İctimai vay-fay, “evədək optik internet" - Hamını sevindirəcək YENİLİK GƏLİR - - FOTOLAR
Bizi izləyin

İKT

İctimai vay-fay, “evədək optik internet" - Hamını sevindirəcək YENİLİK GƏLİR - - FOTOLAR

Sürətli internet, hər yerdə vay-fay, “evədək optik internet”...

Sürətli internet, hər yerdə vay-fay, “evədək optik internet”...

Bu birləşmələr qulağa xeyli xoş gəlir. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) bu ifadələrin sadəcə sözdə yox, əməldə də olacağını göstərmək üçün jurnalistləri press-tura dəvət etdi. Biz də gedib ötən il ərzində BTRİB-in bu sahədə gördüyü və görəcəyi işlərlə tanış olduq.

Çağrı Mərkəzi

Tanışlığa ilk olaraq Çağrı Mərkəzindən başladıq. Öyrəndik ki, ötən ilin iyul ayından istifadəyə verilən mərkəzdə proqram təminatı daim yenilənir, sual-cavab bazasının idarə olunması, dəyərləndirmə sistemi və göstərilən xidmətlərin icra müddəti nəzarətdə saxlanılır. Bakı ərazisindəki abunəçilərə vahid mərkəzdən bütün xidmətlərlə bağlı məlumat almaq imkanı verən Çağrı Mərkəzi ilə əlaqə yaratmaq üçün istifadəçilərin 155 qısa nömrəsini yığması kifayətdir. Gün ərzində 1500-dən yuxarı sorğu qəbul edən mərkəzdə müraciətlər operativ emal olunaraq birbaşa müvafiq struktur bölmələrinə yönləndirilir.

Eyni zamanda, “www.baktelecom.az” saytında “Mənə zəng et” funksiyası vasitəsi ilə abunəçilər Çağrı Mərkəzi ilə əlaqə saxlamaq üçün uyğun vaxt seçə və Mərkəz operatorunun onunla əlaqə saxlamasını təmin edə bilərlər.

“Onlayn çat” bölməsində isə hər hansı səbəbdən telekommunikasiya qovşaqlarına gələ bilməyən abunəçinin müraciəti müştəri xidmətləri operatoru tərəfindən cavablandırılır.

Əvvəllər abunəçilər internet təchizatı, telefon xidmətləri üçün fərqli nömrələrlə əlaqə saxlamalı idi. Bu isə xidmətlər arasında koordinasiyada, xidmət keyfiyyətinin müəyyən olunmasında, müştəri məmnunluğu üçün lazımi işlərin aparılmasında çətinliklər yaradırdı. 155 Çağrı Mərkəzi isə həm də həmin çətinlikləri aradan qaldırmaq üçündür.

Şəbəkə Əməliyyat Sistemi - NOC

Şəbəkə Əməliyyat Sistemi haqqında məlumat verən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəsmisi Nuranə Əliyeva istismarda olan bütün şəbəkə elementlərinin kompleks şəkildə, vahid mərkəzdən idarə olunması prosesinin həyata keçirildiyini dedi.

“Buradakı nəzarət mexanizmi yaranan problemlərə anında reaksiya verilməsi üçündür. Sistem vasitəsi ilə İP, səs, transmissiya şəbəkələrinə və internet trafikə nəzarət etmək mümkündür. Şəbəkənin idarə edilməsi funksiyasını avtomatlaşdıran bu sistem onun sabitliyini də təmin edir”.

Şəbəkə Əməliyyat Mərkəzi ilə Çağrı Mərkəzi interaktiv şəkildə paralel fəaliyyət göstərir. Gün ərzində nasazlıq qeydə alınan şəbəkədə hər hansı problem abunəçidən öncə mərkəzin əməkdaşlarına məlum olur. Bu məlumat mühəndislərlə yanaşı, həmin an Çağrı Mərkəzinə də ötürülür. Şəbəkə Əməliyyat Mərkəzinə isə gün ərzində 50-dən çox müxtəlif müraciət daxil olur.

Kabel-kanal infrastrukturu

Tez-tez internet sürətinin aşağı olması və kəsintilərlə bağlı bir çoxumuz problemlər yaşamışıq, bəziləri yaşamaqda davam edir. N.Əliyeva bildirdi ki, bunun əsas səbəbi sistemin uzun illər normativə uyğun düzgün istismar edilməməsi, kabel-kanal sistemində kabellərin səliqəsiz və sıx yerləşdirilməsi, montajın normativlərə cavab verməməsi bu resursun texniki istismarını mümkünsüz etmişdi.

“Kabel-kanalların bu cür istismarı zədəli kabellərin demontajı zamanı digərlərinin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini qeyri-mümkün edir.

Həmçinin, dəyişkən hava şəraiti hava rabitə xətlərinin qırılması və sıradan çıxması kimi halların baş verməsinə səbəb olur ki, bu da rabitə xidmətlərinin təminatında fasilələrin yaranmasına və ya xidmətin dayanmasına gətirib çıxarır”.

Abonentlərin məhz bu problemlərin aradan qaldırılması məqsədi ilə Bakı şəhəri üzrə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır. İşlərə ötən ilin əvvəlindən başlanılıb. Artıq 10 000-ə yaxın quyu texniki normalara uyğun vəziyyətə gətirilib.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin xidmət ərazisində 20 788 ədəd kabel-kanal quyusu var.

“Evədək optik internet”

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi paytaxt əhalisinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan “Evədək internet” (Fiber to the home - FTTH) layihəsinin icrasını da davam etdirir.

İstifadəçinin yüksəksürətli multimedia xidmətləri ilə təminatı GPON (Giqabit Passive Optical Network) avadanlıqları vasitəsi ilə həyata keçirilir. Bu avadanlıqlar mövcud şəbəkə infrastrukturunun keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Nəticədə, eyni infrastruktur üzərindən əhaliyə telefon rabitəsi, internet və yüksək keyfiyyətli rəqəmsal televiziya xidmətlərinin göstərilməsi mümkün olur. Eyni zamanda öyrəndik ki, GPON məlumat ötürmə sürətini 100 dəfəyədək artırma gücünə malikdir.

Bu zaman bu tip xidmətlər daha keyfiyyətlidir və əhaliyə sərfəli paketlər şəklində təklif olunur. Eyni zamanda, GPON avadanlıqları daha portativ olmaqla az yer tutur və enerji sərfiyyatını da minimuma endirir. Layihə gələcəkdə istismara verilmiş bütün yaşayış binalarını əhatə edəcək.

“İctimai Wi-Fi”

Nəhayət, BTRİB-nin əhalini ən çox maraqlandıran işi ilə tanış olmağın vaxtıdır. N.Əliyeva əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai Wi-Fi” layihəsi çərçivəsində işlərin artıq yekunlaşdırıldığını bildirdi.

“Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı əraziləri üzrə ictimai internetdən istifadəni təmin edən avadanlıqlar (Access Point) quraşdırılıb. Layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri və risklər nəzərə alınaraq proqram təminatı və şəbəkənin test mərhələsinə start verilib. Layihənin həyata keçirilməsində əsas məqsəd paytaxt sakinlərini və şəhərimizin qonaqlarını simsiz və yayılan texnologiya vasitəsilə pulsuz internetlə təmin etməkdir. İlkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib”.

N.Əliyeva "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində də işlərin yekunlaşdırıldığını bildirdi. Onun sözlərinə görə, layihənin növbəti mərhələsi kimi, Heydər Əliyev Mərkəzinin ətraf ərazilərində də işlər həyata keçiriləcək.

“Xüsusi yanaşma tələb edən memarlıq abidəsi ərazilərində işlər mütəxəssis nəzarəti altında dizayna xələl gətirməmək şərti ilə xüsusi həssaslıqla görülür.

Layihənin icrası zamanı dünya təcrübəsi nəzərə alınıb. Şəbəkənin səmərəli paylanmasını və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sürət həddi və saat limiti də beynəlxalq standartlara əsasən müəyyənləşdirilir”.

Təhlükəsizlik və şəbəkənin səmərəli paylanması üçün hazırda sürət həddi, saat limiti müəyyənləşdirilir. Xidmət yaxın zamanda istifadəyə veriləcək

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm