İnternet bizi necə parçalayır - Psixoloqlardan maraqlı bölgü
Bizi izləyin

İKT

İnternet bizi necə parçalayır - Psixoloqlardan maraqlı bölgü

Psixoloqlar internet istifadəçilərini yaş və maraq dairələrinə uyğun olaraq qruplaşdırıblar.

Psixoloqlar internet istifadəçilərini yaş və maraq dairələrinə uyğun olaraq qruplaşdırıblar.

Publika.az xəbər verir ki, ən çox yayılmış “Maraqlananlar” qrupundan olan yeniyetmələr internetdə əsasən xəbərlər, musiqilər, videolar və ensiklopedik məlumatlar axtarırlar. Bu qrup istifadəçilər Yutub və Vikipedyanın daimi ziyarətçiləridirlər, demək olar ki, hər şeyə görə Gugulda axtarış edirlər. Onlar “Axtarış sistemi” epoxasının uşaqlarıdır və bu insanlar üçün məlumatı oxumaq və öyrənmək yerinə onu axtarmaq daha əlverişlidir. Nəticədə isə həddən artıq qısa informasiyadan beyin yüklənməsi baş verir. Amma yenə də maraq hər şeyi, xüsusən də ehtiyatlılığı və sağlam tənqidi üstələyir.

“Asilər” qrupundan olanlar interneti yalnız öz ehtiyaclarını sərbəst, valideyndən azad təmin etmək üçün istifadə edirlər. Bu üsyankar qrup açıq-açığına bildirir ki, böyüklərinin qadağa qoyduğu şiddət dolu saytları, pornoqrafik çarx və filmləri izləyir, digər internet istifadəçiləri arasında da təxribat yayırlar. İnternetdəki bu cür fəaliyyətlər yeniyetmələrə özlərini qarşılıqlı münasibətlərdə, tanımada, özünütəsdiqdə bir lider kimi hiss etməyə şərait yaradır, sərbətlik və toxunulmazlıq kimi aldadıcı əminlik yaradır, eləcə də onlar virtual və real həyat arasındakı fərq anlayışını dərk etmirlər. Odur ki, “Asilər” digər istifadəçilərlə müqayisədə özləri haqqında daha çox məlumat paylaşır və təhlükənin fərqində olmadan tez-tez virtual tanışları ilə real görüşlər təşkil edirlər.

“Oyunçular” vaxtlarının böyük hissəsini onlayn oyun növlərinə sərf etməklə keçirirlər. Yeri gəlmişkən Vkontakte və Odnoklassniki sosial şəbəkələrində belə oyunçuların sayı son vaxtlarda kəskin artıb. Bir tərəfdən baxanda virtual oyunlar diqqət, əzmkarlıq, ani reaksiya, strateji düşünmə qabiliyyəti, ünsiyyət bacarıqlarını formalaşdırır. Oyunçular hər dəyişdirdikləri oyunda öz personajlarını, xarakter parametrlərini, avadanlıq, silah, heyət seçərkən, virtual qəhrəmanı performans, nailiyyətlərinin təkmilləşdirilməsi istiqamətində “inkişaf” etdirərkən öz məntiq və kimliklərini təcrübədə təsdiqləyirlər. Birgə oyunlar həm öz yaşıdlarını, həm də tərəf müqabillərini tanımağa kömək edir. Amma digər tərəfdən də reallıqdan uzaqlaşan belə “Oyunçular”da psixoloji pozuntular yaranır, oyunlara həddən artıq bağlanırlar. Üstəlik orqanizmdə də bir sıra fəsadlar – yorğunluq, yuxusuzluq, diqqətsizlik, gözdə quruluq, görmə qabiliyyətində problemlər yaranır.

"Əyləncə adamları” və ya “Əhli-keflər” – bu qəbildən olan istifadəçilər internetdə özlərinə bənzər dost axtarır, müxtəlif virtual qruplar, bloqlar yaradır, sevgi etirafları, görüş təyinləri ilə baş qatırlar. Sosial şəbəkələrdə, çatlar və forumlarda, Skaypda fəal olurlar. Qızlar adətən mövcud dostluqlarını burda davam etdirir və ya virtual qrup şəklində toplaşırlar, oğlanlar isə yeni münasibətlər arayışında olurlar. Adətən adamları”nın sosial şəbəkələrdə mütləq ayrıca səhifələri olur, profillərini xüsusi düzəldilmiş şəkillərlə, qrafikalarla bəzəyirlər. Belə bloqqerlərdən çoxu nisbətən təcrübəli və ya maddi imkanı yaxşı olan qızlar olur. Öz təcrübələrini, geyim və səyahət görüntülərini paylaşırlar. Belə istifadəçilərin ən böyük problemi çarxların, fotoşəkillərin altına qoyduğu “like” və “smaylik”lərin altında nə gizləndiyini bilməməkdir. Axı mövcud rəfiqələrin çoxu öz həsədini açıq-aşkar bildirməz!.. Beləliklə də həmyaşıdlar və həmçinslərin həyat tərzi arasındakı dərin uçurumlar gəncləri çətin üstələnən psixoloji vəziyyətlərə salır. Psixoloqlar bildirirlər ki, bu, bəzi gənclərdə öz fərdiliyini dərk etmək, şəxsiyyətini formalaşdırmaqda çətinlik törədir. Gənclər başqalarının təsiri altında formalaşır – bəyəndiyi populyar bloqqerlərə bənzəməyə çalışırlar. Populyar bloqqerlər də psixi pozuntulardan yan keçə bilmirlər. Onlarda yaranan yüksək özünəəminlik real həyatda təsdiqlənmir. Bloqlarda milyonlarla izlənən, hər kəsin sevimlisi, tərz “mütəxəssis”i real həyatda özünü adi biri kimi görəndə gerçəklikdən qopur və ya şəxsiyyətin ikiləşməsi yaranır. Bu da gənclərdə həqiqi kimliyini tanımaqda, təsdiqləməkdə çətinlik yarada bilər. Digər tərəfdən belə populyar blogerlər tez-tez hədələrə, seksual təzyiqlərə məruz qalırlar, təsadüfi tanışlıqlar onlar üçün faciəvi bitə bilər.

“Tələbatçılar” qrupundan olan istifadəçilər daha çox real həyatda kimliyini təsdiqləmiş, öz yolunu tapmış insanlardır. Onlara internet yalnız köməkçi texniki ləvazimat kimi lazım olur. Özlərinə lazım olan film, musiqi, kitab və s. internetdən yükləyib faydalanırlar. Belələri informasiya axınında “boğulmur”, məntiqli seçim edir, başqalarının təsiri altına düşmürlər. Ümumiyyətlə bu cür istifadəçilər internet “narkomanlığ”ına mübtəla olmayanlardandır.

“Botaniklər” (“yaxşıoxuyanlar”) qrupuna təhsil müəssisələrində yaxşı oxuyan, həmyaşıdlarının asiliklərindən uzaq olan yeniyetmələr daxildir. Onlar üçün internet – informasiya və bilik mənbəyi, dərslərini yaxşı oxumaqda, məlumat bazalarını formalaşdırmaqda yardım edən bir qaynaqdır. Sosial şəbəkələr vasitəsilə onlar ev tapşırıqlarını, olimpiada hazırlıqlarını birgə edir, daha irəli yaşlarla referatlarını, imtahanlarını icra edirlər. Həmyaşıdları onları cansıxıcı hesab edir, həddən artıq düzgün, sözəbaxan olmalarında qınayırlar, çox vaxt isə ələ salırlar. “Botaniklər” internet tanışları ilə real həyatda nadir hallarda görüşərlər.

İnternet istifadəçiləri arasında ən az sayda olanları “İşgüzarlar”dır. Bu adamlar üçün internet pul qazanmaq, şəxsi biznesini formalaşdırmaq üçün bir virtual məkandır. Onlar oyunlar, saytlar yaradır, ora işçiləri cəlb edir, reklamdan gəlir götürürlər. Bu, ümumilikdə faydalı hesab olunsa da, psixoloqlar həyəcan təbilini burda da çalmaqdan qalmırlar. Çünki bu qrupdan olan gənclər internet vasitəsilə yaxşı gəlir əldə etdiklərinə görə ənənəvi dəyərlərdən uzaqlaşırlar. Düşünürlər ki, əgər bu yolla pul, nüfuz qazanmaq mümkündürsə, onda təhsil almaq, diplom uğrunda zəhmət çəkmək nəyə lazımdır?! Həm də internet vasitəsilə iş quran istifadəçilərin dələduzlarla qarşılaşmaq təhlükəsi daha çoxdur.

Müasir cəmiyyət üçün “Rəqəmsal nəsil” arasında qarşılıqlı təhdidlər və problemləri daha dəqiq şəkildə müəyyənləşdirmək vacibdir ki, həqiqətən də lazım olduğu yerdə müdaxilə olunsun. Yeniyetmə və gənclərə problemlərinin həllində kömək etmək, interneti yardımçı alət kimi yaxşı tərəfdən tanıtmaq, onları 18+ yasaqları və sosial şəbəkə qadağaları ilə bezdirməmək gərəkdir. Yeni dünyanın “Rəqəmsal nəsli” arasında əslində nə baş verdiyini çözmək yerinə onlara qarşı müharibə qaldırmaq lazım deyil. Ən vacib və çətin məsələ – gəncləri hədə və təhlükələrdən uzaq tutmaq, bununla yanaşı, dünyanı tanımaqda, öyrənməkdə, onların maraqlarına cavab verən məlumatların əldə olunmasında müasir texnikanın istifadəsinə kifayət qədər meydan yaratmaqdır.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm