək fəaliyyətini davam etdirəcək.

Həmçinin işgüzar görüş və danışıqlarla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçılarını informasiya texnologiyalarının istifadə olunduğu sürpriz, müsabiqə və viktorinalarla da gözləyir.

Bundan başqa, Azərbaycanda ilk dəfə məhz bu sərgi çərçivəsində ziyarətçilər mini-robotları idarə etməklə, əsl robot döyüşündə iştirak etmək, “ağıllı” robot ilə danışmaq imkanı əldə edəcək.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR