Cəmil Quliyev: “Aylarla televiziyaya baxmayanlar onu tənqid edir” - MÜSAHİBƏ
Bizi izləyin

İKT

Cəmil Quliyev: “Aylarla televiziyaya baxmayanlar onu tənqid edir” - MÜSAHİBƏ

Gələcək planlar

Bu gün Milli Televiziya və Radio Şurasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçki keçirildi. Gizli səsvermənin nəticəsində Cəmil Quliyev yenidən bu vəzifəyə seçildi.

Tədbirdən sonra Publika.az-ın suallarını cavablandıran C.Quliyev 4 il üzrə fəaliyyətinin kiçik hesabatı, gələcək planları və televiziya olan tənqidlərdən danışdı.

- Cəmil müəllim, yenidən direktor seçilməyiniz münasibətilə sizi təbrik edirik. Namizədliyinizi irəli sürərkən bundan sonrakı fəaliyyətiniz barədə yəqin ki, planınızı hazırlamışdınız. Direktor kimi fəaliyyətinizin ikinci mərhələsində nələr dəyişəcək?

- Əvvəlcə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına mənə göstərdikləri etimada görə təşəkkürümü bildirirəm. Bu etimadı 4 il ərzində doğrultmağa çalışacam. İctimai teleradionun fəaliyyətinə gəldikdə, biz bu fəaliyyəti qanunvericiliyin tələbinə uyğun olaraq qurmuşuq. İctimai Televiziya və Radio Yayımı haqqında qanunda televiziyanın məqsədi, vəzifələri, funksiyaları və fəaliyyətini tənzimləyən bütün məsələlər əhatəli şəkildə əks olunub. İctimai televiziyanın baş direktoru olaraq bu qanunun aliliyini rəhbər tutaraq fəaliyyətimi bu qanun çərçivəsində həyata keçirəcəm. Bu qanun İctimai teleradionun fəaliyyətini çox əhatəli, rəngarəng şəkildə əks etdirir.

- 4 il əvvəl seçilərkən qarşınıza qoyduğunuz hansı məqsədlərə çata bildiniz? Televiziyada hansı dəyişikliklər etdiniz?

- Biz bu 4 il ərzində milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyət göstərdik. Bu dövrdə televiziyada Azərbaycan dili, tariximizlə bağlı silsilə filmlər, verilişlər hazırladıq. Azsaylı xalqların həyat və fəaliyyətindən 30-a yaxın film çəkdik. Habelə milli qəhrəmanlarımız və şəhidlərimizlə bağlı sənədli filmlər hazırlandı. İctimai televiziya Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə çox böyük diqqət göstərir. Görkəmli incəsənət xadimləri haqqında filmlər hazırladıq. Eyni zamanda elmin təbliği, əhalinin maarifləndirilməsinə də xüsusi diqqət göstərirdik. Bu istiqamətdə böyük layihələr həyata keçirdik. İctimai televiziya həm də Avropa Yayım Birliyinin üzvüdür. Beynəlxalq yarışların işıqlandırılması da bizim televiziyanın əsas prioritet məsələlərindəndir. Qış, yay olimpiya oyunları, Avropa və Dünya çempionatlarının yayımı da İctimai televiziyanın üzərindədir. Avroviziya müsabiqəsinin yayımında da bizim telekanalın təcrübəsi var. Bu istiqamətlərdə fəaliyyətimizi davam etdirəcəyik.

- Telekanalın fəaliyyətinə tənqidlər də var. Bugünkü iclasda da namizədlərdən tənqidi fikirlər səsləndirildi. Bu tənqidlərə münasibətiniz necədir? Tənqidlərdən nəticə çıxarılırmı?

- İctimai Televiziya və Radio Yayımı haqqında qanunda İctimai televiziyanın prinsipləri göstərilib. Həmin prinsiplərdən biri də prülarizm və dözümlülükdür. Ona görə də tənqidə normal münasibət bəsləyirik. Əgər tənqid obyektivdirsə, ondan nəticə çıxarmalıyıq ki, həmin tənqid bir də təkrar edilməsin. Bəzən tənqidlər qeyri-obyektiv olur. Məsələn, aylarla televiziyaya baxmayan biri keçmiş təəssüratları əsasında onu tənqid edir. Əlbəttə, bu qeyri-obyektiv olur. Televiziya canlı orqanizmdir, burada canlı insanlar çalışır. Televiziyada hər hansı insanın bir işi düzgün görməməsinə, kadrın səliqəsiz çəkilməsinə, rejissorun planı düzgün montaj etməməsinə, redaktorun bir ifadəni səhv yazmasına, səhv mənbələrə istinad edilməsinə tənqidlər doğrudur. Hər bir televiziya kimi İctimai Televiziya da daim öz üzərində işləməli, təkmilləşməlidir ki, belə tənqidlər olmasın.

- Siz baş direktor olaraq İctimai Televiziyaya baxanda hansı çatışmazlıqları görürsünüz?

- Hər bir televiziyada nöqsanlar var. Bu səhvlərin obyektiv və subyektiv səbəbləri olduğu da məlumdur. Qeyd etdiyim kimi televiziya canlı orqanizmdir, burada çalışanlar müxtəlif xarakter və psixologiyaya malik insanlardır. Hər bir verilişdə müəllif özü daxili mənəviyyatını gətirir. Bəzən verilişə baxanda müəyyən çatışmazlıqları, həmçinin yaxşı cəhətləri görürəm. Biz çalışmalıyıq ki, tamaşaçıların zövqünü korlamayaq, milli-mənəvi dəyərlərimizi təbliğ edək, onları daha da geniş şəkildə tamaşaçılara çatdıraq. Bu qanunda da göstərilib. İctimai Televiziya və Radio Şurası Yayımı haqqında qanunda bütün məsələlər aydın şəkildə əks olunub. Bizdən tələb olan həmin qanunda göstərilənləri professional şəkildə tamaşaçıya çatdırmaqdır.

Gülxar,

Foto: Nurlan Gülməmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm