Elektron KİV-lərlə bağlı qanunda YENİLİK
Bizi izləyin

İKT

Elektron KİV-lərlə bağlı qanunda YENİLİK

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirə edilir.

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirə edilir.

Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanunun layihəsi müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, qanuna edilən əlavə və dəyişikliklər haqqında İnsan Hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verib.

Vitse-spiker deyib ki, bu qanuna dəyişiklik və əlavələr Azərbaycan prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub: “Biz komitədə bunu müzakirə etdik, faydalı çıxışlar oldu”.

Qeyd edək ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” sənədə edilən dəyişiklik internet informasiya ehtiyatlarında təhlükəsizliyin təmin edilməsi məqsədi ilə aparılıb. Bunun üçün qanuna yeni fəsil, yeni maddələr əlavə olunub, xeyli dəyişikliklər edilib. İnternet informasiya ehtiyatlarının yaradılması, uçotu, yayılması, bəzi informasiyaların yayılmasının qarşısının alınması və buradan irəli gələn digər münasibətlər tənzimlənir.

“Telekommunikasiya haqqında” qanunda edilən dəyişikliklər də telekommunikasiya resurslarının kibertəhlükəsizliyini təmin etmək, baş vermiş kiberhücumların mənbələrini müəyyən etmək, istifadəçilərə qarşı yönəlmiş elektron təhlükələrin, gələcəkdə baş verəcək kiberhücumların qarşısını almaq üçün ölkədə internet xidməti göstərən operatorların və pravayderlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləmək üçün irəli sürülür.

Deputat Siuyavuş Novruzov deyib ki, Azərbaycanda internet azaddır:

“Amma baxırsan ki, kimsə internetdə kimsə foto qoyur və başqasını təhqir edir. Ancaq həmin adamın kimliyi bəlli olmur. Və ya xaricdə portal yaradırlar, Azərbaycanın əsgəri və təhlükəsizliyi ilə bağlı yazı atırlar ortaya. Bizim portallarda bunu dərhal götürür. Sonra həmin portal bunu silir və iş qalır bizimkilərin üzərində. Araşdıranda da bəlli olur ki, buradan hansısa adla gedən şəxs bunu edib”.

Millət vəkili Əflatun Amaşov isə deyib ki, ölkə daxilində və xaricdə bir sıra şəxlər bu dəyişikliyi məhdudlaşdırıcı hal kimi təqdim etməkdə maraqlıdır:

"Ancaq bu belə deyil. Bu sahə yenidir, dinamikdir. Unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq. Odur ki, internet məkanı da qanunla tənzimlənməlidir. Kimlərsə cəmiyəti çaşdırmamalıdır. Obyektiv yanaşma olmalıdır. Dəyişikliklər jurnalistika peşəsinin məsuliyyətini çəkənlər üçün faydalıdır”.

İclasda Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edib.

Nazir müavini E.Vəlizadə bildirib ki, son dövrlərdə vikipediyaya mötəbər mənbə kimi istinad edilməsi ləğv edilib.

Onun sözlərinə görə, vikipediyada o qədər təhriflərə yol verilir ki, bunların düzgünlüyünü sübut etmək çətinləşir:

“Vikipediya istifadəçi tərəfindən yaradılan mənbələrdir və onlar həmin mənbənin özünün qaydaları ilə tənzimlənir. Yəni hər hansı bir milli səviyyədə qanun qəbul edilməsi ilə o məlumatların tənzimlənməsi bir o qədər də real görünmür. Vikipediyada Azərbaycan haqqında doğru məlumatların sayını çoxaltmalıyıq ki, axtarış zamanı Azərbaycanın həqiqətlərinə uyğun məlumatlar çıxsın. Eyni zamanda həqiqətə uyğun olmayan məlumatlara qarşı mübarizəmizi aparmalıyıq. Onların təhrif olunmasının qarşısını almalıyıq”.

Daha sonra “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanunun layihəsi qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm