Azərbaycandan 100 faizlik nəticə
Bizi izləyin

İKT

Azərbaycandan 100 faizlik nəticə

Azərbaycan 100 faiz nəticə göstərib.

“Açıq verilənlər barometri” üzrə ölkəmiz 2015-ci ildə 20 pillə irəliləyib və 78-ci mövqedə qərarlaşıb”.

Publika.az xəbər verir ki, bu sözləri Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə “Açıq hökumət məlumatları” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, xüsusən statistik məlumatların açıqlığı istiqamətində Azərbaycan 100 faiz nəticə göstərib: “Dövlət Statistika Komitəsinin statistik məlumatları yaymasında internetdən istifadə baxımdan çox inkişaf edib. BMT-nin 2015-ci il hesabatında elektron inkişaf indeksi üzrə Azərbaycan 33 pillə irəliləyib. Elektron məlumatların açıqlığı deyəndə bir neçə məqam əsas götürülməlidir. Birinci yerdə məlumatların tamlığı, ikinci məqam ilkin mənbədən alınması, üçüncü aktuallığı, dördüncü müraciət imkanı, beşinci əsas məqamlardan biri insan iştirakı olmadan oxuna bilməsi, altıncı prinsip sərbəstlik, yeddinci qeyri-müstəsnalıq, səkkizinci sərbəst lisenziyadır. Bizim açıq hökumət məlumatları mərkəzi də məhz bu prinsipləri əsas götürüb”.

E.Vəlizadə bildirib ki, 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən yaradılan www.data.gov.az portalı dövlət orqanlarının məlumat toplusu və əlavə vasitələrdən giriş əldə etmək üçün informasiyaları özündə əks etdirir. Nazir müavini bildirib ki, bu imkanlar ölkənin beynəlxalq imicinə də müsbət təsir göstərəcək: “Bu vaxta qədər 8 dövlət qurumu - Ədliyyə, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm, Səhiyyə Nazirlikləri, “Azərsu” ASC və Dövlət Gömrük Komitəsi bizi dəstəkləyir. Güman edirik ki, bu, digər dövlət qurumları üçün də örnək olacaq. Bu sahədə görüləcək işlər çoxdur. İlkin mərhələdə hökumət məlumatların açıqlanması, dövlət qurumları məlumatların bölüşdürülməsinə maraq göstərməlidir. Beynəlxalq təcrübə göstərir ki, bu sahəyə diqqət göstərilməsi son dərəcə vacibdir”.

Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov bu vaxta qədər data.gov.az portalına qoşulan dövlət qurumları haqqında danışıb və beynəlxalq təcrübəyə də toxunub: “Portalda Mədəniyyət və Turizm Nazirliyinin 8, Səhiyyə Nazirliyinin 4, Ədliyyə Nazirliyinin1, “Azərsu” ASC-nn 1, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7, Dövlət Gömrük Komitəsinin 4 istiqamətdə məlumatları bu portala yerləşdirilib. Bu portal nömrə daşınma, bank məzənnələri, poçt şöbələrinin ünvanları və s. məlumatları bir yerdə toplayıb. Eyni zamanda portal açıq dövlət məlumatlarına rahat giriş imkanı, əlavə dəyərin yaradılması, innovativ ideyaların stimullaşdırılması, hökumət işinin şəffaflığı və dövlət orqanlarının fəaliyyətinin effektivliyinin artırılması məqsədi daşıyır. Lakin buna baxmayaraq, bu gün bütün dövlət qurumlarının məlumatları portalda yerləşdirilməyib. Böyük Britaniyada 23 mindən artıq açıq məlumat portalda yerləşdirilib. Avropa Birliyində 9 mindən artıq açıq məlumat portala inteqrasiya edilib. Bura tender izləmə, dərmanların axtarışı və s. məlumat var. Qazaxıstanda 2200-dən artıq açıq məlumat portala yerləşdirilib”.

E.Əsədov açıq məlumat portalının həm də gəlirli bir sahə olduğunu deyib: “Dünya açıq məlumat mərkəzində bir ildə 5.5 trilyon dollar gəlir əldə edilib. Bu hətta şübhələrə səbəb olmuşdu. Lakin Böyük Britaniya 6.8 milyard avro gəlir əldə etdiyini açıqlayandan sonra şübhələrə son qoyuldu. Açıq hökumət məlumat mərkəzinin əsas məqsədi dövlət məlumatların açıq olması, start-upların stimullaşdırılmasıdır. Hədəfimizin məqsədi dövlət xərclərinin azaldılması, iqtisadi inkişafa nail olmaq, elektron xidmətlərin sayının artmasıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm