Aynur Camalqızı: “İnsanlar var ki, səhər yuxudan oyanan kimi Publika.az-ı axtarır”
Bizi izləyin

İKT

Aynur Camalqızı: “İnsanlar var ki, səhər yuxudan oyanan kimi Publika.az-ı axtarır”

Düşünürəm ki, bu 5 ildə uğur qazanmışıq.

Bu gün Publika.az saytının 5 yaşı tamam olur. Sayt 2012-ci ilin 1 martında fəaliyyətə başlayıb. Saytda xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr həmçinin, oxucunu maraqlandıran layihələr yer alır.

Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək və oxucunu məlumatlandırmaqdır.

Modern.az saytı Publika.az-ın daxil olduğu “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızının təəssüratlarını öyrənib:

- Aynur xanım, Publika.az saytının 5 yaşı tamam olur. Öncə sizi və kollektivinizi təbrik edirik. 5 yaşlı saytın rəhbəri olaraq, ötən 5 il ərzində publikaya nə dərəcədə xidmət edə bilmisiniz?

- Jurnalistikaya, xəbər mühitinə, informasiya texnologiyalarına az-çox bələd olanlar bilir ki, bu sahədə gərginlik çox olur. Amma bütün bunlara baxmayaraq, həyatımızın mənasına çevrildiyi üçün işimizi sevirik. Sevinirəm ki, ürəyimcə olan və bacardığım işlə məşğulam. Jurnalistika çox maraqlı sahədir. Yanılmıramsa, belə bir ifadə var: “Dünyada ən maraqlı üç peşə sahəsi var - şou-biznes, siyasət və jurnalistika”.

Nə yaxşı ki, biz də ən maraqlı sahələrdən biri ilə məşğuluq. Düşünürəm ki, bu 5 ildə kifayət qədər uğur qazanmışıq. Öz auditoriyamızı formalaşdıra bilmişik. İnsanlar var ki, səhər yuxudan oyanan kimi Publika.az-ı axtarır. Buna illərdi vərdiş ediblər. Bu, hər kollektivə nəsib olmayan çox böyük uğurdur. 5 il öncə Azərbaycanın xəbər məkanına hansı vədlərlə gəlmişdiksə, hamısını doğrulda bilmişik. Azərbaycanın sayılıb-seçilən media orqanlarının sırasına daxil olmağı bacarmışıq. Bilirsiniz ki, mediada uğur qazanmaq üçün təkcə maliyyə kifayət etmir. Bunun üçün həm də çox böyük əzm, iradə, dözüm tələb olunur. Sadaladığım xüsusiyyətlər bizdə var. Buna görə də Publika.az kollektivi bir çox media orqanlarının 15-20 ilə getdiyi yolu az müddətə qət edə bildi.

- Xanım olaraq, böyük kollektivə rəhbərlik etməyin öhdəsindən gəlməkdə çətinlikləriniz olurmu? Bir tərəfdə böyük kollektiv, digər tərəfdə ailə və uşaqlar.

- Bayaq vurğuladım, nə qədər sevdiyimiz iş olsa da, bir o qədər gərgin və stresslidir. Kollektivdə çalışan insanlar, onların şəxsi problemləri, gündəlik qayğıları, məişət çətinlikləri gördüyümüz işlərlə bərabər, çiynimizdədir. Təbii ki, bunun məsuliyyətini hiss edirəm. Düşünürəm ki, menecerlik, rəhbərlik məsələsində qadın-kişi söhbətini aparmaq həm düzgündür, həm də yox. Düzgün tərəfini izah edim: qadınlar menecerliyi daha yaxşı bacarırlar. Çünki kişilərə nisbətən məişət problemlərini, çətinlikləri daha dərindən bilirlər. Kollektivimdə çalışan işçilərdən hansısa problemilə bağlı mənə müraciət edəndə, elə bilirəm ki, mənim çətinliyimdi. Çünki o problemin niyə yarandığını və nə qədər dərin olduğunu, insanı necə narahat etdiyini çox yaxşı bilirəm. Təbii ki, işin bu tərəfi çətindir. Amma şükürlər olsun ki, bu 5 ildə yorulmadıq və yaranan bütün problemləri zamanla çözməyi bacardıq.

- 2015-ci ildə ölkədə manatın devalvasiyaya uğraması bütün sahələrdə hiss olunmağa başladı. Belə deyək, iqtisadi və maliyyə problemlərimiz yarandı. Bu problem mediadan da bu yan keçmədi. Bilmək olarmı, bu ərəfədə böyük bir kollektivin rəhbəri olaraq, hansı çətinliklər yaşadınız?

- Düzdür, son illər maliyyə gəlirləri nəzərəçarpacaq dərəcədə azalıb. Bu problem bütün sahələr kimi, mediaya da ciddi təsir edib. Hər birimiz bunu öz həyatımızda, məişətimizdə dərindən hiss edirik. Ancaq bir məsələyə görə çox sevinirəm. Həmkarlarım, mənimlə birgə çalışan jurnalistlər, dostlarım fədakardırlar. Gəlirlərimizın aşağı düşməsinə baxmayaraq, hər biri fədakarcasına çalışır və birincilik uğrunda mübarizələrindən vaz keçmirlər. Buna görə də onların hər birinə təşəkkür edirəm. Həmçinin, hər bir çətinliyin yaxşı sonluqla bitəcəyinə hər zaman inanmışam. İndi də bu çətinliklərin, problemlərin müvəqqəti olduğunu düşünürəm. İnanıram ki, bunun da öhdəsindən tezliklə gələcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm